“İMZA”da rəsmi üzvlük vəsiqələrinin təqdimetmə mərasimi keçirilib Hadisə

“İMZA”da rəsmi üzvlük vəsiqələrinin təqdimetmə mərasimi keçirilib

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin ofisində təşkilatın yeni üzvlərinə rəsmi üzvlük vəsiqələrinin təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Birliyə yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim edilib və onların gələcək fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb.

Vəsiqələri yeni üzvlərə Birliyin İdarə Heyətinin sədri Xəyyam Əsgərov təqdim edərək onları təbrik edib və “İMZA”nın ictimai fəaliyyətlərində, xüsusilə könüllülük təşəbbüslərində fəal iştirak etməyə çağırıb.

Tədbirdə çıxış edən təşkilat nümayəndələri vurğulayıblar ki, “İMZA” İctimai Birliyi ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanın inkişafı və beynəlxalq arenada tanıdılması istiqamətində həyata keçirilən siyasəti sosial platformalarda fəal şəkildə dəstəkləyir. Bu missiyaya qoşulan hər bir üzv təşkilatın fəaliyyətinə töhfə verməkdən qürur duyur.

Yeni üzvlər də çıxışlarında “İMZA”nın sosial şəbəkələrdə və ölkənin ictimai-sosial həyatında apardığı təşəbbüsləri yüksək qiymətləndirərək qarşıdakı layihə və tədbirlərdə fəal iştirak etməyə hazır olduqlarını bildiriblər.

“İMZA” İctimai Birliyi indiyədək bir çox mühüm layihələrə imza ataraq geniş ictimai rezonans doğurub. Ötən il Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş beynəlxalq konfrans, bu il keçirilən “Qərbi Azərbaycana Qayıdışın Tarixi, Mədəni və Hüquqi Əsasları” adlı beynəlxalq tədbir, eləcə də əvvəlki illərdə baş tutmuş Qarabağ İqtisadi Forumu və Xocalı soyqırımına həsr olunmuş toplantılar yerli və beynəlxalq media tərəfindən geniş işıqlandırılıb.

Bu il həmçinin “Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası: beynəlxalq hüquqi aspektlər” adlı elmi-praktik konfrans da “İMZA” İctimai Birliyinin iştirakı ilə həyata keçirilən əsas tədbirlərdən biri olub.