“Uşaq ürəyini xilas et” Hadisə

“Uşaq ürəyini xilas et”

Heydər Əliyev Fondu xeyriyyəçilik fəaliyyətini genişləndirir

Heydər Əliyev Fondunun ABŞ nümayəndəliyinin təsis etdiyi növbəti tərəfdaşlıq əsasında "Uşaq ürəyini xilas et" (Save a Child`s Heart) adlı xeyriyyə təşkilatı ilə birgə layihənin həyata keçirilməsinə başlanması ilə əlaqədar Vaşinqtonda "Beynəlxalq Bnay Brit" (B`nai B`rith International) təşkilatının ofisində xüsusi tədbir təşkil olunub.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, "Uşaq ürəyini xilas et" təşkilatının ABŞ nümayəndəliyinin icraçı direktoru Devid Lituak təşkilatın əsas mərkəzinin İsraildə yerləşdiyini göstərib və Heydər Əliyev Fondu ilə əməkdaşlıq sayəsində Azərbaycanın təşkilatın işləyəcəyi sayca 49-cu ölkə olacağını bildirib. O, 1995-ci ildə təsis edilən bu təşkilata könüllü dəstək verən həkimlər tərəfindən 2 mindən artıq uşağın həyatının xilas edildiyini bəyan edib və Heydər Əliyev Fondu ilə qurulan tərəfdaşlıq nəticəsində bundan sonra ağır ürək çatışmazlığı ilə doğulmuş Azərbaycanlı uşaqların təşkilatın İsraildə fəaliyyət göstərən Uolfson Tibbi Mərkəzində (Wolfson Medical Center) əməliyyatı üçün imkan yaranacağını deyib. D.Lituak digər tərəfdən bu layihə çərçivəsində Azərbaycanlı mütəxəssislər üçün təlimlərin keçiriləcəyini qeyd edib və ölkəmizdə müvafiq ixtisaslaşmış tibbi mərkəzin yaradılmasına dəstək verməyə hazır olduqlarını bəyan edib.
Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi Cəmilə Paşayeva-Seyidzadə, ilk əvvəl cari ildə 10 illiyini qeyd edəcək Fondun fəaliyyəti haqqında məlumat verib. O, "Uşaq ürəyini xilas et" təşkilatı ilə əməkdaşlığın təqdim etdiyi imkanları bir daha xatırladaraq, uşaqların sağlamlığı və rifahının sərhədlər tanımadığını və milli mənsubiyyətə görə fərqləndirilmədiyini qeyd edərək, bu mənada gerçəkləşdiriləcək layihənin uşaqların həyatının xilas edilməsi kimi ülvi bir məqsədə xidmət etdiyini vurğulayıb. C.Paşayeva-Seyidzadə, Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın özünün peşəcə bir həkim olaraq, səhiyyə layihələri və, o cümlədən, uşaqların müalicəsinə xüsusi qayğı göstərdiyini və bu fəaliyyətləri şəxsi diqqəti altında saxladığını bildirib.
Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Fəxrəddin İsmayılov ölkə rəhbərliyinin uzaqgörən siyasət nəticəsində Azərbaycanın humanitar yardım alan ölkədən fəal bir donor ölkəsinə çevrilməkdə olduğunu qeyd edib və bu gün Azərbaycan tərəfindən beynəlxalq aləmdə aparılan xeyriyyə fəaliyyətlərində Heydər Əliyev Fondunun çox mühüm pay sahibi olduğunu göstərib.
İsrailin ABŞ-dakı səfirliyinin müşavir-elçisi Eli Qroner, öz növbəsində, Heydər Əliyev Fondu və "Uşaq ürəyini xilas et" təşkilatı arasında qurulan əməkdaşlığa yüksək qiymət verib və bu əməkdaşlığı ölkələrimiz və xalqlarımız arasında mövcud dostluq münasibətlərinin növbəti bir nümayişi hesab edib.
Təqdimat mərasiminə yekun vuran "Uşaq ürəyini xilas et" təşkilatının ABŞ nümayəndəliyinin prezidenti Barri Perlis tədbir zamanı Heydər Əliyev Fondunun milli və beynəlxalq səviyyədə gördüyü işlər barədə aldığı məlumatlardan çox mütəəssir olduğunu açıqlayıb və Fondun əməkdaşlıq üçün "Uşaq ürəyini xilas et" təşkilatını seçərək, ona verdiyi dəstəyə görə dərin təşəkkürünü ifadə edib.
Mərasimdən bir neçə gün öncə isə Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi C.Paşayeva-Seyidzadə "Uşaq ürəyini xilas et" təşkilatının ABŞ İdarə Heyətinin rəhbəri xanım Fransis Kuk ilə görüşərək, təşkilatlar arasında əməkdaşlıq perspektivlərini müzakirə edib. Vaxtilə ABŞ-ın Yaxın Şərq ölkələrində ilk qadın səfiri olmuş F.Kuk Heydər Əliyev Fondu ilə qurulan tərəfdaşlıqdan böyük məmnunluğunu bildirib, Fondun fəaliyyəti haqqında hələ ötən il Fransanın Kan şəhərində keçirilən Azərbaycan mədəniyyət günlərinin şahidi olmaqla xəbər tutduğunu açıqlayıb və Heydər Əliyev Fondu ilə birgə layihənin uğurla həyata keçiriləcəyinə əminliyini qeyd edib.