“Vedililər erməni polkunu tamamilə darmadağın etdilər” Hadisə

“Vedililər erməni polkunu tamamilə darmadağın etdilər”

Abbasqulu bəy Şadlinskinin qəhrəmanlığı ilə bağlı tarixi faktlar


1828-ci il Türkmənçay müqaviləsindən sonra İrandan və Türkiyədən Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülüb, xüsusilə İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazisində məskunlaşdırılan ermənilər tədricən bölgədə mövqelərini möhkəmlədib, milli ayrı-seçkilik, separatçılıq fəaliyyəti ilə məşğul olurlar. Tarixi şəraitin doğurduğu ilk fürsətdə – 1905-ci ildə isə torpağında məskunlaşıb, çörəyindən yedikləri azərbaycanlılara qarşı soyqırımı həyata keçirirlər. Bu soyqırımı 1917-1921-ci illərdə özünün kulminasiya nöqtəsinə qalxır, bütün Cənubi Qafqazı, Şərqi Türkiyəni və Cənubi Azərbaycanı ağuşuna alır. Belə bir ağır vəziyyətdə yerlərdə əhali öz təhlükəsizliyini təmin etmək, özünümüdafiə dəstələri yaratmaq barədə düşünməli olur.
İrəvan quberniyasının İrəvan qəzasının Vedi nahiyəsinin rəisi, 32 yaşlı Abbasqulu bəy Şadlinski də elə həmin vaxtlar Böyük Vedinin və ətraf kəndlərin igidlərindən silahlı dəstə yaratmağa başlayır. Xalq arasında böyük nüfuz sahibi olan Abbasqulu bəy az vaxtda bu işin öhdəsindən uğurla gəlir və həmin dəstə tezliklə "Mübariz dəstə" adı ilə məşhurlaşır. Bu, həmin Abbasqulu bəydir ki, hələ sağlığında qəhrəmanlığına aşıqlar şeirlər qoşub, özünün və silahdaşlarının şəxsiyyəti və qəhrəmanlığı haqqında el arasında çoxlu rəvayətlər dolaşıb. Abbasqulu bəyin şəxsiyyət və qəhrəmanlığı da böyük bir ərazidə təsadüfən şöhrət tapmamışdı. Gerçəkdə kim idi Abbasqulu bəy Şadlinski və o, bu ümumxalq məhəbbətini necə qazanmışdı?! Bu suala obyektiv cavab vermək üçün Abbasqulu bəy Şadlinski tarixi kimliyinə qısaca nəzər yetirmək istərdik.
1918-ci ilin ilk ayında İrəvan vilayətində erməni daşnaklarının daha da fəallaşması Vedibasar mahalında da sabitliyi pozur. Silahlı daşnakların vilayətin müsəlman kəndlərinə basqınları artıq sistemli şəkil alır. Ermənilər kəndlərə qəfildən hücum edir, dinc əhaliyə vəhşicəsinə divan tutur, onları qılınçdan keçirir, var-dövlətlərini talayıb aparır, evlərinə, mülklərinə od vurub yandırırdılar. Faciənin miqyasını təsəvvür etmək üçün belə bir faktı xatırlatmaq yetərincədir ki, İrəvan hadisələri o vaxt Zaqafqaziya Seyminin 5 fevral, 7 fevral, 19 fevral və 20 fevral 1918-ci il tarixli iclaslarında müzakirə olunmuş və Seym vəziyyətlə yerindəcə tanış olmaq üçün İrəvana nümayəndə heyətləri göndərib.
Həmin dövrün əks-sədası olan hesabatlardan biri də A.Novatskinin rəhbərliyi ilə hadisə yerlərində olmuş Fövqəladə İstintaq Komissiyası tərəfindən hazırlanmış arayış-məlumatdır. Həmin arayışdan məlum olur ki, 1918-ci ilin martınadək İrəvan quberniyasının təkçə dörd – İrəvan, Sürməli, Eçmiədzin və Yeni Bayazid qəzalarında ermənilər 197 müsəlman kəndini dağıdıb, bu kəndlərdə yaşayan 135 min nəfərə qədər əhalinin əksəriyyətini qətlə yetirib, sağ qalanlar isə qaçıb ətraf bölgələrə – Azərbaycan, İran və Türkiyənin müsəlman kəndlərinə sığınıblar. Erməni fəlakəti bütün bölgəni bürümüşdü. Azərbaycan Demokratik Cümhuriyyəti yarandıqdan sonra da bu fəlakətin qarşısını almaq mümkün olmadı.
Bölgədə tarixi vəziyyət belə idi. Lakin belə bir tarixi vəziyyətdə bölgədə erməni faşizminin qarşısını kəsə bilən möhtəşəm bir qüvvə meydana atılmışdı – Abbasqulu bəy Şadlinskinin başçılığı ilə yaradılmış Milli Hökumət və özünümüdafiə ordusu. Xalq bu hərəkatı, onun ordusunu və bu ordunun komandanını yekdilliklə qəbul etmiş, bütün mahalın əli silah tutanları bu orduya yazılmış, könüllü olaraq Abbasqulu bəyin sərəncamına keçmişdilər. Artıq xalq arasında Abbasqulu bəy haqqında rəvayətlər dolaşmaqda idi, hamı onun gülləbatmaz olduğuna inanırdı. Hamı onun ədalətinə, qəhrəmanlığına güvənir və sığınırdı. Abbasqulu bəy bu inamı orduda yaratdığı hərbi intizam və qanun-qayda ilə də qazanmışdı. Bütün qərarlar kollegial surətdə qəbul olunar, qəbul olunmuş qərar hamı üçün qanun olardı. Bu qərarların icrasına o özü məsuliyyət daşıyardı, heç kəs qəbul olunmuş qərara qarşı çıxmağa, onun bir sözünü iki etməyə cəsarət etməzdi, cəsarət edənlər müharibə dövrünün qanunlarına uyğun olaraq dərhal və yerindəcə cəzalanardı.
Yeni yaradılmış qondarma Ararat daşnak hökumətinin mərkəzinin yerləşdiyi İrəvan şəhərindən cəmi 30-35 km-lik məsafədə yerləşməyinə baxmayaraq, ermənilər xeyli vaxt idi ki, Vedibasar mahalına soxulmağa cəsarət etmirdilər. Lakin Abbasqulu bəyin başçılıq etdiyi silahlı özünümüdafiə qüvvələrinin gündən-günə güclənməsi daşnak hökumətini artıq əməlli-başlı narahat etməyə başlamışdı.
Vedibasar ermənilər üçün bir də ona görə təhlükə mənbəyi idi ki, bu mahal mühüm strateji nöqtədə – İrəvanla Naxçıvan arasında yerləşirdi. Bu da ermənilərin Naxçıvanı Ermənistana birləşdirmək arzusuna ciddi maneçilik törədirdi. Halbuki daşnaklar belə hesab edirdilər ki, daşnak lideri H.Kaçaznuninin sözləri ilə desək, "tatar (yəni azəri – Ə.Ə.) Şərur-Naxçıvanından ayrılıqda Ermənistan dövləti mövcud ola bilməz".
Digər tərəfdən, Vedibasar mahalı həm də İrəvanla Dərələyəz-Zəngəzur mahalları arasında yerləşməklə hər iki istiqamətdə (İrəvan-Dərələyəz və İrəvan-Naxçıvan) cəmləşmiş daşnak qüvvələrinin həlledici məqamlarda bir-birlərinə yaxınlaşmasına, birləşməsinə imkan vermirdi. Bunu nəzərə alan ermənilər 1918-1920-ci illərdə Vedibasar üzərinə nə az-nə çox, düz beş dəfə hücuma keçir və hər dəfə də darmadağın edilirlər.
Türkiyədə məğlub olub, Araz çayını keçərək Naxçıvana soxulmuş "Van" və "Sasun" daşnak alayları Andronikin əmri ilə 1918-ci ilin dekabr – 1919-cu ilin yanvar aylarında Vedibasarın Şahablı, Qədirli, Qaraxaç və b. kəndlərinə basqın edib burada misli görünməmiş vəhşiliklər törədir, dinc əhalini ayrı-ayrı binalara yığıb diri-diri yandırırlar. Hadisə yerinə çatan vedibasarlılar – Abbasqulu bəyin və Kərbəlayı İsmayılın dəstələri erməniləri xeyli tələfata uğradaraq kəndlərdən vurub çıxarırlar.
Bu hadisələr zamanı Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri – Şahablı Aşıq Cəlil daşnaklar tərəfindən əsir alınır, ondan Andronikin şərəfinə oxuması tələb olunur. Aşıq Cəlil isə, əksinə, üzünü Böyük Vedi kəndi tərəfə tutub, ermənilərə dəfələrlə qan udduran Abbasqulu bəyin şərəfinə, onu imdada çağıran qoşma oxuyur:

Vedinin dağları batıbdır yasa,
Andranik istəyir Vedini basa.
Bir namə yazmışam o xan Abbasa,
Yazmışam durmasın haraya gəlsin,
Yağı salıb bizi araya gəlsin!
Çat haraya, bəyim, nicat günüdür,
Vedinin davası, qeyrət günüdür!

Bu şeirdən sonra ermənilər elə oradaсa aşığı yerə yıxıb, dilini dibindən qoparır, sonra da üstünə neft töküb, sazı ilə birgə gərmə qalağı içərisində diri-diri yandırırlar. Abbasqulu bəyin hərbi uğurları o vaxt Azərbaycan Demokratik Cümhuriyyətinin diqqət mərkəzində idi. 1919-cu ilin iyun-iyul aylarında daşnak hökumətinin polkovnik Aprosimovun başçılığı ilə Vedibasar mahalı üzərinə hücumu vedililər tərəfindən darmadağın ediləndə Azərbaycan Cümhuriyyətinin İrəvandakı nümayəndəsi Məhəmməd xan Təkinski buradan Bakıya - Azərbaycan hökumətinə məlumat verərək böyük qürurla yazmışdı: "Böyük vedililər erməni polkunu tamamilə darmadağın etdilər və polk, demək olar ki, bütün heyətini itirdi".
Bu məğlubiyyətdən sonra erməni hərbi komandanlığı Vedibasar üzərinə yeni hücum hazırlamaq və həyata keçirmək üçün Droya xüsusi tapşırıq və hər cür səlahiyyət verir. Dro yaxşı təlim görmüş və silahlanmış nizami qoşunla yanaşı, peşəkar daşnak mauzerçilərini də hücuma cəlb edir. O, tezliklə Vedibasar mahalına od vurub, Böyük Vedi kəndinin külünü göyə sovuracağı barədə daşnak hökumətinə söz verir. Azərbaycan hökuməti daşnakların Vedibasara bu hücumunun qarşısını almaq üçün çox çalışır. Ararat Respublikasına rəsmi nota verir. Lakin qarşı tərəf bu notanı rədd edir.
Abbasqulu bəy İrəvandakı ingilis missiyası tərəfindən aldadıdıb İrəvana aparılıb, burada həbs ediləndə də Bakıdan Məhəmməd xan Təkinskiyə teleqramlar vurulur ki, nə edirsən et, təcili olaraq Abbasqulu bəy azadlığa çıxsın. Hətta sovet hakimiyyətinin ilk ilində Naxçıvan erməni işğalı təhlükəsi altında qalanda da Nəriman Nərimanov Naxçıvanın o vaxtkı Hərbi İnqilab Komitəsinin sədri Bahadur Vəlibəyova teleqram vuraraq təkid edir ki, təcili Abbasqulu bəy Şadlinski Arazın o tayından (Abbasqulu bəy 1920-ci ilin iyulundan sonra Güney Azərbaycana mühacirət etmişdi) Naxçıvana dəvət edilsin və ona daşnaklara qarşı mübarizədə hər cür şərait yaradılsın.
Əslində tarixi şəxsiyyəti və erməni işğalçılarına qarşı apardığı milli azadlıq mübarizəsinin xarakteri baxımından da Abbasqulu bəy tam bir epos qəhrəmanıdır. Elin ən ağır günlərində at belinə qalxan Abbasqulu bəy qısa vaxtda böyük bir dəstə yaradır, təkcə Vedibasar mahalında yox, bütün İrəvan çuxurunda, Dərələyəzdə, Şərurda ad çıxarır, onun dəstəsinə yaxın-uzaq ellərdən igidlər axışıb gəlir, Abbasqulu bəy bütün döyüşlərdən qələbə ilə çıxır və s.
Elə buna görə də Abbasqulu bəy Şadlinski ilə bağlı uzun müddət araşdırma aparmış görkəmli tədqiqatçı Əli Şamil belə qərara gəlir ki, "Ya Abbasqulu bəy Şadlinski haqqında dastan qoşulub, ya da buna təşəbbüs göstərilib". Bu istiqamətdə axtarışlar aparan Əli müəllim Abbasqulu bəylə bağlı xeyli rəvayətlər, şeirlər və şeir parçaları ortaya çıxarır. Toplanmış bütün folklor mətnlərini təhlil edən Əli Şamil haqlı olaraq belə qənaətə gəlir ki, "Abbasqulu bəy Şadlinski haqqında dastan yaradılmasına təşəbbüs olub. Bunun üçün zəngin material olduğu kimi, münbit şərait də varmış. Sovet hakimiyyətinin gəlişi və yeritdiyi siyasət bu dastanın yaranmasını və formalaşamasını əngəlləyib".
Təbii ki, Əli müəllimlə razılaşmamaq mümkün deyil. Görünür, Abbasqulu bəylə bağlı yazılı və şifahi yaddaşlarda olan bütün mətnlər toplandıqdan sonra bəzi mətləblərə təzədən qayıtmaq mümkün və lazım olacaq. Görkəmli tədqiqatçı İsrafil Məmmədov da əsərlərində Abbasqulu bəy Şadlinskini "sağlığında dastanlaşıb ölməzliyə qovuşan xalq qəhrəmanı" kimi xarakterizə edib.
Mətnin, onun struktur elementlərinin çoxvariantlığı folklorun əsas xüsusiyyətlərindən sayıldığı kimi, Abbasqulu bəy Şadlinski ilə bağlı şeir və rəvayətlərdə də bu çoxvariantlılıq açıq-aydın müşahidə olunmaqdadır. Həm də ki, nəinki Abbasqulu bəylə bağlı şeir və rəvayətlərdə, hətta Abbasqulu bəyin özü ilə bağlı faktlarda da çoxvariantlılıq baş alıb gedir. Bu çoxvariantlılıq onun ölümü ilə bağlı da mövcud olub, mövcuddur və yəqin ki, sonsuza qədər də davam edəcək. Bunu müşahidə edən görkəmli yazıçı Fərman Kərimzadə özünün məşhur "Vedinin yanı dağlar" etnoqrafik əsərində yazırdı ki, "Abbasqulu bəyin kimin tərəfindən öldürülməyi Vedibasarda sonu görünməyən bir mübahisədir".
Abbasqulu bəy Şadlinskinin Azərbaycanın milli tarixinə yazdığı o şanlı səhifədən bir əsrə yaxın zaman keçməyinə baxmayaraq, onun və silahdaşlarının şəxsiyyət və mübarizəsi nəinki unudulmur, həm də xalq yaddaşında dolaşır, yaşayır…

Əziz Ələkbərli
araşdırmaçı