Bakıda İƏT-in Əmək Mərkəzi yaradılacaq Hadisə

Bakıda İƏT-in Əmək Mərkəzi yaradılacaq

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) əmək nazirlərinin Cakarta şəhərində (İndoneziya) keçirilən üçüncü konfransında Azərbaycan nümayəndə heyətinin üzvü, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclasında müzakirə olunan və razılıq əldə edilən məsələlərin yekunu barədə məruzə edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, F.Əlizadə İƏT-ə üzv ölkələrdə əmək bazarı, gənclərin məşğulluğu, əməyin təhlükəsizliyi və sağlamlığı vəziyyəti ilə bağlı təqdimatların edildiyini və bu istiqamətdə müzakirələrin aparıldığını bildirib. O qeyd edib ki, İƏT əmək nazirlərinin iki il bundan öncə Bakı şəhərində keçirilən ikinci konfransında qəbul edilən Əmək, Məşğulluq və Sosial Müdafiə sahəsində Əməkdaşlıq üzrə Çərçivə sənədinin icrası sahəsində həyata keçirilən fəaliyyət, o cümlədən SESRİC (İslam Ölkələrinin Statistika, İqtisadi və Sosial araşdırma və Təlim Mərkəzi) və İslam İnkişaf Bankı tərəfindən bu yöndə görülən işlər yüksək qiymətləndirilib. İƏT-in Əməyin təhlükəsizliyi və sağlamlığının qorunması üzrə şəbəkəsinin, habelə Məşğulluq Xidmətləri şəbəkəsinin fəaliyyəti təqdirəlayiq hesab olunub.
Fuad Əlizadə diqqətə çatdırıb ki, iclasda İƏT ölkələri arasında təlim və kadr potensialının gücləndirilməsi sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi, İslam İnkişaf Bankının üzv ölkələrdə gənclərin məşğulluğunun dəstəklənməsi üzrə proqramlarda iştirakı, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün milli normativlərin təkmilləşdirilməsində təcrübə mübadiləsinin zəruriliyi və s. məsələlər müzakirə olunub. Bununla yanaşı, Təşkilata üzv dövlətlərin Əmək, Məşğulluq və Sosial Müdafiə sahəsində Əməkdaşlıq üzrə Çərçivə sənədi ilə bağlı Fəaliyyət Planının həyata keçirilməsi üçün 2015-2017-ci illər üzrə Rəhbər Komitənin tərkibinin İndoneziya, Cibuti, Seneqal, Fələstin, Azərbaycan, Səudiyyə Ərəbistanı, Banqladeş, Burkina Faso və növbəti 4-cü konfransın keçiriləcəyi ölkədən ibarət olması qərara alınıb. F.Əlizadə toplantıda İƏT-in Bakı şəhərində Əmək Mərkəzinin yaradılması ilə bağlı təsis sənədlərinin də müzakirə olunduğunu və tam dəstəkləndiyini bildirib.
Xidmət rəisi 2016-cı ildə İndoneziyada İƏT-ə üzv ölkələrin nümayəndələrinin iştirakı ilə məşğulluq məsələləri ilə bağlı təlim seminarının keçirilməsi, əmək nazirlərinin növbəti 4-cü konfransının keçiriləcəyi vaxtın və yerin müəyyən olunması üçün İƏT Katibliyi tərəfindən müvafiq məsləhətləşmələrin aparılması və s. barədə qərarlar qəbul olunduğunu da qeyd edib.
Xatırladaq ki, İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin üçüncü konfransında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. S.Müslümov tədbirdə ölkəmizdə sosial-iqtisadi inkişaf şəraitində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq səviyyəsinin istiqamətlərində həyata keçirilən məqsədyönlü tədbirlər barədə ətraflı məlumat verib.