Əflatun Amaşov: "Sorğuya cavab verilməyəndə, jurnalistlər hansı addımı atmaq lazım olduğunu bilməlidirlər"
"Jurnalistlər informasiya əldə edərkən, onlara heç bir maneə olmamalıdır".
Bunu Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov İnzibati Xətalar Məcəllədə jurnalistlərin sorğusu ilə bağlı məsələni şərh edərkən deyib.
"Kütləvi informasiya vasitələri haqqında" qanunda jurnalist fəaliyyətinə maneə ilə bağlı xüsusi maddə var. O maddədə göstərilir ki, jurnalistlər senzuraya məruz qala bilməzlər və jurnalist fəaliyyətinə maneə oluna bilməz", - deyə o vurğulayıb.
Cinayət Məcəlləsində də bu məsələlərə rast gəldiyini deyən deyən Əflatun Amaşov qeyd edib ki, əgər jurnalistin peşə fəaliyyətini yerinə yetirməsinə maneələr olursa, maneə törədən tərəf cərimə oluna və inzibati cəzalara məruz qala bilər: "Əgər doğrudan da qarşı tərəf vəzifəli şəxsdirsə və jurnalistin peşə fəaliyyətinə maneçilik törədirsə, o, cərimə ilə yanaşı, 1 il azadlıqdan da məhrum oluna bilər. Cərimələrlə bağlı dediyiniz məsələyə gəlincə, o, bundan əvvəlki qanunvericilikdə var idi. Ancaq indi gördüyünüz kimi həmin cərimələrin həcmi artırıldı. Jurnalistin sorğularının hansı müddətdə cavablandırılması məsələsi isə "İnformasiya əldə etmək haqqında" qanunda da öz əksini tapıb. Əgər qanunvericilikdə göstərilən müddəalar pozularsa, qarşı tərəf cəzalana bilər. Sorğuya cavab verilməyəndə, jurnalistlər də fəal olmalı, hansı addımı atmaq lazım olduğunu bilməlidirlər. Bütün bunlar Azərbaycan qanunvericiliyində birmənalı qaydada öz əksini tapır".
Qeyd edək ki, Azərbaycanda yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 382-ci maddəsinə əsasən jurnalistlərin sorğularına cavab verməkdən imtina etməyə, cavabsız buraxmağa və jurnalistə informasiyanın verilməsinə məhdudiyyət qoymağa görə yeni cəzalar tətbiq olunacaq.
Maddədə göstərilir ki, qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə 200 manatdan 300 manata qədər cərimə tətbiq ediləcək. Həmçinin qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə isə 300 manatdan 500 manata qədər cərimə nəzərdə tutulur.