Qənirə Paşayevadan təklif Hadisə

Qənirə Paşayevadan təklif

"Şəfiqə Axundovanın ev muzeyi yaradılsın"


Millət vəkili Şərqdə opera yazmış ilk qadın bəstəkarımızın ev-muzeyinin yaradılması təşəbbüsünə təkan verib. Millət vəkili Qənirə Paşayeva xalq artisti Şəfiqə Axundovanın ev-muzeyinin yaradılması üçün Şəki rayon İcra Hakimiyyəti ilə mədəniyyət və turizm nazirindən dəstək gözlədiklərini deyib: "Böyük bəstəkarımız, xalq artisti, Şərqdə ilk opera yazan qadın olaraq tarixə düşən Şəfiqə Axundovanın bacısının müsahibəsini oxudum və onun səsləndirdiyi fikirlərə qoşularaq Şəki rayon icra hakimiyyətindən, icra başçısı Elxan müəllimdəm Şəfiqə xanımın son arzusunu həyata keçirmələrini xahiş edirəm və bununla bağlı rəsmi xahiş müraciətimizi də bu gün hazırladıq və yaxın günlərdə müvafiq qurumlar alacaqlar.
Şəfiqə xanımın ailəsi dədə-baba evini satmaq məcburiyyətində qalıblarmış, indi evi alan adam 10 min manata həmin evi satırmış. O evi mütləq alıb Şəfiqə xanımın ev muzeyini təşkil etmək çox gözəl addım olardı.
Eyni zamanda Şəkidə və paytaxt Bakıda onun adının küçə, mədəniyyət obyektinə verilməsi çox yaxşı olardı. Onun adını əbədiləşdirmək hər birimizin borcudur.
Doğulduğu Şəkidə isə onun adının əbədiləşdirilməsi bu qədim diyarımız üçün də fəxr olmalıdır. Şəkiyə gələn hər bir insan üçün, turist üçün Şərqdə ilk opera yazan qadının ev muzeyini ziyarət etmək çox maraqlı olacaq və bu Şəkinin adını daha da ucaldar.
Ümid edirəm ki, səsimizi və çağırışımızı Şəki Rayon İcra hakimiyyətinin başçısı Elxan müəllim, mədəniyyət və turizm nazirimiz Əbülfəz müəllim duyacaq və əsərləri, hər gün zövqlə dinlədiyimiz gözəl mahnıları ilə könlümüzdə taxt qurmuş əziz Şəfiqə xanımın adının əvədiləşməsi üçün addımlar atılacaq. Çətinliklərlə dolu bir ömür sürmüş Şəfiqə xanımın da ruhu şad olacaq".