Folklorumuzun fədakar toplayıcısı Hadisə

Folklorumuzun fədakar toplayıcısı

Keşməkeşli, ziddiyyətli dövr kimi tarixə dönmüş XX əsrin görkəmli ziyalılarından biri də Əbülqasım Nurməhəmməd oğlu Hüseynzadədir. Tanrının bir əsrə yaxın (1890-1988) cismani ömür bəxş etdiyi bu nurlu ziyalı özünün müdriklik yaşına uyğun da müqəddəs bir missiyanın daşıyıcısı oldu. Xalqımızın təfəkkür xəzinəsinin itib-məhv olmaması üçün min bir əzab-əziyyətə qatlaşdı. Onları yığdı, topladı və nəşrinə nail oldu. Xalq müdrikliyinin daşıyıcısı, təmsilçisi və bir nəsildən digər nəsilə - gələcəyə ötürülməsi Əbülqasım müəllimin tale yolu oldu. Atalar sözləri və məsəllərimizi, tapmaca, bayatı və rəvayətlərimizi özü kimi sinədəftərlərimizin sinəsindən - yaddaşından toplayıb yazıya aldı, tarixə çevrildi.
Professor Azad Nəbiyev "Azərbaycan xalq ədəbiyyatı" adlı dərsliyində onu bu sahəyə gətirib çıxaran anlara xatirə işığında aydınlıq gətirərək yazır: "Azərbaycan atalar sözü və məsəllərin toplayıcılarından biri olan Əbülqasım Hüseynzadə bu nümunələri toplamağa başladığı günləri xatırlayaraq yazırdı: "Mən beş-altı yaşımda balaca oğlan idim. Atam baqqal dükanında işləyirdi. Hər gün evə gələndə mənə rəngbərəng kağızlara bükülmüş konfetlər gətirərdi. Əvvəlcə höccələyə-höccələyə onların üstündəki sözləri mənə oxudardı: "Az aşım, ağrımaz başım" , "Qarın səndən aşağıdır", "İş adamın cövhəridir", "Kor kora kor deməsə, ürəyi partlar", "İşləməyən dişləməz" və s. Sonra mən kağızları açıb konfetləri yedikcə yazılı kağızları üst-üstə yığıb cumuxdanda gizlədərdim. Hərdən atam məni özü ilə baqqal dükanına aparanda xəlvətə salıb yol qırağına tökülmüş belə kağızları da yığıb evə gətirər və o birilərinin üstünə yığardım. Bu konfet kağızları sonralar mollaxanada oxuyarkən mənim ən çox sevdiyim kağızlar olub. Daha sonralar isə mənim atalar sözləri və məsəlləri toplamaq sahəsindəki başlanğıc işimə çevrildi".
Göründüyü kimi, uşaqlıqdan məşğul olduğu faydalı bir əyləncə sonradan onun tale yoluna çevrilmiş, ömrünün sonunadək bu maraqlı peşədən ayrılmamışdı. Hətta bu istiqamətdə heç bir nə ali, nə orta ixtisas təhsili almasa belə. Bəli, doğrudan da, filologiya elmləri doktoru Paşa Kərimovun yazdığı kimi, "İndi çoxları bilmir ki, Əbülqasım müəllim təhsilini mollaxanada, rus-tatar məktəbində və nəhayət, 1910-cu ildə birillik mühasibat kursunda alıb. Bu deyilənlərdən başqa, o heç bir yerdə oxumayıb, folklorçu, ədəbiyyatçı kimi xüsusi təhsil almayıb. Onun araya-ərsəyə gətirdiyi folklor materiallarının şifahi xalq ədəbiyyatımızı, etnoqrafiyamızı öyrənənlər üçün əvəzsiz mənbə edən məşğul olduğu sahəyə ömür boyu tam sədaqətini qoruyub saxlaması, gördüyü işi həmişə ürəkdən, canı-dildən görməsidir... Ə.Hüseynzadə ömrünün gənclərə örnək olacaq əsas cəhəti elə ondan ibarətdir ki, kim sevib-seçdiyi bir işə sonsuz həvəslə girişib sona qədər sədaqətlə onunla məşğul olacaqsa, mütləq bəhrəsini görəcək, əməyi xalq, ziyalılar tərəfindən yüksək dəyərləndiriləcək. Nağıllarda deyil, real həyatda uğurun, xoşbəxtliyin sirri bundadır".
Bax beləcə, özü xalqın bağrından qopduğu üçün də xalqımızın incilər xəzinəsinin mühafizəçisi oldu və ömrünü buna həsr etdi. 1926-cı ildə çapdan çıxan "Atalar sözləri" kitabının ardınca onun "Atalar sözü" (1938), "Din əleyhinə el sözləri" (1940), "El sözləri" (1944), "Ata sözü" (1949) kitabları da nəşr olundu. Habelə "Bayatılar", "Tapmacalar", "Rəvayətlər", "Hİkmətli sözlər", "Məzəli rəvayətlər" və başqa bu kimi müxtəlif xalq örnəklərini əhatə edən kitabları da işıq üzü görən Ə.Hüseynzadənin ümumilikdə Azərbaycan və rus dillərində 21 kitabı çap olunub.
Ancaq bunlardan başqa tədqiqatçının sağlığında nəşrini görmədiyi əlyazmaları da qalıb ki, onlar hazırda M.Füzuli adına Əlyazmalar İnstitutunun arxivində qorunub saxlanılır. Qeyd edək ki, 2014-cü ildə həmin institutun xətti ilə "Əbülqasım Hüseynzadə arxivinin təsviri" ("Elm və təhsil") adlı kitabça çapdan buraxılıb. Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Zahidə Hacıyevanın zəhmətinin məhsulu kimi araya gələn bu təsvir materiallarında onun şəxsi fondundakı 96 sənəd barədə məlumat əlifba sırası ilə əksini tapıb. Təsvirdə materialın adı, tarixi, dili, məzmunu, ölçüsü, həcmi və saxlama vahidləri göstərilməklə yanaşı, həmçinin burada vaxtilə tədqiqatçının adına daxil olmuş məktublar, teleqramlar, təsviri sənədlər, şəxsi kitabları barədə də açıqlayıcı informasiyalar verilib.
Bütün bunlar isə tədqiqatçının dəyərli irsinə dövlət qayğısı və dəstəyinin təzahürü kimi qiymətləndirilməlidir. Həmçinin də bu irsin bu gün də diqqətdən və tədqiqdən kənarda qalmadığı kimi düşünülməlidir. Elə bunun bir əyani nümunəsi də həmin əlyazma materialları əsasında elmi işçi Zahidə Hacıyevanın nəşrə hazırlayıb 2013-cü ildə və təkrar olaraq 2015-ci ildə çap etdirdiyi "Atalar sözləri və məsəllər" kitabıdır. Bu, həm də bir daha onu göstərir ki, mənəvi dəyərlər heç zaman ölmürlər və hər vaxt da öz aktuallıq dəyərini qoruyub saxlayırlar. Bu, həm də o deməkdir ki, ruhlar ölmürlər. Əbülqasım Hüseynzadənin işıq üzü görmüş "Atalar sözləri və məsəllər" ("Elm və təhsil") kitabı eyni zamanda sağlığında ömrünü xalqın mənəviyyat xəzinəsini unudulmağa qoymayan fədakar bir ziyalımızın yaşaması deməkdir. Xalqımızın mənəvi dünyasını yaşadan ziyalını da xalqımız bax beləcə qədirbilənliklə yaşadır, ölməyə qoymur.
Əbülqasım Hüseynzadə Azərbaycan folklorunun toplanması və nəşri sahəsindəki xidmətlərinə görə respublikanın "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
Abid Tahirlinin Əbülqasım Hüseynzadənin həyatı və fəaliyyətini əks etdirən "Deyilən söz yadigardır" (Bakı "Azərbaycan" nəşriyyatı, 2003) kitabından (kitabın redaktoru prof. Məhərrəm Qasımlıdır) bir fraqmentə nəzər salsaq, H.Z.Tağıyevin onun həyatında dönüş yaratdığını görərik: "Balaca Əbülqasımı mollaxanaya qoyanda o, çox sevinirdi. Nə oxuyacağı ilə bir o qədər maraqlanmayan Əbülqasım çalışmaq, yenə də çalışmaq arzusuyla alovlanırdı. Mollaxanaya getdiyi 4 il ərzində Quranı sərbəst oxuyur, mənbələrdən mütaliələr edirdi. Lakin mollaxana mühiti və tədris olunan fənlər Əbdülqasımı tədricən soyudurdu. O, mollaxanaya gedənlərlə rus-tatar məktəbində oxuyanlar arasında getdikcə daha çox fərq görürdü. Atası Nurməhəmməd Hüseynqulu oğlu Əbülqasımın mollaxanadan soyuduğunu duymuşdu. Rus-tatar məktəbi pullu olduğundan bu barədə söhbət salmırdı. Axı, o öz böyük külfətini güclə dolandırırdı.
... Kərbəlayi Nurməhəmməd açıq havada dəniz kənarında gəzməyi çox xoşlayırdı. Bu cür gəzintilərə o, adətən səhər obaşdan, yaxud axşamüstü çıxardı. Atasını çox vaxt Əbülqasım müşayiət edərdi. Bir dəfə yenə Əbülqasım atasının qolundan tutub İçərişəhərin dar, daş küçələri ilə dənizə tərəf addımlayırdı. Ensiz bir yerdə onlar çox varlı və mötəbər bir şəxslə qarşılaşırlar. Kərbəlayi Nurməhəmməd həmin adamı yaxından tanıyırdı. Əbülqasım ona yol verib:
- Hacı əmi, buyurun, keçin,- dedi.
- Çox sağ ol, oğul, -deyən Hacı onlarla üz-üzə dayandı. Kərbəlayi Nurməhəmməd Hacının səsindən dərhal tanıdı.
Onlar bir-birindən hal-əhval tutdular. Hacı yerli-yerində söhbətə qoşulan, ağıllı baxışları olan Əbülqasıma işarə vuraraq:
- Kəblə, bu uşaq kimindir?
- Nökərinizdir, Hacı.
- Nə ilə məşğuldur? Oxuyurmu?
- Mollaxanaya vermişəm.
- Niyə bu cür uşağı korlayırsan? Onu da halvaxor molla eləyəcəksənmi? Dövran başqa dövrandır, Kəblə!
Kərbəlayi Nurməhəmməd susdu və dərindən bir ah çəkdi. Hacı hər şeyi anladı. Cibindən xeyli pul çıxarıb Əbülqasıma uzatdı:
- Bala, zərərin yarısından qayıtmaq da xeyirdir. Özünə məktəbli forması al. Mahmudbəyovun məktəbinə get. Deginən mən göndərmişəm.
Kərbəlayi Nurməhəmməd təşəkkür edəndə Hacı Zeynalabdin Tağıyev onlardan xeyli uzaqlaşmışdı. Əbülqasımın sevinci yerə-göyə sığmırdı. Fikirləşirdi, doğrudan zərərin yarısından qayıtmaq da xeyirdir".
Doğrudan da, insan dünyada ən qiymətli kapitaldır. Öz kapitalından müəyyən miqdar ayırmaqla milyonçu kapitalist gələcəkdə çox böyük bir missiyanın gerçəkləşməsinə zəmin yaratmış oldu. Mənəvi kapitalımız olan folklor xəzinəmizi yığıb toplamaqla onların itirilməsinin qarşısını alan Əbülqasım Hüseynzadənin dünyəvi təhsil almasına xərclənən vəsait öz bəhrəsini bu cür verdi....
Bəli, nə qədər ki, Azərbaycanımızın folklor inciləri yaşayır, o qədər də bu inciləri qoruyub yaşadan ziyalılarımız, elə o cümlədən də bu yolda hədsiz fədakarlıqlar göstərmiş Əbülqasım Hüseynzadə yaşayacaq. Ömrünü xalqa həsr edənlərin ömürləri də xalqın ömrünə calanıb əbədi olur.

Şakir Albalıyev,
filologiya üzrə fəlsəfə doktoru