"Qələbəyə görə şəhidlərimizə borcluyuq" - Adil Əliyev Hadisə

"Qələbəyə görə şəhidlərimizə borcluyuq" - Adil Əliyev

Milli Məclisin sədr müavini Adil Əliyev martın 30-da Xızı rayonu Şuraabad kəndində şəhid Cəfərov Elməddin Hümbət oğlunun ailəsini ziyarət edib. Milli Məclisdən Xalqcəbhəsi.az-a verilən məlumata görə,
Vitse-spiker şəhidimizin ailəsi ilə söhbət zamanı Elməddin Cəfərovun aprel döyüşlərində və torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində iştirak etməsinin gənc nəsil üçün örnək təşkil etdiyini diqqətə çatdırıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində şanlı qələbə qazanaraq, həm tarixi torpaqlarımızı işğaldan azad etdiyini, həm də beynəlxalq ədaləti bərqərar etdiyini deyən vitse-spiker bu tarixi Qələbəyə görə məhz şəhidlərimizə borclu olduğumuzu bildirib. Adil Əliyev şəhid ailələrinin və qazilərin qayğılarının hər zaman Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu xatırladıb.
Qeyd edək ki, Füzuli və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən Elməddin Cəfərov 2020-ci il oktyabrın 9-da Füzuli rayon Alxanlı kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Baş gizir Elməddin Cəfərov Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə Prezident İlham Əliyev tərəfindən "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni, "Cəsur döyüşçü", "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Qəhrəman şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır. Allah şəhidlərimizə rəhmət eləsin.