Fuad Abbasov Moskvadan çıxarılır Hadisə

Fuad Abbasov Moskvadan çıxarılır

Türkiyənin "İhlas" agentliyi Moskvadakı xüsusi müxbiri, Azərbaycan əsilli Fuad Abbasovu geri çağırıb.
Bu barədə F. Abbasov "facebook" səhifəsində məlumat yayıb.
"1997-ci ildən bu yana işlədiyim Türkiyənin "İhlas Haber Ajansı"nın rəhbərliyi Moskvadakı işimə son verməyi qərara aldı. Mənə göndərilən rəsmi məktubda "İşlərin orada istədiyimiz kimi getməməsi səbəbi ilə" deyə yazılmasına baxmayaraq, hansı işlərdən bəhs etdiklərini anlaya bilmədim. Son 6 ay boyunca Rusiyanın müxtəlif qəzet, internet mətbuatı, radio və televiziyalarında 50-dən çox çıxışım olub və heç bir qarşılıq gözləmədən Su-24 böhranından sonra Türkiyənin mövqelərini Rusiuyada müdafiə etmək əsas "işim" olub. Buradakı türk həmkarlarımdan ən çox eşitdiyim tənbeh isə "boş ver Rusiya-Türkiyə münasibətlərini, işindən qovularsan, heç kim sənən sahib çıxmaz" sözləri idi. Xəbər agentliyinin içində etibar etdiyim insanlardan Rusiyadakı işimə son verilməsi qərarının Moskvadan gələn tələb əsasında olduğunu öyrəndim. Təbiidir ki, buna sevinənlər var. Çünki son 6 ay boyunca Türkiyəni Rusiya mediasında müdafiə edən, Rusiyada açılan PYD təmsilçiliyinə qarşı çıxan, PKK-nın Moskvadakı fəaliyyətlərini tənqid edən, rus siyasətçilərinin Türkiyəyə qarşı düşüncələrinin yanlış olduğunu Rusiya ictimaiyyətə çatdıran başqa heç kim yox idi. Sevinənlər arasında mən də varam. Çünki son günlər gözünə yuxu getməyən anam gecələr rahat yatacaq", - deyə o bildirib.
F. Abbasov sonda şəhidlərimizə Allahdan rəhmət diləyib : "Vətən uğrunda tökdükləri qan yerdə qalmaz, inşallah".
Qeyd edək ki, əslən azərbaycanlı olan Fuad Abbasov Dağlıq Qarabağda baş verən son hadisələrlə bağlı da Rusiya televiziyalarında ermənilərə qarşı sərt çıxışlar edib.