“Bu şəhərdə” – taksi Hadisə

“Bu şəhərdə” – taksi

Son 3 il ərzində taksi xidmətləri ilə bağlı dünyanın müxtəlif şəhərlərində aparılan araşdırmalara görə, sözigedən sahədə London bütün “rəqib”lərini üstələyir. Həm də bu, heç də nəqliyyat parkının yeni, qiymətlərin aşağı olması ilə bağlı olan göstərici deyil. İnsan amili bütün digər sahələrdə olduğu kimi taksi xidmətində də önəmli yer tutur.

Qeyd edim ki, “ən yaxşı taksi xidməti”ninin müəyyənləşdirilməsi üçün mütəxəssislərin hazırladığı göstəricilərdə “peşəkar sürücü” anlayışı yer almayıb. Ona görə yox ki, sahənin mütəxəssisləri taksi xidməti göstərən sürücülərin peşəkarlığına əhəmiyyət vermirlər. Əsla yox! Sadəcə taksi sürücüsünün qeyri-peşəkar ola biləcəyi ehtimalını ağıllarından keçirmirlər.

London şəhərinin “ən yaxşı taksi xidməti” üzrə ön sırada yer almasının əsas səbəbi isə, burada taksi xidməti göstərmək istəyən şəxsin 3 illik kurs keçdikdən sonra lisenziya almaq hüququ əldə etməsidir. 3 illik kursdan sonra itaksi sürücüsü texniki vasitələr olmadan şəhərin istənilən nöqtəsinə gedə bilir. Küçələrin adlarını, qatarların hərəkət cədvəlini, teatrların repertuarını və daha nələri... əzbər bilir. Şəhərdə keçirilən forum və simpoziumlar, sərgilər, abidələr və onların tarixi barədə sərnişinin suallarını cavablandırmağı bacarır...

London mühəfizəkar şəhərdir və taksi xidmətləri sahəsində də öz ənənələrini qoruyub saxlayır. Qaydalar, biliklər, xeyirxahlıq, təmkinlilik bu şəhərdə taksi sürücüsü peşəsinin dəyişməyən ənənələrindəndir.

Şübhəsiz ki, bizim taksi sürücülərinin və taksi xidmətlərinin Londonda olduğu kimi mühafizəkar ənənələrə malik olmaları ilə bağlı hər hansı bir gözləntim yoxdur. Olması, burada sadalamaq istəmədiyim ən müxtəlif səbəblərdən mümkün də deyil. Amma “ən yaxşı taksi xidməti” ilə bağlı aparılan araşdırmalarda bizdə olmayan bir ümumi cəhəti qeyd etmək istəyirəm: Araşdırmaların aparıldığı dünyanın 100-dən artıq şəhərinin heç birində taksi xidməti sahəsində özbaşınalıq, xaos hökm sürmür. Məsələn, ən rəngarəng nəqliyyat vasitələrinin taksi xidməti göstərdiyi Nyu-York şəhərində hər 100 min sakinə taksi xidməti göstərmək üçün 1535 lisenziya verilir. Moskvada bu göstərici hər 100 min nəfərə 861, Parisdə 945, Şanxayda 234, İstanbulda 119 lisenziya təşkil edir.

Ən proqressiv taksi xidmətinin olduğu Sinqapurda lisenziyaların verilməsinə məhdudiyyət qoyulmasa da, tələblər kifayət qədər sərtdir. Burada iş mərkəzlərinin yerləşiyi əraziyə daxil olmaq üçün də əlavə lisenziya ödənişləri tələb olunur. Bunla yanaşı, taksi xidməti göstərən nəqliyyat vasitəsinin salonu rahat olmalı, kondisioner, bort kompüteri və GPS cihazı ilə təmin edilməlidir. Bort kömpüterin monitorunda, sərnişinlərin görə biləcəyi yerdə və ölçüdə məlumatlar – sürücünün adı və soyadı, sükan arxasında keçirdiyi zaman kəsiyi, lisenziyanın nömrəsi, hazırda yerləşdiyi ərazi, qət etdiyi məsafə və təbii ki, xidmət haqqının məbləği qeyd olunmalıdır.

Onu da deyim ki, Sinqapurda taksi xidmətindən istifadə edən sərnişinə səfərin sonunda ödənilən məbləğin qalığı qəpiyinədək qaytarılır və çek təqdim olunur. Qymətlər isə çox ucuzdur. Məsələn, 3 dollara şəhərin istənilən nöqtəsinə taksiylə getmək olar. Sinqapurdan Malaziyaya taksi xidmətindən yararlanmaqla səfər etmək 10 ABŞ dollarına (17 AZN) başa gəlir.

...Azərbaycanda, taksi xidməti ilə bağlı, əsasən pandemiya dövründən başlayan reallıqarı şüuru olan hər kəs yaxşı anlayır. Lakin indi bu reallıqların yaratdığı “reallıq”ların girovuna çevrilmişik. Hər gün şəhərin küçələri ilə qayda-qanun bilmədən, yol-iz tanımadan şütüyən minlərlə “taksi sürücüsü” əsəblərimizi tarıma, ömrümüzü sınağa çəkir. Kimlərsə hər yoldan ötənə icarəyə verdiyi ikinci, üçüncü əl nəqliyyat vasitələrindən milyonlar qazanacaq deyə hər gün eyni problemləri yaşayırıq. Doğrusunu deyim, bəzən insanlarımızı da anlamaq olmur. Həm taksi xidməti ilə bağlı problemlərdən şikayətlənirlər, həm də onların şikayətlərini araşdırıb nəticə çıxaranları, vəziyyəti sahmana salmaq istəyənləri, ən yaxşı halda qınayırlar. Gördüklərini, yaşadıqlarını deyirsən, yazırsan və olursan “çörəyə bais olan” filan-filan şüdə...

Bəlkə də 200 ildir bu “çörəyə bais olmaq” “fəlsəfəsi”nin – psixoloji təzyiq vasitəsinin əlində aciz qalmışıq. Çörəyinə bais olmaq istəmədiyimiz qeyri-peşəkar, məsuliyyətsiz, əxlaqsız, mədəniyyətsiz, narkotik vasitə aludəçisi olan “sürücü”lər doğmalarımızın, əzizlərimizin həyatlarını təhlükə qarşısında qoyur, yüzlərlə insanın ölümünə, sağlamlıqlarını itirməsinə bais olurlar.

“Çörəyə bais olmaq” məntiqi ilə bütün məsələlərə yanaşsaq, o zaman cinayətkarlığa qarşı mübarizə də aparılmamalıdır. Necə olsa, oğrunun “çörəyi” oğurluqdan, əxlaqsızın “çörəyi” bədənini satmaqdan, narkotik vasitə satıcısının “çörəyi” isə insanları zəhərləməkdən “çıxır”...

...Bakıda, bütövlükdə nəqliyyat problemini həll etmək lazımdır. Bu şəhərdə həm də mövsümi “ideyalar”la yox, konseptual olaraq. Şəhərin mənzərəsini və bütün statistik göstəriciləri, yolları, yolsuzluqları..., nəqliyyatın hələ də öz intellektual söykəncəyini tapmaqda əziyyət çəkən sistemini, yerində olmayan yol nişanlarını və daha nələri... göz önünə sərgiləyib real zaman və məkan çərçivəsində qəti və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Həm də kompleks şəkildə, yəni taksi xidməti də daxil olmaqla...

Elçin Mirzəbəyli