Yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb Hadisə

Yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

İyulun 11-də Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Mətbuat Şurası ilə birgə "Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət" mövzusunda konfrans keçirib. Tədbirdə "Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti" mövzusundakı müsabiqənin qalibləri də mükafatlandırılıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov mövzunun aktuallığına diqqət çəkərək medianın bu sahədə rolunun böyük olduğunu söyləyib. Məhz KİV vasitəsilə turizm sahəsində mövcud olan real qanunlar, ölkədə və dünyadakı vəziyyət ölkə ictimaiyyətinə çatdırılır.
Əflatun Amaşov Azərbaycanın turizm potensialı və ölkəyə turist axını barədə danışıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bu il artıq ikinci dəfədir Mədəniyyət və Turizm Nazirliyi ilə birgə yazı müsabiqəsi keçirdiklərini bildirib.
Son illər Azərbaycanda turizm sahəsinin inkişaf etdiyini, ildən-ilə ölkəmizə gələn turistlərin sayının artdığını deyib. Vurğulayıb ki, media bu sahəni daim diqqətdə saxlamalı və işıqlandırmalıdır.
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid ölkəmizdə turizm sahəsində görülən işləri yüksək qiymətləndirərək bu işlərin təbliğində medianın böyük rolu olduğunu söyləyib. Ölkədə mövcud olan turizm məkanlarına media nümayəndələrinin infoturlarının təşkilinin gözəl ənənə olduğunu bildirib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Mətbuat Günü ərəfəsində jurnalistləri təbrik edərək mədəniyyət və turizm sahəsini daim diqqət mərkəzində saxladıqları üçün təşəkkürünü bildirib.
Nazir KİV-lər arasında monitorinqlər apardıqlarını diqqətə çatdıraraq nəticələr barədə məlumat verib. Bildirib ki, nazirliyin rəsmi internet saytında 2015-ci ildə 800 informasiya yerləşdirilib, bu rəqəm 2016-cı ildə 1642 olub. Həmçinin informasiya agentlikləri və saytlarda mədəniyyətlə bağlı 2015-ci ildə 76 min, 2016-cı ildə 99 min, turizmlə bağlı ötən il 34700, bu il isə 56280 informasiya verilib. Televiziyalarda mədəniyyət verilişləri ilə müqayisədə turizmə həsr olunmuş veriliş və süjetlərin sayında artım müşahidə olunub. Qəzetlərdə isə mədəniyyət və turizm xəbərlərində azalma özünü göstərir.
Əbülfəs Qarayev ölkədə turizmin vəziyyəti barədə danışaraq bildirib ki, dövlət otellərdə qiymət siyasətini müəyyənləşdirmir və qiymətlər fərdi sahibkarlar tərəfindən müəyyən olunur: "Dövlət olaraq biz sahibkarları maarifləndirə, onlara treninqlər keçə və qiymətlərin formalaşdırılmasında onlara tövsiyələr verə bilərik".
Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycanda turizm bazarı inhisarçılığa məruz qalmır: "Hər kəs bu sahə ilə məşğul ola bilər. Bu sahədə hər şey çox şəffafdır və ona görə də dövlətin bura müdaxilə etməsi yersizdir. Azərbaycanda turizmin inkişafı prioritet istiqamətlərdən biridir. Həm daxili turizm, həm də xarici turizm inkişaf etdirilməlidir. Daxili turizm ona görə inkişaf etməlidir ki, Azərbaycan vətəndaşları kənara getməsin, ölkədən kənara valyuta axını olmasın".
Nazir bildirib ki, hazırda Azərbaycanda 535 mehmanxana var və 30-u da tikilməkdədir.
Çıxışlardan sonra "Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti" mövzusundakı fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri də mükafatlandırılıb.
Mayın 20-dən iyunun 20-dək keçirilən müsabiqəyə 28 KİV təmsilçisindən 56 yazı daxil olub. Yazılar ekspertlər tərəfindən qiymətləndirilib. Nəticələrə əsasən bir nəfər 1-ci, iki nəfər 2-ci və üç nəfər isə 3-cü yerə layiq görülüb. Birinci, ikinci və üçüncü yerlərin qaliblərinə müvafiq olaraq 1000, 800 və 600 manat pul mükafatı və diplom təqdim edilib. Daha 5 nəfərə isə həvəsləndirici mükafat (300 AZN) verilib.