"Gələcək Sahibkarlar" Gənclərin startap təşəbbüslərinə dəstək adlı layihə həyata keçirilib Hadisə

"Gələcək Sahibkarlar" Gənclərin startap təşəbbüslərinə dəstək adlı layihə həyata keçirilib

Oktyabrın 4-ü və 5-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentlyinin dəstəyi, “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində "Gələcək Sahibkarlar" Gənclərin startap təşəbbüslərinə dəstək adlı layihə keçirilib.

Tədbirdə çıxış edən universitetin İnnovativ Biznes İnkubator şöbəsinin rəhbəri Nəsibə Əmirbəyova ali təhsil ocağında fəaliyyət göstərən məlum şöbənin işi ilə bağlı layihə komandasını və iştirakçıları məlumatlandırıb. O, qeyd edib ki, rəhbərlik bu mövzuda layihələri hər zaman diqqətdə saxlayır və startap ideyası olan gəncləri dəstəkləyir.
Daha sonra layihə rəhbəri Həzrət Bədiyev iştirakçılara layihə haqda məlumat verib. O, qeyd edib ki, layihənin məqsədi biznes, startap və sahibkarlığa həvəs və marağı olan gənclərə sahibkarlıq fəaliyyəti haqqında məlumat və biliklərin verilməsi, həmçinin praktiki təcrübələrin əldə edilməsidir. Həmçinin bu vasitə ilə Azərbaycanda yeni bizneslərin yaradılmasına dəstək olmaqdır. Biznes və Karyera mövzusunda keçirilən təlimdə təlimçi Aida Ramiz iştirak edib.
Təlimin 1-ci hissəsində karyera quruculuğunun mərhələləri və xüsusilə də biznesdə əlaqələrin rolu mövzusuna toxunulub. Karyera inkişafında zəruri olan və əmək bazarının tələblərinə əsasən, ehtiyac olan və önəmli praktik bacarıqlardan bəhs edilib.
Təlimin 2-ci hissəsində ümumi biznes quruculuğunun elementləri, tələbatlı biznes sahələri və planlaması haqda danışılıb, xüsusi uğurlu modellər nümunələr əsasında qeyd olunub. Əlavə olaraq biznesdə piarın rolu və önəmi haqda danışılıb.
Təlimdə əlavə olaraq startapların mahiyyəti haqda da məlumatlar verilib. Tədbir ümumilikdə interaktiv keçirilib və auditoriyanı maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, layihənin əsas iştirakçıları sahibkarlıqla məşğul olmaq istəyən gənc bəylər və xanımlardır.