Düşüncədən gerçəkliyə çevrilən fədakarlıq Hadisə

Düşüncədən gerçəkliyə çevrilən fədakarlıq

Professor Nizami Tağısoy: "İgid oğullarımızın qəhrəmanlığı yaddaşlarda daşlaşıb, millətimizin azadlıq mübarizəsinin simvoluna çevrilib"

Qəhrəmanlıq düsturu heç bir planda-proqramda olmur. Ermənilik çağdaş dünyanın ən böyük bəlasıdır. Bu məsələ uzun sürəcək. Qarabağ mövzusunda aşiqanə ruhlu əsərlər azdır. Gənc yazar Nicat Əjdərin Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş kitabında xalqımızın qəhrəman oğlu Mübariz İbrahimovun mübarizə və döyüş yolu müxtəlif ekstremal situasiyalarda izlənilir. Əsərdə bayrağımızın təhqir edilməsinə cəhdə görə Mübarizin erməni separatçılarının necə cavabını verməsinin dramatik mənzərəsi yaradılır. Bu kitabın həm bədii əsər, həm də kinossenari kimi gənclərimizin ideya-estetik və milli-vətənpərvərlik yönündə əhəmiyyəti danılmazdır.
Filologiya elmləri doktoru, professor Hizami Tağısoy hesab edir ki, xalqımızın təbəddülatlı mübarizələrlə dolu tarixində və mədəni-mənəvi ənənələrində elə ləyaqətli
igid oğullar olublar ki, onların qəhrəmanlığı zaman-zaman, əsr-əsr yaddaşlarda daşlaşıb, millətimizin azadlıq uğrunda apardığı mübarizəsinin simvoluna çevrilib və çağdaş dövrümüzə dastan qəhrəmanları kimi çatıblar. Oğuz Kağan, Alp Ər Tonqa, Babək, Beyrək, Bayandur xan, Qazan xan, Koroğlu, Səttarxan və başqaları hamımızın təfəkküründə məhz bu gün beləcə məşhurlaşıblar. Heç şübhəsiz, bu qəhrəmanların həyat və mübarizəsi müxtəlif zaman kəsiklərindəki tarixi hadisələri özündə əks etdirib. Məsələn, Babəkin (VIII əsrin sonu-IX əsrin birinci yarısında) ərəb xilafətinə qarşı apardımı döyüşləri, Koroğlunun (XVI-XVII əsrlərdə, Səttarxanın (XX əsrin əvvəllərində) Güney Azərbaycanda baş vermiş hərəkatda azadlıq mübarizəsi və nəticədə Səttarxanın başçılığı altında gedən döyüşlər əksini tapır. Babəkdə, Koroğluda, Səttarxanda xalqımızın igidlərinə məxsus ən yüksək keyfiyyətlər ümumiləşdirilir. Bu qəhrəmanların apardıqları mübarizə realist səhnələrə, batal epizodlara söykənərək yaddaşlara çökür. Bundan başqa adlarını çəkdiyimiz qəhrəmanların şücaəti, igidliyi həm də bədii, epik sözün və əsərlərin - dastanların, romanların, povestlərin, dram nümunələrinin və kinoflimlərin köməyi ilə geniş yayılır, təbliğ olunur, ümumxalq məhəbbətinə layiq görülür. Azərbaycan bütün tarixi mərhələlərdə yeraltı və yerüstü sərvətləri, təbiəti, strateji mövqeyi, zəngin potensialı ilə daim yadellilərin nəzər-diqqətini cəlb edib, erməni millətçiləri isə digər imperialist ambisiyalı ölkələrin və dairələrin köməyi ilə zaman-zaman torpaqlarımızı qəsb ediblər. Qeyd edək ki, o qədər də uzaq olmayan XVIII əsrin sonlarında Azərbaycanın ümumi ərazisi 410 min kv.km-dən artıq idi. Rus tarixçiləri, etnoqrafları və yazıçıları Nikolay Şavrov və Sergey Qlinka öz əsərlərində 1826-1830-cu illərdə Zaqafqaziya (yəni Şimali Azərbaycan) ərazisinə 40 min nəfər İrandan və 84 min nəfər Türkiyədən rəsmi sənədlərdə, qeyri-rəsmi isə 200 min nəfər erməni Yelizavetpol, İrəvan və Qarabağ quberniyalarında müsəlmanların əlindən alınmış ən yaxşı torpaqlarda yerləşdirilib. Proseslər bu istiqamətdə sonrakı dövrlərdə də intensivləşib. Yenə də N.Şavrovdan oxuyuruq ki, XIX əsrin sonu, daha doğrusu, 1893-1897-ci illərdə Türkiyədə erməni hərc-mərclikləri zamanı daha 100 min nəfər erməni Azərbaycan ərazilərinə köçürülüb. Erməni alimi Zaven Korkodyan 1932-ci ildə Ermənistanda nəşr etdirdiyi "1831-1931-ci illərdə Sovet Ermənistanın əhalisi" kitabında İrəvan şəhərinin əhalisinin 85,2 faizinin azərbaycanlı, rus alimi M.Skibitskinin isə Dağlıq Qarabağda yaşayan əhalinin etnik tərkibinin XIX əsrin sonunda 72,6 faizinin azərbaycanlı olduğu göstərilib.
Ermənilərin torpaqlarımıza iddiaları XX əsrin əvvəllərində və ortalarında da davam etdirilib, minlərlə Azərbaycan vətəndaşları Bakıda, Qubada, Salyanda, Şamaxıda, Kürdəmirdə və digər bölgələrimizdə soyqırımına məruz qalıblar. Proseslər sonralar da səngiməyib. Hamımızın yaxşı yadındadır ki, XX əsrin 80-ci illərinin sonlarından Azərbaycan xalqının ikinci dəfə müstəqillik və azadlıq uğrunda apardığı mübarizə, həm də eyni zamanda vətən torpaqlarımızın yenidən erməni separatçıları tərəfindən işğalı ilə nəticələndi. Qarabağımız qan girdabında çalxalandı. Minlərlə vətənpərvər, cəsur azərbaycanlı övladları nahaq yerə düşmən gülləsinin qurbanı oldular. Bu qanı qeyrətli vətən oğullarımız yerdə qoymadılar. Əlif Hacıyev, Çingiz Mustafayev, Ramil Səfərov və onlarca bu kimi başqa igidlərimiz erməni dığalarının cavabını yetərincə verdilər. "Qisas qiyamətə qalmaz" deyiblər atalar. Bu qisasın da sonu uzaqda deyil.
Nicat Əjdərin qələmə aldığı "Mübariz" kinossenarisi də vətən övladlarının torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizəyə həsr olunub. Bu kinossenarinin qəhrəmanı müasirimiz Mübariz İbrahimovdur. Burada Mübarizin həyat və döyüş yolu uğurlu ədəbi-bədii, hərbi-sənədli müstəvidə təsvir edilir və dəyərləndirilir. "Mübariz" kinossenarisində qəhrəmanın ömür yolu uşaqlıq dövründən şəhid olduğu zamana qədər anbaan diqqətlə izlənilir".
H.Tağısoy hesab edir ki, "Mübariz"i səciyyələndirən başlıca xüsusiyyətlərdən biri odur ki, Nicat Əjdərin əsərdə qəhrəmanın lap uşaq yaşlarından (hərbə və hərbi texnikaya münasibətini) maraqlarını, zəifləri (İsinin, Sarışın, Cıbının özlərindən kiçikləri Seyranı, Səidəni incitdiklərinə görə) himayə etməsini, hərb yaşına çatıb tezliklə əsgərliyə (atasına müraciət edib əsgər olması ilə bağlı arzularını) getməsini, əsgərlikdə nümunəvi (xidmətə görə məzuniyyətə göndərilməsini, fəxri fərmanla təltif edilməsini) xidmətini, ermənilərə qalib gəlmək üçün idmanla (boks bölmələrində məşq etməsini) məşğul olmasını, erməni əsgərlərinin Azərbaycan bayrağını təhqir etməyə cəhd göstərmələrinə görə onların layiqli cavabını (erməni əsgəri çəkmələrini Azərbaycan bayrağı ilə sildiyindən, Mübariz erməninin başını bədənindən üzüb onun başı ilə çəkmələrini silməsini) verməsini, ermənilərin üzərinə təkbaşına hücuma keçib onları məhv etməsini və bilərəkdən (valideynlərinə məktubu, Vətən qarşısında öz məsuliyyətini dərindən dərk etməsini) bu yolu seçməsini, erməni təhqirinə məruz qalmaqdansa, şəhidlik zirvəsinə ucalmasını, sonuncu güllə ilə özünü öldürməsini və s. səhnələri kifayət qədər realist və inandırıcı cizgilərlə verə bilib. Nicat Əjdər əsərdəki yumoristik məqamları, epizodik hadisələri, rayon, kənd lövhələrini, milli landşaftı, hər bir obraza və personaja verdiyi rolda yerli, milli və fərdi koloriti, Mübarizin atası Ağakərim kişinin, anası Şamamanın, Mirələm babanın, şəhid olmuş Azərbaycan əsgəri Malikin, İsinin, Sarışın, Cıbının, Eyyub dayının, məktəb direktorunun, Səidənin, Səidənin anasının, əsgərlərin və komandirlərin, müəllim və məşqçilərin adekvat surətlərinin yaradılmasını və onların zəruri səhnələrdə ortaya çıxmalarını, epizodik personajların müəllifin dram janrının tələblərinə lazımınca əməl etdiyini sübut edir. Nicat Əjdərin "Mübariz"i bədiilik, konflikt kəskinliyi, ekstremal dramatik situasiyalar, obrazların xarakteri və mənəvi aləmi, ziddiyyətli vəziyyətləri yumşaltmaqla bağlı əsərin infrastrukturuna daxil etdiyi psixoloji hallar, gərilmələr, sərt cəbhə qayda-qanunları, özünü erkən büruzə verən sevgi-məhəbbət motivləri, təbiət təsvirləri və s. müəllifin əsərinin uğuru kimi qiymətləndirilməlidir. Onun bu mövzunu ilk növbədə kinossenari kimi işləməsi də təsadüfi hesab edilməməlidir. Çünki erməni qəsbkarlarının torpaqlarımıza göz dikməsi və onu işğal altında saxlaması xalqımızın mübarizəsini davam etdirməsində kino sənəti vasitəsilə Mübarizin qəhrəmanlığını əks etdirmək daha səmərəli ola bilər".
Tanınmış yazar Safruh bildirir ki, Vətən orada yaşayan xalqların ümumi evidir. Onu qorumaq, onun yaşamını təmin etmək hər kəsin borcudur. Tək-tək adamlar borcu yerinə yetirməyi də özü üçün az hesab edir. Ömrünü verir həmin ümumi evə. Və ömrünü şüar üçün vermir. Damarındakı qanını verir, sevgisini verir. Yəni sevəcəkdi, o sevgidən qalır, gedir döyüşür, sevmir, ondan imtina edir. Həyat şirindir deyirlər. Ondan da keçir həmin ideala görə. Bu, nadir hadisədir. Açıq-aydın ölümün, şaqqalanmağın üstünə gedəsən. Bu, beynəlxalq aləmdə çox yayılmış özünə partlayıcı bağlayıb gedib partladan igidliyi də deyil. Bu, çox ağıl, igidlik, ləyaqət tələb eləyən bir addımdır: "Bizim qəhrəmanların qəhrəmanlığının səbəbi düşmənə nifrətli olmaqdan çox Vətənə sevgi olmalıdır. Bu sevgi olandan sonra sənə xüsusi cəbhə gərək deyil. Sən qəhrəmanlığını göstərirsən. Vətəni yaşatmaq lazımdır. Vətəni sevdirmək-danışırmaq lazımdır, onun şərəfi olmaq lazımdır. Haqqında kitab yazılan Mübariz İbrahimov çılğın bir addım atdı. Ona düşmənə hücum əmri verilməmişdi. Mübarizin qəhrəmanlığı yalnız onun özünün təşəbbüsüdür. Əsgərliyini başa varandan sonra iş sahəsi çağırmır onu. Onun qəhrəmanlığı özünü göstərməli idi. O, şəhərə gəlir, burada yadlıq var, düşünür ki, yenidən orduya qayıtsın. Mübariz özünü Vətən üçün qurban verir, çıxılmazlıqdan ölür. Bu cür nümunələr gərəklidir. İndiki zamanda dünyada Vətən və insan ideyası ardıcıl olaraq gözdən salınır. Kürəsəllik ideyası irəli sürülür - özünün estetikasıyla, balaca körpələrə təbliğiylə. Kürəsəllik anti millət, antiVətən deməkdir. Vətənpərvərliyi insaniliklə, millətlə bağlayıram. Əgər bunlar bir-birilə bağlı olmasa, ayrıca vətənpərvərlik var ola bilməyəcək, insanlıq da var ola bilməyəcək. Sənin insanlığın var olduğuna görə Vətən də var sənin üçün. Sovet vətənpərvərliyi Azərbaycan vətənpərvərliyinə zərbə idi. Vətənpərvərlikdən fəlsəfi səviyyədə, kəskin şəkildə danışan həqiqətçi, Vətəndən, vətənpəvərlikdən fəlsəfə düzəldən gərəkdir. Vətən bütövlük, müəyyənlik, konkretlik istəyir. Ona görə də Azərbaycanda vətənpərvərlik fəlsəfəsi yaradılmalıdır. Gözəl filosoflar olmalıdır. İndiki zamanda Vətən keçmişdə qalmış hadisə hesab olunur. Gərək Vətən - insan-torpaq birliyi müqəddəs bir yer kimi öyülsün".

Uğur