Azərbaycanın İstanbuldakı konsulu: "Mahir Zeynalovun ölkədən çıxarılması xoşagəlməz olaydır"
Türkiyədə nəşr olunan "Todays Zaman" qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalov Türkiyədən deportasiya edilib. Bu barədə Türkiyənin xəbər saytları məlumat yayıblar.
Məlumata əsasən, buna səbəb Mahir Zeynalovun hökumət əleyhinə və xüsusən də ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı davamlı ittihamlar irəli sürməsi olub.
Mahir Zeynalov qəzetdə Türkiyə hökumətinin "Əl Qaidə" terror təşkilatı ilə əlaqələri olduğu barədə silsilə məqalələr dərc edib.
Bundan başqa jurnalist 2013-cü il dekabrın 25-də keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatları ilə bağlı Ərdoğan haqqında tənqidi tvitlər yazıb. Rəcəb Tayyib Ərdoğan isə öz çıxışlarında bu cür tvitləri xalqı nifrət və düşmənliyə təhrik etmək kimi qiymətləndirirdi.
Mahir Zeynalov isə ötən gün verdiyi rəsmi ifadəsində qeyd edib ki, o, sadəcə iki xəbərin linkini paylaşıb və xalqı nifrət və düşmənliyə təhrik edəcək heç nə yazmayıb.
Məlumatda qeyd olunur ki, Türkiyə Daxili İşlər Nazirliyinin qərarı ilə Mahir Zeynalovun ölkəyə girişi də qadağan olunub.
Onun deportasiya barədə qərarı Baş Nazirliyin Koordinasiya Mərkəzinin Mahir Zeynalovun Tvitter-də yazdıqlarının həqiqəti əks etdirmədiyi barədə elanından sonra verilib.
Türkiyə mediası da bu olaya ciddi reaksiya verib. Yerli mətbuat internetlə bağlı məhdudiyyətlər nəzərdə tutan qanunun ölkə parlamentində qəbulunun ardınca belə bir hadisənin baş verməsini "arzuolunmaz skandal" adlandırıb.
Mətbuatın yazdığına görə, Mahir Zeynalov sözügedən tweetdə yazıb: "Türk prokurorlar polisə Əl-Qaidə ilə əlaqəli kəsləri həbs əmri verdi, Ərdoğanın təyin etdiyi polis şefləri buna uyğun gəlmədi".
Türkiyənin Daxili İşlər Hazirliyi jurnalistin dərhal deportasiya edilməsini və nəticə barədə nazirliyə bildirilməsi barədə göstəriş verib.
Qeyd edək ki, o, Bakıya xanımı Sevda Nur Arslanla birgə gəlib. 4 ildən bəri Türkiyədə çalışan azərbaycanlı jurnalist 15 ay əvvəl bir Türk vətəndaşıyla evlənib. Bu səbəbdən onun Türkiyədə oturma haqqı olduğu qeyd edilir.
"Todays Zaman"ın əldə etdiyi məlumata görə, Mahir Zeynalovla bağlı Baş Hazirlik Əlaqələr Mərkəzi (BİMER) @mahirzeynalov adlı hesabın sahibinin müəyyənləşdirilməsi ilə bağlı Milli İstihbarat Təşkilatına müraciət edib.
MİT hesabın "Todays Zaman" qəzetinin müxbiri Mahir Zeynalova aid olduğunu təsdiqləyib.
Jurnalist ötən həftə təhlükəsizlik müdirliyinə gedərək ona qarşı yönələn ittihamla bağlı ifadə verib. O, həmin tweetleri mediadakı xəbərlərdən götürdüyünü və özünün heç bir şərh yazmadığını bildirib.
Türkiyənin tanınmış jurnalist-yazarı Yavuz Baydar azərbaycanlı jurnalistlə bağlı olayı Türkiyədə media azadlığına vurulan bir zərbə kimi dəyərləndirib.
Türkiyədən deportasiya edilən azərbaycanlı jurnalistin çalışdığı "Todays Zaman" qəzeti də rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, Mahir Zeynalov Türkiyə qanunvericliyinin 5683 nömrəli qanunu ilə ölkəyə girişi qadağan olan şəxslər siyahısına daxil edilib. Qeyd edilib ki, qanunun 19-cu maddəsi Türkiyədə yaşayan xarici vətəndaşların ölkə ictimaiyyəti, siyasi və inzibati dairələr üçün təhlükəli hesab olunduğu təqdirdə onların deportasiyasını nəzərdə tutur. Bu davranış ölkədə mətbuat azadlığına təhlükə törədir. Qəzet çərşənbə günü Türkiyə Böyük Millət Məclisində İnternet saytları haqqında qəbul olunan yeni qanuna diqqət yönəldərək, bunu internet üzərində dövlət nəzarəti və müxalifəti susdurmaq cəhdi kimi dəyərləndirib.
ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç "Todays Zaman" qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalovun Türkiyədən deportasiya edilməsinə münasibət bildirib. ATƏT-in xüsusi nümayəndəsi öz Twitter səhifəsində azərbaycanlı jurnalistin Türkiyədən deportasiya olunması xəbərindən sarsıldığını bildirib.
D.Miyatoviç Türkiyənin bu addımını ölkədə mətbuat azadlığı sahəsində atılmış növbəti yanlış addım adlandırıb.
Məsələyə Azərbaycanın İstanbuldakı konsulluğu da münasibə bildirib. Azərbaycanın İstanbuldakı konsulu Həsən Zeynalov Modern.az-a bildirib ki, hazırda Mahir Zeynalovun akkreditasiya məsələləri araşdırılır: "Hər iki ölkənin Xarici İşlər nazirlikləri məsələnin araşdırılmasına başlayıb".
O, bildirib ki, "Todays Zaman" qəzetinin azərbaycanlı əməkdaşı Mahir Zeynalovun deportasiya olunması Azərbaycan üçün xoş bir hadisə deyil. Odur ki, onun daimi iş yerinin hara olması ilə bağlı araşdırma gedir: "Mətbuatda yazılanlardan görünür ki, o, Türkiyənin daxili işlərinə qarışıb. Belə bir şeyin olduğuna görə təəssüf edirəm. Əgər hadisə mətbuatda yazılanlar kimidirsə, çox təəssüflənirəm. Amma bütün bunları yekun hesab etmək olmaz. İşlər araşdırılır. Odur ki, nəticədən asılı olaraq nə isə demək olar".
Konsulluq olaraq əsas diqqətin buna yönəldiyini deyən Həsən Zeynalov onu da bildirdi ki, Mahir Zeynalov 3 ilə yaxındır ki, Türkiyədə yaşayırmış: "Bütün dünya mətbuatının Türkiyədən Azərbaycan vətəndaşının deportasiya olunmasını yazması xoş bir hal deyil. Ona görə də məsələ bizim də diqqət mərkəzimizdədir. Prinsipial olaraq biz də məsələnin araşdırılmasını istəyirik. Yazılanlar həqiqətənmi belədir? Təbii ki, nəticə bəlli olandan sonra bir söz demək mümkün olacaq".
CƏMİL