“İşığa gedən yol”da Azərbaycan maarifçiliyinin tarixini oxudum Hadisə

“İşığa gedən yol”da Azərbaycan maarifçiliyinin tarixini oxudum

Dünyanın tarixi onun yaranışından başlayır, sonra insan yaranıb. İnsanın tarixi isə Adəmlə Həvvadan sonra həm də hər bir fərdin öz söy-kökündən, dədə-babasından qaynaqlanır. Xüsusən də, tarixi şəxsiyyətdən danışırıqsa, onun kimliyini olduğu kimi çatdırmaq istəyiriksə, hökmən böyüdüyü mühitdən, tərbiyə aldığı ailədən babasının kimliyindən bəhs etməyə başlanmalıdır. Bu konteksdən qələminə rəğbət bəslədiyim Sona Vəliyevanın oxuduğum növbəti kitabı-bu dəfə romanı ("İşığa gedən yol") əvvəldən nəvədən çox, onun böyüdüyü mühitdən, babasından danışır. Qəhrəmanın portretini cızır, həm də yalnız onun portretini deyil, eyni vaxtda həmin şəxsiyyətin - Həsən bəy Zərdabinin dövrünün ziyalılarının portretlərini, o dövrün tarixini cızır. Baba nəvəsinə nəsihət edir: "Həyatın boyu səni əhatə edən insanları, yaxınlı-uzaqlı, doğmalı-yadlı hər kəsi dinləməklə və insanlara kömək əli uzatmaqla bərabər, qərar qəbul edəndə hər zaman içindən gələn xeyirxah səsi dinlə və onun ardınca get!"
Əsərin müəllifinin neçə illər öncə müsahibə vaxtı mənə dediyi fikirləri xatırladım: "Orta məktəbdə oxuyanda "Hardan başlayır vətən?" mövzusunda inşa yazırdıq, hamı yazmışdı doğulduğu yerdən, Azərbaycandan başlayır vətən, mən yazmışdım ki, vətən evimizdən, həyətimizdən və hər gün altında oynadığım tut ağacından başlayır". Babası Həsənə kiçik qılıncını bağışlayanda bu qılınc mənə babamdan yadigardır, mən də onu sənə hədiyyə edirəm: "Əlbəttə kəsib doğramaq üçün yox, qoy bu qılınc haqq-ədalət yolunda gücünə, qüvvətinə çevrilsin, dualarımla birgə, həmişə səni qorusun" demişdi. Vətən altında oynadığın tut ağacından başladığı kimi, bir insanın əqidəsi, şəxsiyyəti-bünövrəsi babasından başlayır. Sona xanım Həsən bəy Zərdabinin babası Rəhim bəyi əsərə salmaqla "belə babadan belə də nəvə yetişməli idi"-deyir, yaxud "belə nəvənin babası məhz Rəhim bəy kimi insan olar".
Müəlliflə əsər, təsvir etdiyi qəhrəmanla müəllif arasında belə paralellər görmək oxucuya xoşdur, çünki müəyyən qədər həyat təcrübəsi görmüş oxucu bu paralleləri görməyəndə, əksinə, müəlliflə yazdığı əsər arasındakı ziddiyyətləri hiss edəndə o, müəllifi bir daha oxuya bilmir.
"İşığa gedən yol"a qədərki yola bir nəzər salmaq istəyirəm. Bu yol Həsən bəy Zərdabinin keçdiyi yol deyil, onun haqqında əsər yazan müəllifin gəldiyi cığırdır. Müsahibəsində deyir: "Mirzə Cəlil hər bir azərbaycanlının, istər qadın olsun, istər kişi, ilk məhəbbətidir. Hərif tanımayanda "Poçt qutusu", "Saqqalı uşaq", "Quzu", "Usta Zeynal" hekayələrini böyüklərimizdən eşitmişik, xatirələrimizdə iz buraxıb". "Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi", "Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası" elmi-publisistik , "Çəhrayı rəngli dünyam", "Arazbarı" şeirlər kitablarının müəllifidir. Sona Vəliyeva "Kaspi" qəzetinin 1999-cu ilin martında fəaliyyətini bərpa edib. Qəzet indi Azərbaycan dilində gündəlik, rus dilində həftəlik nəşr olunur. Müəllifin fəaliyyətinin, həyat cığırının bir hissəsini göstərdim, paralelləri özünüz tapın.
Zərdabda o vaxt heç kim nə Həsəni tanımırdı, nə də öz həyat təcrübəsindən qazandıqlarını nəvəsinə aşılayan Rəhim bəyi. Qohum-əqraba, el-oba tanıyırdı, amma onlar da təxmin belə edə bilməzdi ki, həmin bu balaca Həsən böyüyüb Həsən bəy Zərdabi olacaq, Azərbaycan mədəniyyətində, elmində, fəlsəfəsində, maarifçiliyində, mətbuat sahəsində, xeyriyyəçiliyində, bir sözlə, tarixində adını yazıb köç edəcək bu dünyadan. Və heç kim baba ilə nəvənin nə söhbətini dinləmişdi, nə də o söhbəti lentin yaddaşına köçürmüşdü. Müəllif fantaziyasını burda işə salıb bəlkə də hardasa özünü uşaqlığının ayrı-ayrı detallarını Həsənin uşaqlığı kimi göstərir, belə bir əsərə bu lazımdır, daha da şirin, oxunaqlı, inandırıcı edir. Bununla belə, tarixi faktlara toxunmur, onlara fantaziya donu geyindirmir, tarix tarixdir, istər bədii əsərdə, istər tarixi kitablarda eynilik təşkil etməlidir, millət öz tarixində çaşqınlıq keçirməməlidir-düşüncəsi ilə yazır.
"İşığa gedən yol"la Azərbaycanda maarifçiliyin tarixini oxudum. Həsən bəy Tiflisdə (1858-1861-ci illərdə), gimnaziyada oxuduğu vaxtlar Mirzə Fətəli Axundzadə ilə bir məclisdə görüşür. Onlarla bir yerdə məclisdə oxucu da Mirzə Hüseyn Qayıbov, İlya Çavçavadze, Mixail Kipianini görür. Moskvada Universit illərində rus demokratları ilə tanış olur. 1866-cı ilin mayında Mirzə Fətəlinin evində yığıncaqda rus ordusunun general-mayoru, sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu Kəlbəli xan Naxçıvanskini, şair Seyid Nigarini, böyük şairimiz Seyid Əzim Şirvanini, "Beytüs-səfa" ədəbi məclisinin üzvləri Molla Məhəmməd Zövüni və Ağali bəy Nasehi, şair-musiqişünas Mirzə Möhsün Nəvvabı, "Məclisi-üns"ün üzvü, şair Məmo bəy Məmaini görürürük. Onların söhbətlərinin "şahidi oluruq".
"İşığa doğu gedən yol"la cümhuriyyət tariximizi izlədim. Zərdabi Bakıda yaşadığı illəri vərəqləyərkən Bakının o dövrdəki tarixini vərəq-vərəq bu kitabda oxudum. 1905-i yaşadım, 1918-dən keçdim.
"Əkinçi" qəzetinin yaranmasına qədərki yolu gəlib, o məşəqqətli yoldan keçib "Əkinçi"nin ilk nömrəsinin sevincini yaşadım.
Həsən bəy Zərdabi xeyriyyə cəmiyyəti yaratmaq amacı ilə Azərbaycanı səyahət edərkən oxucu da onunla birgə Gəncəni, Tiflisi, Şamaxını, Naxçıvanı-Azərbaycanı gəzir. Adət-ənənə, tarix, insanlar, o dövr kino lenti kimi gözlərimiz önündən keçir. Fəxr edirsən, nisgil yaşayırsan və Mirzə Ələkbər sayağı, Cəlil Məmmədquluzadə misalı yanıb-yaxılırsan.
Şəxsiyyətləri tanıdım, Rəhim bəydən tutmuş Hənifə xanıma qədər və sıralamada Azərbaycanın ö dövrdəki ziyaları var. Mirzə Fətəlinin ifadə etdiyi kimi "Bizim əzizimiz və gözümüzün işığı Həsən bəy"lə bərabər tariximizi və şəxsiyyətlərimizi öyrəndik.
Əsərin sonunda Həsən bəyin vəfatı, vidalaşma və dəfnində "Həsən bəyin övliya ruhu zühur edərək, işıq şəklində, nura çevrilərək minilliklərə doğru irəliləmişdi və insanların çiynində daşınan cismani cənazədən xeyli irəlidə gedirdi". Bu təsvirin özündə də müəllifi gördüm. Bir sənətkar, ədib, tarixi şəxsiyyət haqqında mükəmməl əsər yazmaq üçün onunla ruh bağın olmalıdır, onu sevməlisən, onu duymalısan. Sona xanım Həsən bəy Zərdabi sevgisini beləcə əsərə çevirdi. Yalnız filoloq, filosof, tarixçi kimi deyil, həm də onun ruhdaşı kimi qələmə aldı.

Ramilə Arazbar (Qurbanlı)