Elm və təhsil dinamik inkişafın qarantıdır Hadisə

Elm və təhsil dinamik inkişafın qarantıdır

Son günlərdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi zamanı maksimal bal toplayan Kürdəmirdən olan müəllimə ilə bağlı sosial şəbəkələrdə pozitiv müzakirələr aparılır. Adətən, sosial şəbəkələrdə mənfiyə yüklənmiş hadisələr ətrafında ajiotaj yaranır. Bu dəfə isə kürdəmirli müəllimənin məharəti hər kəsin marağına səbəb oldu.

Deputatdan əyalət müəlliminə təbrik zəngi

Milli Məclisin deputatı Aydın Mirzəzadə də öz feysbuk səhifəsində müəllimənin şəninə təriflər söylədi və ona zəng edərək təbrik etdiyini qeyd elədi: "Mətbuatda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində Kürdəmir şəhər 3 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Xəyalə Veyisovanın maksimum - 60 bal toplayaraq ən yüksək nəticə göstərdiyi barədə məlumat yayıldı. Müəllimənin telefon nömrəsini taparaq ona zəng etdim. Onu respublikada ən yüksək göstərici əldə etməsi münasibəti ilə təbrik etdim. Rekord nəticənin əyalət müəllimi tərəfindən göstərilməsinin vacibliyini və digərlərinə yaxşı nümunə olduğunu bildirdim".
Xəyalə Veyisova isə diaqnostik qiymətləndirməni müəllimlərə biliklərini artırmaq üçün yaradılmış ən gözəl imkan sayır: "Diaqnostik qiymətləndirmə, doğrudan da, müəllimlərin öz üzərində məsuliyyətlə çalışmaları üçün çox yaxşı bir addımdır. İndiyədək onlarla imtahanda iştirak etmişəm, amma bu imtahanda sanki istirahət etdim - sakitlik, nəzarətçilərin davranışı, proqramın rahatlığı... Bütün suallara cavab verdim, ekranda sıfırları gördüm. Bildim ki, 40 deyil, 50 bal da ola bilməz. Əlimi stola vurub qışqırdım. Nəzarətçilər tez yaxınlaşdılar ki, imtahan zamanı belə davranmaq olmaz. Sonra bildilər ki, 60 bal toplamışam. Hamı gəlib təbrik etdi".

Diaqnostik qiymətləndirilmə: 100 min müəllimin əmək haqqı artacaq

Qeyd edək ki, 2016-cı ilin noyabr - dekabr aylarında ölkənin 26 rayon və şəhərində dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulub. Bu il 40 min müəllim diaqnostik qiymətləndirmədən keçəcək ki, bu da bütünlükdə 100 min nəfərin əmək haqlarında artıma səbəb olacaq.

Ucqar kəndlərə gənc müəllimələrin axını

Artıq regionlarda şagirdləri savadlı kadrlar hazırlayır, bir neçə fənni qeyri-ixtisaslı müəllimin tədris etməsi ənənəsi arxada qalır. Bir vaxtlar ucqar kəndlərdə müəllim çatışmazlığı problemi qabarıq görünürdüsə, bu gün ali məktəbi bitirib rayonlara təyinat alan gənclərin sayında artım müşahidə edilir. Bu cür gənclərdən biri ilə həmsöhbət olduq. 1990-cı il təvəllüdlü Məmmədova Sevinc Bakı Dövlət Universitetini coğrafiya müəllimliyi ixtisası üzrə bitirərək İsmayıllının ucqar kəndində müəllimliyə başlayıb. 2014-cü ildən İsmayıllı rayonunun Qalacıq kəndində coğrafiya fənnini tədris edən gənc müəllimə deyir ki, şagirdlərində ilk gün onun qəddar olacağı hissi yaranıb: "Amma şagirdlərin mənə və mənim onlara verdiyim enerji nəticəsində xoş təəssürat oldu. Ləzgi dilini bilməyən müəllimə heç vaxt görmədiyi kənd həyat tərzi və cəmiyyətlə tanış oldu".
Sevinc Məmmədova İsmayıllıya anası ilə birgə gəldiyini söyləyir: "Ən böyük stimulu anam verdi, eyni zamanda maaş da normaldır, həm də düşünürdüm ki, ucqar kəndlərdə kadr çatışmazlığı var və mən gənc müəllimə olaraq cəmiyyətə yaxşı kadrlar yetişdirə bilərəm. Bu inam və gücün sayəsində kənd həyatına alışdım. Kənddə qaz olmadığına görə odunla qızınırıq. Burada ocaq qalamağı, təndirə çörək yapmağı öyrənmişəm. Meşəyə gedib müxtəlif meyvələr, itburnu, yemişan yığırıq".

Prezidentdən mühüm addım: möhlət hüququ ilə elmdə sıçrayış ola bilər

Gənc müəllimələrin regionlara olan axınına müəllimlərin qoşulacağı istisna deyil. Belə ki, bu il "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik edilib. Azərbaycan prezidenti İlham Əliyev iyunun 22-də magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı fərman imzalayıb. Dəyişikliyə əsasən, Azərbaycanda və xarici ölkələrdə təhsil alan, Azərbaycan vətəndaşı olan bütün bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilir.
Təhsil naziri Mikayıl Cabbarov dövlət başçısının fərmanı ilə sözügedən qanunun qüvvəyə minməsini elm və təhsil insanları üçün əlamətdar hadisə sayır: "Bu, Azərbaycan təhsili və elminin gələcəyinə qoyulan sərmayədir, inkişafımızın insan kapitalı ilə bağlı olmasının təzahürüdür. Elm gücdür! Bu ifadə dünyamızın inkişaf ideologiyasının açar sözləridir. Azərbaycan gənci də elmi dünyagörüşü ilə, inkişafın lokomotivi olmaq enerjisi ilə bu sərmayədən faydalana biləcək".

Akif Əlizadə: "Dəyişikliklə doktoranturaya oğlanların axını çoxalacaq"

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə hesab edir ki, bu il doktoranturaya oğlanların axını çoxalacaq: "Son 20 ildə doktoranturaya qəbul olan oğlanların sayı çox az olub, amma yeni dəyişiklik artıq AMEA üçün yeni imkanlar yarada bilər".

Məktəb direktorları imtahanla seçilir

Məktəb direktorları vəzifəsində daha çox müəllimlərin təmsil olunduğu reallıqda direktorların işə qəbul qaydalarının dəyişdirildiyi məsələsini də yada salmaq yerinə düşər. Artıq ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə keçirilir. Direktor olmaq istəyən şəxslərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi, maliyyə və statistika sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, həm də əvvəlcədən təqdim olunmuş mövzu üzrə esse yazmaq tələb olunur.

İşə qəbul və tələbə köçürülməsi prosesində şəffaflığa aparan yol

İstər işə qəbul prosesində, istərsə də bir vaxtlar qalmaqallı məsələ kimi gündəmə gələn tələbə köçürülməsi prosesində yeniliklər müşahidə edilir. Yeni transfer.edu.az portalı vasitəsilə cari ildə təhsil alanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada aparılır. Bu isə tələbə köçürülməsində şəffaflığın, rahatlığın və sadələşmiş prosedurun yaradılmasına xidmət edir.

5 yaşlı uşaqlara yeni metodla tədris

Onu da qeyd edək ki, bu ilki yeniliklərdən biri də yaşı 6-ya çatmayan uşaqlara yönəlik tədris prosesidir. Cari ildə oktyabrın 3-də ümumi təhsil məktəblərində 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinə başlanılıb. Dövlət hesabına aparılan məktəbəhazırlıq qruplarında "Ətraf aləmlə tanışlıq", "Savad təliminə hazırlıq və nitq inkişafı", "Bədii təfəkkürün inkişafı", "Məntiqi və riyazi təfəkkürün inkişafı", "Təsviri fəaliyyət", "Musiqi" və "Fiziki mədəniyyət" dərs məşğələləri tədris edilir.

Məktəblinin dostu - müəllim və şagirdlər üçün təhlükəsiz mühit

Bu gün Azərbaycan məktəblilərin dostu da var. Belə ki, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə eyniadlı layihə həyata keçirilir. "Məktəblinin dostu"nun əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılmasıdır. "Məktəblinin dostu" seçilən şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edir. Yaradılan yüksək şəraitin nəticəsidir ki, Azərbaycan məktəblilərinin səsi beynəlxalq arenalardan gəlir. Bu il Koreya, Albaniya, Rusiya və Çində keçirilən 5 müxtəlif beynəlxalq fənn olimpiadasında Azərbaycan məktəbliləri 5 gümüş və 11 bürünc medal qazanıblar.

Təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə güzəştli kredit

Ölkənin istənilən təhsil ocağında tədris alan Azərbaycan vətəndaşı üçün innovativ imkanlar yaradılmasına start verilib. Gənclik qüvvəsinin elmə daha artıq qatqısı sinerji effekti yaradır. Bu güc isə böyük ixtiraların, innovasiyaların və beləliklə, dünyada ölkələrin üstün nüfuz göstəricisinə çevrilən elmi nəticələrin qazanılması deməkdir. Təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələr də dövlətin diqqətindədir. Onlara yardım məqsədilə Maarifçi Tələbə Kredit Fondu təsis edilib. Fondun icraçı direktoru Rüfət Mahmud vurğulayır ki, Fondun məqsədi təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır: "Müraciət edən tələbə 25 yaşdan böyük və illik ailə büdcəsi 10 min manatdan çox olmamalıdır. 70 baldan aşağı qiymət bal alan tələbə fonddan kredit götürə bilməyəcək".

Dərslik problemini necə aradan qaldırmalı? – Nazir çıxış yolunu açıqladı

İnkişaf olan yerdə çatışmazlıqlar da qaçılmazdır. Tədris ili dövründə əsas müzakirə mövzularından biri dərslik problemi ilə bağlı olur. Bu problem necə aradan qaldırılır? Təhsil naziri dərsliklərimiz tədris standartlarına uyğun olub-olmadığı haqda sualı cavablandırır: "Dərslik seçimində şəffaflığı təmin etmək məqsədilə xüsusi sayt yaradılıb. Dərsliklərin yazılması prosesində mütəxəssislərin və ictimaiyyətin də rəy və təkliflərinin nəzərə alınmasına üstünlük verilir. Elektron dərsliklərə xüsusi önəm veririk, elektron dərslik portalında 143 elektron kitab var".

Azərbaycanlı alimlərin "ThomsonReuters"lə yaxın əməkdaşlığı

Bu gün elmimizin inkişafı, alimlərimiz üçün xüsusi imkanların yaradılması məqsədilə "ThomsonReuters" arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, Azərbaycanın 40 ali təhsil müəssisəsi dünyada məşhur elmi istinad indeksi olan "ThomsonReutersWeb of Science" platformasına çıxış əldə etmək imkanı qazanıb. AMEA-nın alimləri də bu platformadan istifadə edirlər. Həmin bazaya çıxış beynəlxalq elmi dairələrdə tanınmaq və qlobal universitet reytinqlərində yüksəlmək imkanı verəcək.

Akademik Məmmədyarovdan elmin inkişafı üçün təklif

Kimya elmləri doktoru, akademik Məhərrəm Məmmədyarov hesab edir ki, Azərbaycan elminin inkişafı üçün dünya elminə inteqrasiya edilməlidir: "Bu məqsədlə gənc, istedadlı kadrların yetişməsi üçün onlara şərait yaradılmalı, inkişaf etmiş xarici ölkələrlə əlaqələr genişləndirilməli, bu ölkələrlə birgə fundamental işlərin aparılması daim diqqət mərkəzində olmalıdır. Dövlətimiz Azərbaycanda elmin inkişafına xüsusi diqqət ayırır. Elm ilə təhsilin inteqrasiyası güclənir. AMEA-da magistratura pilləsinin açılması elmin gələcəyi üçün kadr hazırlığında çox mühüm addımdır".

Nərgiz Cavadzadə
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.