
"Fevralın 1-də Talış kəndi istiqamətində ermənilərin əlinə keçmiş Azərbaycan vətəndaşı Elnur Hüseynzadə Dağlıq Qarabağdakı qondarma, separatçı rejim tərəfindən mühakimə olunub. Separatçılar "dövlət sərhədini pozduğuna görə" Elnuru həbs ediblər. Əslində bütün bunlar gülməlidir". Bunu politoloq Cümşüd Nuriyev deyib. Politoloqun sözlərinə görə, işğal olunmuş ərazidə dövlət sərhədi yoxdur: "Görün, onlar nə qədər hədlərini aşıblar ki, Azərbaycan vətəndaşını öz torpağında oğurlayaraq onun üzərində saxta məhkəmə şousu düzəldiblər. Təbii ki, havanın dumanlı olması səbəbindən vətəndaşımız yolu azıb. O əsgərdirsə, Vyana Konvensiyasına görə hərbi əsir sayılır və avtomatik olaraq hərbi əsirlər dəyişdirilir, onların hüquqları da qorunur. Ümumiyyətlə, Elnur Hüseynzadəyə qarşı heç bir cinayət işi açıla bilməz. İndi rəsmi İrəvan çalışacaq ki, bundan başqa şeylər üçün istifadə etsin. Təbii ki, Azərbaycan bu sahədə işini görür. Əgər ölkəmiz bu istiqamətdə fəaliyyətsiz olsaydı Azərbaycanın şəhid olmuş əsgəri Çingiz Qurbanovun nəşini geri qaytarmazdılar. Azərbaycanın Müdafiə Nazirliyinin bu sahədəki işi xüsusilə təqdirəlayiqdir. İlk dəfə idi ki, nazirimiz bölgəyə gedərək öz əsgərinin dəfn mərasiminə qatıldı. Bu çox gözəl bir ənənədir. Mən bir Azərbaycan vətəndaşı kimi nazirimizə minnətdaram".