SAMF Əbülfəs Qarayevə müraciət etdi Hadisə

SAMF Əbülfəs Qarayevə müraciət etdi

Fond Ağdam Çörək Muzeyinin bərpasını təklif edir

Söz Azadlığını Müdafiə Fondu (SAMF) Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə müraciət ünvanlayıb. SAMF-dən verilən məlumata görə, müraciətdə 18 may Beynəlxalq Muzeylər Günü ərəfəsində 1983-cü ildən fəaliyyət göstərmiş, dünyada ikinci, keçmiş SSRİ məkanında birinci olan Ağdam Çörək Muzeyinin bərpasına kömək edilməsi təklif olunur. Bir nüsxəsi də kütləvi informasiya vasitələrinə ünvanlanmış müraciətdə qeyd edilir ki, 2004-cü ildən fəaliyyətə başlayan Söz Azadlığını Müdafiə Fondu (SAMF) müvafiq fəaliyyət dairəsi ilə paralel olaraq ölkəmizin bir nömrəli problemi olan Qarabağ müharibəsi nəticəsində işğal altındakı maddi-mədəni irsimizin araşdırılması, qədim abidələrimizin tədqiq edilməsi, o cümlədən ölkəmizə və xalqımızın tarixinə dəymiş maddi-mənəvi zərərin miqyasının araşdırılması, hesablanması, əldə olunmuş real fakt və rəqəmlərin yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində bir neçə layihənin həyata keçirilməsinə nail olub. Belə layihələrdən biri də işğal altında olan Qarabağ muzeyləri ilə bağlıdır. Müraciətdə həmçinin qeyd edilir ki, 1983-cü ildən fəaliyyət gostərən Ağdam Çörək Muzeyi ilə bağlı fondun əməkdaşı Vüqar Tofiqlinin müəllifliyi ilə əlahiddə olaraq geniş məzmunlu tədqiqat işləri aparılıb. Ötən il isə dünyada ikinci olan muzeyin fəaliyyətə başlamasının 30 illiyi tamam olub. SAMF əməkdaşlarının layihələr çərçivəsində apardıqları çoxsaylı araşdırmalar zamanı məhz bu muzeylə bağlı əldə edilmiş iyirmidən artıq eksponat fondun arxivində saxlanılır. Müraciətin sonunda isə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə bir daha xüsusi müraciətlə qeyd edilir: "Vaxtilə məhz Ağdamda fəaliyyət göstərmiş, dünyada ikinci Çörək Muzeyinin indi rayonun işğal altında olmayan ərzasində bərpasının böyük əhəmiyyəti vardır. Keçmiş SSRİ məkanında bu statusda birinci olan muzeyin bərpası gənclərdə çörəyə və hallalığa olan münasibətin kökündən dəyişməsinə səbəb ola bilər. Bu ruhda böyüyən gəncin sabah vətən sevgisi də yetərincə olacaq. Əldə etdiyimiz eksponatları isə fəaliyyəti bərpa olunacaq muzeyə təmənnasiz təqdim etməyə hazırıq. Ağdam Çörək Muzeyinin bərpası həm xalqımızın çörəyə, bərəkətə xüsusi dəyər verməsinin nümunəsi kimi çox vacib amilin abidələşməsinə səbəb olar, həm də erməni qəsbkarlarının Azərbaycana vurduğu tarixi bir zərərin aradan qaldırılmasında əvəzsiz rol oynayar. Odur ki, dünyada ikinci olan Agdam Çörək Muzeyinin bərpası ilə bağlı atacağınız hər bir addımı alqışlayır və vətəndaş cəmiyyətinin bir təmsilçisi kimi bu addıma dəstək verməyə hazır olduğumuzu bildiririk".

Əli