

Haqqında söhbət açmaq istədiyim tarix üzrə fəlsəfə doktoru Aygün xanım Məmmədovanın bu gün ad günüdür. Düşünürəm ki, bu söhbətim onun ad gününə bir sürpriz hədiyyə olacaq. Amma, gəlin əvvəlcə onun məşğul olduğu numizmatikadan sizə qısa da olsa məlumat verim. Ola bilsin ki, aranızda bu ifadənin mənasını bilməyənlər də var. Numizmatika- sikkələr və onların zərb tarixi, qiyməti, istifadə edilmə müddəti, nominal və həqiqi dəyərlərini öyrənən köməkçi tarix elmidir...
Deyir ki:- “Qarabağ numizmatikasının müxtəlif dövrləri həm yerli, həm də xarici tədqiqatlarda müəyyən qədər araşdırılsa da, müasir dövrümüzdə belə nəticələrə yenidən baxmaq lazım gəlir. Çünki bu bölgənin tarixini dərindən bilməklə biz mənfur düşmənlərin torpaq iddialarına ləyaqətlə cavab verə bilərik. Azərbaycan Respublikasının cənub-qərbində, Həkəri çayının sol sahilindəki dağlıq ərazidə yerləşən Laçın rayonu zəngin tarixi keçmişə malikdir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları ilə həmsərhəd olan Laçın rayonu strateji mövqedə yerləşir. Laçın rayonunda zərbxananın fəaliyyətini sübut edən yeganə və nadir numizmatik faktlar- XIII əsrin 40-cı illərinə aid gümüş dirhəmlərdir. Bu zərbxananın fəaliyyəti tarixi əsərlərdə “Fars monqolları” adı ilə təqdim olunan Çingizilər dövrünə aid numizmatik tapıntılarla təsdiq edilir.”
O, 1979-cu ilin may ayının 20-də Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini Bakı şəhəri Yasamal rayonundakı 31 saylı məktəbdə bitirib. Sonra Bakı İslam Universitetinin İslamşünaslıq fakültəsində “islamşünas-şəriət müəllimi” ixtisası üzrə ali təhsil alıb. 2007-ci ildə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin aspiranturasına qəbul olunub və oranı 2013-cü ildə tarix üzrə fəlsəfə doktoru kimi başa vurub. 1999-cu ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika söbəsində baş laborant kimi əmək fəaliyyətinə başlayıb. 2006-cı ildən Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi-fond şöbəsində baş laborant, kiçik elmi işçi, elmi işçi kimi çalışıb. 2021-ci ildən bir müddət muzeyin Numizmatika Fondunun müdiri işləyib. Hazırda fondun baş mütəxəsisidir. Eyni zamanda 2020-ci ildən Qərbi Kaspi Universitetində müəllim kimi fəaliyyət göstərir...
“Numizmatik araşdırmalara əsasən, Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajında və Gürcüstan Dövlət Muzeyinin müvafiq fondlarında Laçın gümüş dirhəmləri saxlanılır. Belə dirhəmlərin üst tərəfinə əlində dartılmış yay olan atlı, atın ayaqları altında isə it, dirhəmin arxa tərəfinə isə ərəbcə “Allahdan başqa ilah yoxdur, Muhəmməd Allahın elçisidir”, 1-ci sətirdən yuxarıda ərəbcə: “Laçın” sözləri həkk edilib. Gürcüstan Dövlət Muzeyində qorunan Laçın gümüş dirhəminin üst tərəfinə atlının başı üzərinə türk dilində ərəb sözləri - “uluğ mənqıl ulus bəg” həkk olunub. Xüsusi qeyd etməliyəm ki, Laçın zərbxanasının gümüş dirhəmlərində zərb ili və hökmdar adı yoxdur və belə dirhəmlərdəki “uluq mənqıl ulus bəg” sözləri müxtəlif numizmatik yozumlarla təqdim edilib. Hicri 642 = 1244-1245-ci ilin Cənubi Qafqaz və İranda, o cümlədən Laçında istehsal edilmiş gümüş dirhəmlərinin yazıları və zərb texnikası əvvəlki dirhəmlərdən keyfiyyətcə yüksəkdir. Azərbaycan numizmatikasının banisi, AMEA-nın müxbir üzvü olan, mərhum professor Yevgeni Paxomovun fikrincə, belə dirhəmlərdəki “ulus bəy” titulu ilə ulus qoşununun rəhbəri və ya canişini təqdim olunub. Professor M. Seyfəddini isə bu titulu yalnız ulus canişininə aid edərək, mənbələrdə qoşun rəhbərinin “noyon əl-əzəm” (əzəmətli noyon) adlandırıldığını bildirib.”- söyləyir.
Qədim sikkələrlə bağlı bəzi məqamlar onu bir alim kimi çox narahat edir. Çünki mahiyyətini dərindən anlayır. Bilir ki, hər bir sikkə tarixi nöqteyi nəzərindən əvəzolunmaz bir faktdır...
Deyir ki:- “Sikkələr təkcə tarixi anlam daşımırlar, həm də idealogi məna kəsb edirlər. Əsaən qiymətli metallardan hazırlanan sikkələr günümüzə gəlib çata biliblər. Məlumdur ki, müasir dövrümüzdə bir sıra arxeoloji qazıntılarda və ya təsadüfən aşkarlanan sikkələr yalnız muzeylərə və ya mütəxəssislərə təqdim edildikdə layiqli dəyərə sahib olurlar. Lakin çox təəssüf ki, bəzi hallarda belə tapıntılar qeyri-peşəkar və ya numizmatikadan anlayışı olmayanların əlinə keçir...”
Yumor hissi yüksək xanımdır. Kübar davranışı ilə fərqlənir. Təbiətcə istedadlıdır və işlərində uğur qazanmağa israrlıdır. Ahəngdar, intellektual, tez qavrayan, məntiqli, danışığı canlı, yeniliklərə açıqdır. Eyni anda bir neçə işi birdən icra etməyə qadirdir. Milli adət ənənələrə ürəkdən bağlı və Alahın varlığına əmin olanlardandır. Odur ki, mənsub olduğu İslam dininin qayda və qanunlarına ciddi riayət edir...
...Söhbətimin sonunda Aygün xanımı ad günü münasibətilə təbrik edir, can sağlığı və daha böyük uğular arzulayıram. Yeni yaşı mübarək olsun!
Hörmətlə, Elman Eldaroğlu