“Azərbaycanın bütün ərazisində seysmoaktivlik var” Hadisə

“Azərbaycanın bütün ərazisində seysmoaktivlik var”

Professor Telman Əliyev: "Çıxış yolu bina və qurğuların zəlzələyə davamlı tikilməsidir"

Fevralın 10-da Azərbaycanda baş verən zəlzələ əhalinin bu yöndə maarifləndirilməsini daha da zəruri etdi. Panika adətən bilməzlikdən yaranır. İnsanlar gerçək durumla üzləşəndə panika özünü açıq şəkildə göstərir. Hazırda dünyada qlobal səviyyəli təhlükələrin reallaşmasından mütəxəssislər daha çox danışırlar. Daşqınlar, sellər, zəlzələlər, tufanlar, irimiqyaslı torpaq sürüşmələri əvvəlki onillərlə müqayisədə daha da artıb. Yerdə baş verən, əslində yaradılan çoxsaylı fəlakətli məqamların təsiri isə özünü daha çox zəlzələlərdə göstərməyə başlayır. Ölkə fərqi qoymayan zəlzələ yerüstü zərbələr və yerin üst qatının titrəməsidir. Vulkanların püskürməsi zamanı da kiçik yeraltı təkanlar baş verə bilər. Güclü yeraltı təkanlar evləri və tikililəri uçura, sunami və yer sürüşmələri əmələ gətirə, Yerin üst qatı formasını dəyişə bilər.
Zəlzələ Yerdəki dinamik proseslər nəticəsində baş verir. Bunun bir nəticəsi kimi lay tektonikasını göstərmək olar. Yerin özəyi və qabığı arasındakı litosfer laylar zəlzələlərin yaranmasında böyük rol oynayır. Zəlzələ Yerdəki dinamik proseslər nəticəsində baş verir. Bunun bir nəticəsi kimi lay tektonikasını göstərmək olar. Yerin özəyi və qabığı arasındakı litosfer laylar zəlzələlərin yaranmasında böyük rol oynayır. Zəlzələ əsasən bu layların sərhəd zonalarında əmələ gəlir. Mütəxəssislər hesab edir ki, müxtəlif layların bir-birinə nəzərən sürüşməsi və toqquşması yeraltı təkanlara səbəb olur. Yeraltı daşların kəsicilik möhkəmliyi həddi keçdikdə onlar burada yaranan gərginliyi sıçrayışla boşlayır və nəticədə yeraltı tektonik təkanlar baş verir. Yaranan enerjinin ölçüsü hidrogen bombasının gücündən də 100 dəfə çox olur. Bu gərginlik boşalması layların sərhəd zonalarında baş verdiyi kimi, onların orta hissələrində, möhkəmliyi zəif zonalarda də yarana bilər. Yer qabığının dərinliklərində toplanan potensial enerjinin təsiri ilə yer səthinin ani vaxt ərzində titrəməsi zəlzələ adlanır.
Professor Telman Əliyevin fikrincə, Azərbaycanın bütün ərazisində seysmoaktivlik var. Bu da müəyyən sahələrdə problemlərin artması deməkdir. 2000-ci il 25 noyabr zəlzələsinin episentri Xəzər dənizində idi. Bakının zəlzələ ocaqları dənizdədir. T.Əliyevin fikrincə, bir də Şamaxıdan Bakıya seysmik dalğalar gələ bilər: "Zəlzələnin müddəti saniyələrlə ölçülür. Hindistandan gələn alim deyirdi ki, bizdəki zəlzələ cəmi 45 saniyə çəkdi. Bakı zəlzələsinin də müddəti yaxşı ki, çox olmadı. Təbiətin halında bir amansızlıq var. İnsan elə tikib-yaratmalıdır ki, zəlzələ onu dağıda bilməsin. Tarazlıq təbiətin ən geniş yayılmış fundamental anlayışıdır. Tarazlıq insan tərəfindən pozulub. İnsan öz əməlləri ilə təəssüf ki, əksər hallarda təbiəti qəzəbləndirir. Digər tərəfdən də təbiətin qəzəbinin səbəbi təkcə insanın fəaliyyəti ilə bağlı deyil. Təbiətin özündə də bu proseslər gedir".
Zəlzələnin süni növü də var. Süni zəlzələ daha çox insan fəaliyyətilə bağlıdır. Bu zəlzələlərə adətən "bənd zəlzələləri" də deyirlər. Aydınlaşdırılıb ki, bəzi yerlərdə çəkilən bəndlərdə suyun səviyyəsi 80-100, eləcə də 120 metrə çatanda zəlzələ baş verir. Adətən çox hallarda böyük şəhərlər zəlzələlərin episentrinə düşür. Məsələn, Daşkənd, Aşqabad, eləcə də Şamaxı, Gəncə...
Telman Əliyev: "Bənd zəlzələsi ilə bu şəhərlərdə baş verən təbii fəlakətlər arasında analogiya tapmışam. Bənd zəlzələsində əsas motiv odur ki, müəyyən bir ərazidə yaranan ağırlıq artdıqda zəlzələ baş verir. Ağırlığın artması nəticəsində sıxılma gərginliyi artırır; yəni "bənd zəlzələsi"ndə göldə necə effekt yaranırsa, bu məqamda da elə effekt yaranır. Abşeron yarımadasında indi də göydələnlər tikilir. Bu zona çox yüklənib. Həticədə çox böyük fəsadlarla üzləşə bilərik".
Zəlzələ hadisəsi və onun öyrənilməsi qədim tarixə malikdir. Zəlzələni Çində hələ eramızdan əvvəl 760-cı ildə qeydə almağa başlamışlar. Zəlzələni qeyd edən ilk cihazı -seysmokopu da Çin alimi, riyaziyyatçı, astronom və coğrafiyaşünas Çyan Xen 132-ci ildə ixtira edib. Orta Asiyada zəlzələ haqqında ilk elmi əsər yazan dahi alim, böyük loğman İbn Sina (980-137) olub. İbn Sina özünün "Kitab əş-şəfa" əsərində güclü silkələnməyə məruz qalan sahələrin zəlzələnin episentri ilə üst-üstə düşmədiyi halları, Yer səthinin müxtəlif sahələrində zəlzələlərin təkrarolma tezliyini, eləcə də Ay və Günəşin zəlzələyə təsirini göstərib, zəlzələ zamanı ondan qorunmaq, ehtiyatlı davranmaq barədə mülahizələr söyləyib. Zəlzələnin öyrənilməsi məsələlərilə onun müasiri Əbu Reyhan Biruni məşğul olub.
Zəlzələ qədim zamanlardan öyrənilsə də, indiyə kimi də xalqlara bədbəxtlik gətirməkdə davam edir. Zəlzələ Yer qabığının həyat fəaliyyətinin təbii nəticəsi hesab olunur. Seysmoloqlar ehtimal edirlər ki, zəlzələlər illər bundan sonra da baş verəcək. Qorxunc tektonik hadisə kimi zəlzələnin öyrənilməsi qədim zamanlara gedib çıxsa da, ondan qorunmaq yollarının, zəlzələyə davamlı qurğular yaradılmasının tarixi bir o qədər cavandır.
T.Əliyev hesab edir ki, zəlzələyə davamlı bina və qurğuların yaradılması aktualdır: "Ona görə ki, zəlzələnin qarşısını almaq mümkün deyil. Başqa tərəfdən onun proqnozunu etibarlı şəkildə, bəzi istisnaları çıxsaq, vermək mümkün deyil. Yeganə çarə bina və qurğuların zəlzələyə davamlı tikilməsidir. Ötən əsrdə zəlzələyə davamlı qurğularla bağlı bir-birini inkar edən 2 konsepsiya yaradılıb. Onların hər ikisi təcrübədə özünü doğrulda bilmədiyindən sıradan çıxıb. Birinci konsepsiyanın məğzi belə idi ki, bina və qurğular sərt qrunt, məsələn, qaya üzərində tikilsə yaxşıdır. Hamının qəbul etdiyi bu fikir baş verən zəlzələlərdən sonra mütləqliyini itirdi. O zaman tələsik belə bir konsepsiya yaratdılar ki, bina və qurğular yumşaq qrunt, məsələn, qum, gil və s. üzərində tikilsə yaxşıdır. Bu da ağlabatan idi, yumşaq qruntun amortizasiya xassəsi sözügedən fikrə qüvvət verirdi. Ancaq 1964-cü ildə Yaponiyada baş vermiş Hiqata zəlzələsi bu ideyanın da doğruluğunu inkar etdi. Hiqatada bu konsepsiya əsasında yumşaq qrunt üzərində tikilmiş binalar böyrü üstə aşdılar".
Alimin konsepsiyasının məğzi isə belədir: "Bu, o biri konsepsiyalardan fərqli olaraq seysmik rezonans halını nəzərə almağa və ondan yayınmağa imkan verir. Konsepsiyanın mahiyyəti odur ki, sərtliyi yüksək olan bina və qurğular sərtliyi aşağı olan qrunt üzərində, sərtliyi aşağı olan bina və qurğular isə sərtliyi yüksək olan qrunt üzərində yaradılsa yaxşıdır".

Uğur