

Onunla Şamaxıda keçirilən tədbirlərin birində görüşmüşük. Orada dostların çevrəsində o da var idi. Bacardığım qədər müşahidə edib, onu dinləməyə və tanımağa çalışdım. Bu yaxınlarda filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetininin təsisçisi, şair Sona xanım Vəliyevadan onun haqqında elə gözəl sözlər eşitdim ki, müşahidələrimi cilovlayıb sizinlə bölüşmək qərarına gəldim. Onu siz də tanıyın...
Təbiətcə təhlilçidir. İnsanı diqqətlə nəzərdən keçirib haqqında söz deməyi bacarır. Qürurlu adamdır, amma cansıxıcı, quru deyil. Liderlik keyfiyyətləri var. O, həmişə yenilik axtarır, macəra həvəskarıdır. Risk etməyi, fərqliliyi xoşlayır. Fikri ilə razılaşmayan insanlarla mübahisə etməkdən çəkinmir. Çılğın xarakteri var, insanlara sevgisini necə göstərəcəyini dəqiq bilmir. Nə qədər optimist olsa da, azadlığı uğrunda mübarizə aparmağı bacarır. Onun emosiyalarını hər adam duya bilməz. Bu emosiyaları başa düşmək çətindir. Şən, mehribanxasiyyətinə görə ətrafdakılar tərəfindən sevilir...
Qəşəm Nəcəfzadə onu belə xarakterizə edir: “Mənə elə gəlir ki, o bəzi şeirlərində yerini tez nişan verir, gizləndiyi yerdən tez çıxır, bir az üstünü ay işığı ilə, bir az yağışla, bir az payızla örtməlidir ki, onu axtarsınlar, gəzsinlər və qəflətən, uzun bir dəqiqədən sonra çıxıb desin ki, “mən burdayam.” Azərbaycan poeziyasında onu çox axtardım, bəzən tez tapıldı, bəzən gec. Mən gec tapılan, axtarılan, şeirdə obrazını gizlədən şairləri çox sevirəm və o da orijinal, maraqlı bir şair kimi bu sıradadır. Onun uşaqlıq və gənclik dostu kimi, onu tanıyan, bilən adam kimi deyə blərəm ki, məhz şeirlərində onun obrazı aydın görünür. Mən onun ağlamağını görmüşəm və bilirəm ki, ağlamaq qədər insanı ifadə edən heç bir üslub ola bilməz. Bacısı, ekiztayı rəhmətə getmişdi, mənə xəbər verdi və doyunca ağladı, o hönkürtünü heç vaxt unuda bilmirəm...”
O, həyatı heç vaxt zarafat kimi qəbul etmir. Hadisələri ağılla qiymətləndirməyi bacarır. Heç kimin ağlına gəlməyən hadisələri yaşadığına görə, özü ilə ətrafdakılar arasında görünməz bir pərdə yaradır. O, həyata praktiki baxır. Ətrafdakıların heyran qaldığı və hörmət etdiyi insandır. İşləri yaxşı gedəndə hər şeyə nəzarət edə bilir və münaqişə yaradan insanlara məhəl qoymur. Bəzən hədləriasanlıqla aşmağa cəsarəti ona kömək edir. Bu da müxtəlif problemlərə səbəb olur...
Qəşəm Nəcəfzadə daha sonra deyir: “O, unudulmayan adamlardandır. İncikliyimiz də olub, küsülülüyümz də. Amma bir gün keçəndən sonra qarşılaşan kimi, ikimizi də gülmək tutub, heç özümüz də bilməmişik ki, niyə güldük, niyə küsmüşdük və niyə barışdıq? Onun şeirlərini həmişə sevmişəm, yaxşı cəhətlərindən hər yerdə ağız dolusu danışmışam, çünki onda yarımçıqlıq yoxdur, ürək dolusu adamdır, sevgisi də bütövdür, şeiri də, hətta sərbəst şeiri sevməməyi də. Bu da təbiidir. Çünki, o heca şeirinin tanınmış nümayəndəsidir. Hərdən mənim sərbəst şeirlərim haqqında belə deməyi də var: “Axşam sənin o nağıllarından bir-ikisini oxudum”. Bu cümlədə o işarə əvəzliyi onu ifadə edir ki, yəni xoşum gəlməyən nağıllarından...”
Öyrənmə qabiliyyəti çox yüksəkdir. Sərt görünüşə sahib olsa da, həzz və rahatlıq aşiqidir. Ehtiyatlı,sabit və hətta şübhəli olması uğurlarının ən böyük amilidir. Hadisələrdə detallara böyük əhəmiyyət verir. Bəzən onda qəribə bir tənhalıq hissi yaranır və buna dözməyə çalışır. Onun haqqında bilməli olduğunuz xüsusiyyətlərdən- məntiqli və məzmunlu olmasını hökmən qeyd etməliyəm və intellektual insan olduğunu deməyə bilmərəm...
Filologiya elmləri doktoru, tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov yazır: “Onun adı gələndə gözümün qabağında bu çağımızın ziyalılar mühitində cümləqayğı obrazı canlanır… Özü də, möhtəşəm, boya-boy bir obraz! Onu AYB-nin “qaraşuxası” da, “haqqa dayanan, haqqa söykənən, könlünü şerə verən şair” də, adlandırırlar və elə də var. Bütün bunlar onun torpaq- Vətən oğlu olmağından irəli gəlir.İmişlidə dünyaya gəlib, uşaqlığı, ilk gəncliyi İmişlinin Ağamallar kəninin bol-bəhrəli, yovşan ətirli çöllərində keçib, aranlı-yaylaqlı yamaclarda qoyun-quzu otarıb, çiling-ağac oynayıb, tərəkəmə həyatı yaşayıb. Elə onun səmimiliyi, istiqanlılığı, şeirin vətəndaşlıq ətri bu kənd-kəsəkdən gəlir, illər boyu şəhərdə yaşasa da, evi-eşiyi şəhərdə olsa da, çoxumuz kimi şəhər onu şəhərli edə bilməyib. Bu xaotik şəhər mühitində bir kəndçi balası qədərincə səmimiyyətini qoruyub saxlayıb və yaxşı ki, bütün bunlar bir sərvət kimi onun poetik yaradıcılığına yansıyıb, hopub, yaxşı-pis, az-çox nəyi var, özüdür, özününküdür…”
Liberal xarakterli insandır. Azadlığına böyük əhəmiyyət verdiyi üçün qaydaları, sosial normaları, qısqanclığı, şəxsiyyətinə müdaxiləni qətiyyən sevmir. O, nə istəyirsə hökmən olmalıdır. Bu xüsusiyyətinə görə münasibətlərdə bəzən çətinlik çəksə də, sağlam düşüncəsi və ictimai quruluşu ona uğur gətirir...
Bəli, haqqında söhbət açdığım yazıçı, şair, publisist Dayandur Sevgini belə tanıyıram. O, 1959-cu ildəİmişli rayonunun Ağamalılar kəndində dünyaya gəlib. 1976-cı ildə Zərdab rayonunun Şəftəxal kənd orta məktəbini, 1982-ci ildə Sumqayıt Politexnik Texnikumunu, 2008-ci ildə isə Bakı Slavyan Universitetinin bədii yaradıcılıq fakültəsinin bitirib. 2000-ci ildən 2021-ci ilədək “Kaspi” qəzetində çalışıb. Hazırda AYB-nin “Ulduz” jurnalında poeziya və nəsr şöbəsinin müdiridir...
Elman Eldaroğlu