

New York Times (NYT) qəzetinin xəbərinə görə, Rusiya, hərbi hava bazalarına edilən hücumlara cavab olaraq Ukraynaya qarşı "ciddi" tədbirlər görməyə hazırlaşır.
Xalqcebhesi.az xəbər verir ki, xəbərdə ABŞ hökumətindən adları açıqlanmayan rəsmilərin açıqlamalarına istinad edilir. Bildirilir ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən Rusiyanın müxtəlif hərbi hava bazalarına həyata keçirilən hücumlar Rusiya üçün strateji baxımdan əhəmiyyətli zərər vurub.
Rəsmilər qeyd ediblər ki, Ukrayna, dəyəri təxminən 600 dollar olan pilotsuz uçuş aparatları (PUA) vasitəsilə 100 milyon dollardan çox dəyəri olan hərbi təyyarələri məhv edə bilib. Bu da hücumların effektivliyini ortaya qoyur.
Bununla belə, ABŞ rəsmiləri bu hücumların Rusiyanı Ukraynadakı hərbi əməliyyatlarını azaltmağa vadar edəcəyini düşünmür. Əksinə, Moskvanın "ciddi" cavab verəcəyini proqnozlaşdırırlar.
Hazırda Rusiyanın hansı formada cavab verəcəyi ilə bağlı ABŞ kəşfiyyatında konkret məlumat yoxdur. Lakin ehtimallar arasında mülki obyektlərə PUA hücumları, enerji infrastrukturunun hədəfə alınması və orta mənzilli ballistik raketlərin istifadəsi də yer alır.
Rəsmilər həmçinin bildiriblər ki, Ukrayna bu əməliyyatlardan əvvəl ABŞ-ı məlumatlandırmayıb. Səbəb olaraq isə Vaşinqtonun bu hücumlara qarşı çıxacağını bilmələri göstərilir.
Məryəm Quliyeva