“Qarabağ” Futbol Akademiyasının direktoru: “Dinamo” ilə ilk oyun bizə ümid verdi İdman

“Qarabağ” Futbol Akademiyasının direktoru: “Dinamo” ilə ilk oyun bizə ümid verdi

İlk oyun bizə ümid verir. Futbolçularımıza inanırıq. Həmin matçda kifayət qədər qol epizodlarımız oldu. Oyunu təhlil etdikdən sonra bir daha gördük ki, gənclərimiz bu turnirdə artıq müəyyən təcrübə qazanıblar. Ötən illə müqayisədə daha təcrübəli heyətimiz var. Düşünürəm ki, bu gün meydanda sonadək mübarizə aparacağıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ” Futbol Akademiyasının direktoru Aftandil Hacıyev U-19 komandasının UEFA Gənclər Liqasının II təsnifat mərhələsində Xorvatiyanın “Dinamo” ( Zaqreb ) klubuna qarşı keçirəcəyi cavab oyunu ilə bağlı danışarkən deyib.

O, komandanın növbəti mərhələyə yüksəlmək şansını faizlə ifadə etməyin çətin olduğunu söyləyib: “Çünki Gənclər Liqasında gənc futbolçuların çıxış etdiyi oyunlarda hesabı dəyişmək mümkündür. Hansı komandanın hansı nəticəyə nail olacağını əvvəlcədən söyləmək asan deyil. Düşünürəm ki, bizi gərgin qarşılaşma gözləyir və hər iki komanda mərhələni keçmək üçün sona qədər mübarizə aparacaq. Bizim üçün əsas məqsəd gənclərin inkişafı və onların peşəkar futbola qazandırılmasıdır. Ötən il də bu turnirdə nisbətən gənc heyətlə çıxış etmişdik. Təbii ki, hər mərhələdə qarşımıza növbəti mərhələyə yüksəlmək hədəfi qoyuruq. Bununla yanaşı, akademiyamızın əsas məqsədi istedadlı futbolçuları qısa müddətdə peşəkar futbola çatdırmaqdır. Bu, təkcə “Qarabağ” üçün deyil, digər komandalarımız üçün də keçərlidir”.

Mütəxəssis Zaqreb akademiyasının direktoru Albert Kapellasla görüş barədə də danışıb: “Əvvəlcədən görüş barədə razılaşmışdıq. Dünən təxminən 40-45 dəqiqə davam edən görüşümüz oldu. Qısa olsa da, çox ətraflı və maraqlı müzakirələr apardıq. Albert Kapellas akademiya sahəsində ən təcrübəli mütəxəssislərdən biridir. Onun akademiya direktoru kimi fəaliyyəti, gənclərin əsas komandaya keçidindəki rolu barədə fikirləri mənim üçün çox maraqlı idi. Görüşümüz çox səmimi və səmərəli keçdi. Gələcəkdə də bu münasibətləri inkişaf etdirməyə çalışacağıq. Hələlik konkret əməkdaşlıq barədə razılığımız yoxdur. Sadəcə, təcrübə mübadiləsi, məşqçilik və qarşılıqlı münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi apardıq. Gələcəkdə yenidən görüşməyimiz də mümkündür”.

A.Hacıyev qeyd edib ki, “Qarabağ” akademiyası ilə “Dinamo” arasında əlaqələrin inkişafı üçün gələcəkdə yeni müzakirələr aparıla bilər.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. İlk matçda rəqib 2:1 hesabı ilə qalib gəlib.