AÇG çərçivəsində bu il 1,5 mlrd. dollara yaxın xərclənib İqtisadiyyat

AÇG çərçivəsində bu il 1,5 mlrd. dollara yaxın xərclənib

Bu ilin ilk üç rübü ərzində “Azəri-Çıraq-Günəşlı” yataqlar bloku (AÇG) üzrə fəaliyyətlərə təqribən 1 milyard 489 milyon dollar xərclənilib.

Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair bu ilin ilk 9 ayına nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Məlumata görə, xərclərin 401 milyon dolları əməliyyat məsrəflərin, 1 milyard 88 milyon dollar əsaslı məsrəflərin payına düşüb.

AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə əldə olunmuş məlumatların interpretasiyası və inteqrasiyası bu ilin üçüncü rübü ərzində davam etmişdir. Paralel olaraq, 2027-ci ilin yanvarında başlanması planlaşdırılan üçüncü il üçün məlumat toplanması işlərinə hazırlıqlar davam edib.

Dərinsulu Günəşli ərazisində çoxquyulu sualtı müdaxilə proqramı üçüncü rübdə təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq tamamlanıb. Proqram çərçivəsində ənənəvi üsullarla müdaxilə işlərinin aparılması çətin hesab olunan 7 sualtı quyuda müdaxilə əməliyyatları uğurla həyata keçiriib.

Mərkəzi Azəri platformasında həyata keçirilən Mərkəzi Azəri Qaz Genişləndirilməsi (CAGE) layihəsi də üçüncü rübdə uğurla tamamlanmışdır. Layihə nəticəsində platformada qazın yenidən laylara vurulma gücü 20% artırılıb ki, bu da mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək edəcək.

Layihə çərçivəsində platformadakı mövcud dörd qazvurma kompressoru əsaslı şəkildə modernləşdirilmişdir. Bu işlər platformadakı əməliyyatların fasiləsizliyi təmin olunaraq, yəni hasilatın dayandırılmasına və məşəldə əlavə qazın yandırılmasına ehtiyac olmadan, yerinə yetirilib.

Layihə çərçivəsində həmçinin qazın yenidən laylara vurulması gücünün artırılmasına və əməliyyat çevikliyinin gücləndirilməsinə dəstək məqsədilə kompressorun giriş xəttindəki kollektor boru sistemində modifikasiyalar həyata keçirilmişdir. Bu modifikasiyalar avqust ayında Mərkəzi Azəri platformasında aparılmış profilaktik işlər proqramı zamanı yerinə yetirilmiş və bunun ardınca layihə üzrə bütün qalan yekun işlər tamamlanıb.