Yanacağın yenidən bahalaşmasına hazırlıq? Hadisə

Yanacağın yenidən bahalaşmasına hazırlıq?

ARDNŞ Aİ-95 benzininin istehsalını dayandırmaq niyyətindədir

Dövlət Neft Şirkəti ölkə hökumətinə Aİ-95 benzininin istehsalını dayandırmaq və tam şəkildə Aİ-92 benzininin istehsalına keçməklə bağlı təkliflə müraciət edib.
Bu barədə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.
"Biz tələbatın ödənilməsində yaranan çətinliklə əlaqədar hökumətə müraciət etmişik. Aİ-98 və Aİ-95 markalı benzinin azad satışı həyata keçiriləcək, ancaq biz əsas gücümüzü Aİ-92 markalı benzinin istehsalına sərf edəcəyik. Yəqin ki, bu məsələyə baxılacaq. Qərar qəbul edildikdən sonra biz yalnız Aİ-92 benzini istehsal edəcəyik" deyə ARDNŞ-in prezidenti qeyd edib.
O deyib ki, neft emalı zavodu ölkədə benzinə olan tələbatı ödəmir. O bildirib ki, il ərzində respublikada benzinə olan tələbat 10-11 % civarında artır: "Heydər Əliyev adına Neft Emalı Zavodu benzina olan tələbatı ödəyə bilmir. İl ərzində respublikada benzinə olan tələbat 10-11 % civarında artır. Heç bir zavod bu tələbata tab gətirə bilməz. Yəqin ki, bu da ölkədə inkişafın, artımın olduğundan xəbər verir".
ARDNŞ-nin prezidenti benzinə olan tələbatı ödəyə bilmək üçün zavodlarda genişləndirmə işlərinin aparılacağını deyib: "Qaradağda bu ilk növbədə qaz emalı zavodunun tikintisinə başlayacağıq. Daha sonra qaz kimya zavodlarının tikintisi və həmin dövrdə neft emalı zavodunun tikintisinə başlayacağıq. Bu çox böyük proyektdir və bu ildən başlayaraq 2023-cü ilə qədər davam edəcək. Bu işlərin həyata keçirilməsi Azərbaycanda 2023-2025-ci ilə kimi benzinə olan təlabatın ödənilməsinə imkan verəcək. Benzinin keyfiyyəti problemili məsələ deyil. Çünki Azərbaycan neftinin tərkibində kükürd azdır. Bu da bizə geniş imkanlar yaradır. Amma buna baxmayaraq benzinin keyfiyyətinin Avro 4 standartlarına uyğunlaşdırılması ilə bağlı işlər gedir".
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə 92 və 95 oktan ədədli müərrik benzini markalarının idxalı müvafiq olaraq gömrük rusumundan azad edilib. Qərara əsasən, rüsum dərəcələri 15 faizdən sıfıra endirilib. Nazirlər Kabinetinin digər qərarı ilə bu markadan olan benzinlərin idxalı üzrə aksiz dərəcələri 1 tona görə 250-dən 1 dollaradək azaldılıb.
Qərar 2014-cü il iyunun 1-dək qüvvədədir.
Məlumat üçün bildirək ki, Azərbaycanda neft məhsulları Bakının iki Neft Emalı Zavodunun bazasında istehsal edilir. Hər iki zavodun birgə gücü ildə 16 milyon ton neft təşkil edir. ARDNŞ-dən hələ ötən ay bildirilmişdi ki, bu ilin aprelində Heydər Əliyev adına NEZ-də katalitinq krekinq qurğusunu yenidənqurma məqsədilə bir aylığa dayandıracaq. Həzərdə tutulduğuna görə, qurğuda yenidənqurma və onun istehsal gücünün artırılması üzrə işlər aparılacaq.
Bundan əvvəl isə ARDNŞ-nin yüksək vəzifəli nümayəndəsi bildirmişdi ki, qurğunun modernləşdirilməsi üzrə işlər onun emal gücünün bir milyon ton (2 milyon tondan 3 milyon tonadək), benzin istehsalını isə 450 min ton artırılmasına imkan verəcək.
Qurğunun gücünün artırılmasına tələbat daxili bazarda benzinə tələbatın artması ilə əlaqədardır. Qurğunun işinin dayanacağı ilə əlaqədar benzinin çatmayan həcmlərini idxal hesabına təmin etmək planlaşdırılır.
Halbuki buna qədər Azərbaycanın daxili bazarında avtomobil benzini qıtlığının olmadığı barədə fikirlər səslənirdi. Bildirilirdi ki, hazırda ölkədə istehsal edilən benzinin həcmi respublikada bu yanacaq növünə olan tələbatı ödəyir. Hökumətin 2014-cü ilədək 92 və 95 oktan ədədli benzinin idxalının gömrük rüsumları və aksiz vergisindən azad edilməsinə dair qərarı isə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda katalitik krekinq qurğusunun quraşdırılmasının dayandırılması planı ilə izah olunurdu.
O zaman qeyd olunurdu ki, katalitik krekinq qurğusunun işinin dayanması dövründə 92 və 95 oktan ədədli benzinin ölkəyə idxalı və bölüşdürülməsi bilavasitə ARDNŞ tərəfindən həyata keçiriləcək: "Lakin bu, avtomobil yanacaqdoldurma məntəqələrinin operatorlarının öz qərarlarına əsasən aldıqları 98 oktan ədədli benzinə şamil edilmir".
Bir çox ekspertlərə görə, hökumət bu təklifi qəbul edərsə, ölkədə yanacağın qiyməti yenidən qalxa bilər. Xüsusilə, Aİ-98 və Aİ-95 markalı benzinin azad satışının həyata keçiriləcəyi ilə bağlı Rövnən Abdullayevin açıqlaması yeni bahalaşma dalğasının yaranacağından xəbər verir. Təbii ki, söhbət ilk növbədə yuxarı oktanlı yanacaq növlərindən gedir.
Hökumət bu məsələdə cavabdehliyi Aİ-98 və Aİ-95 markalı benzinin azad satışının həyata keçirəcək özəl şirkətlərin üzərinə atmaqla özünü sığortalamağı nəzərdə tutur. Xüsusilə nəzərə alsaq ki, azad satışı həyata keçiriləcək bu yanacaq xaricdən idxal olunacaq, o zaman işadamlarının baha qiymətə alınan və daşınma xərcləri də üstünə əlavə olunan benzini mövcud qiymətlərlə təklif edəcəkləri real görünmür.
Məlumat üçün bildirək ki, hazırda "Azpetrol" yanacaqdoldurma məntəqələrində Rumıniya istehsalı olan Aİ-98 markalı benzininin litri 1.5 manatdır
ARDHŞ-ə gəlincə isə, şirkət yalnız özünün istehsal edəcəyi Aİ-92 markalı benzinin qiymətində mövcud məzənnəni saxlaya bilər. Bunun isə nə qədər davam edəcəyi bəribaşdan sual altındadır.
Qeyd edək ki, 2013-cü ildə təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə yanacağın qiymətlərində dəyişiklər olub. Rusiyada Aİ-95 benzinin istehlak qiyməti 5.9%, dizelin isə 8% artdığı halda Avropada qiymətlər 2.5% ucuzlaşıb. Avropa Birliyi ölkələrində qiymətlərin azalmasına səbəb, ekspertlərin fikrincə, neft qiymətlərinin 4.5% ucuzlaşmasıdır.
Eyni zamanda Gömrük İttifaqı ölkələrində benzin qiymətləri bahalaşıb. 2013-cü ildə Belarusda benzinin qiyməti 20%, Qazaxıstanda isə təxminən 5.9% bahalaşıb.
2013-cü ildə benzin ancaq 5 Avropa ölkəsində bahalaşıb. Bütün digər Avropa ölkələrində Aİ-95 benzinin qiyməti əhəmiyyətli dərəcədə azalıb, xüsusilə Macarıstanda bu göstərici 5.1% olub.
"Kortes" şirkətinin strateji inkişaf direktoru Pavel Strokovın sözlərinə görə, Rusiyada yanacaq qiymətlərinin bahalaşmasına səbəb kimi aksiz qiymətlərinin artmasıdır.
Azərbaycanda isə dünən verilən qərarla benzinə aksiz vergi dərəcələri 64-66% azaldılıb.
İqtisadçı ekspert Samir Əliyev də hesab edir ki, Aİ 95 markalı benzinin idxalı onun qiymətinin bahalaşmasına gətirib çıxar bilər: "Tarif Şurası bildiyiniz kimi Azərbaycanda istehsal olunan yanacağın qiymətini tənzimləyir. Aİ 95 markalı benzin isə idxal olunarsa, deməli Tarif Şurası onun qiymətini tənzimləməyəcək. Necə ki, Aİ 98 markalı benzində bunu görürük".
Onun fikrincə, Aİ 95 markalı benzinin ölkədə istehsalının dayandırılması və idxal edilməsi ilə bağlı məsələ avtokreditlərin dayandırılmasının benzin istehlakı ilə bağlı olması fikrini bir daha sübut edir.
Xatırladaq ki, Tarif Şurasının qərarı ilə 2013-cü il dekabrın 3-dən benzinin pərakəndə qiyməti artıb. Belə ki, Aİ-95 benzininin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti isə 1 litr üçün 70 qəpik müəyyən edilib.
Buna qədər isə 1 litr Aİ-95 markalı benzinin qiyməti 60 qəpik, Aİ-92 və Aİ-80 markalı benzinlərinin hər birinin qiyməti isə 55 qəpik təşkil edirdi. Azərbaycanda buna qədər yanacağın qiymətləri 2007-ci ildə dəyişmişdi.
CƏMİL