“Bu virusda ölüm ehtimalı çox böyükdür” Hadisə

“Bu virusda ölüm ehtimalı çox böyükdür”

Çox təhlükəli viruslardan hesab olunan ebola virusu yenidən yayılmağa başlayıb.

Qeyd olunur ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo və Uqandada virusla bağlı fövqəladə vəziyyət elan edib.

Terapevt Etibar Süleymanov xalqcebhesi.az-a bildirib ki, ebola virusu hemorragik qızdırma xəstəliyi verən çox təhlükəli viruslardan biridir: “Bu virusa ən çox Afrika ölkələrində rast gəlinir. Xəstəlik yarasalardan meymunlara və insanlara keçə bilir. İnsandan insana hava-damcı yolu ilə keçə bilmir, ancaq kontakt yolu ilə keçə bilir. Xəstə insanların qanından, tüpürcəyindən, spermadan, irinli ifrazat, nəcis, sidik və çirklənmiş maddələrdən istifadə etdikdə keçə bilir. İnkubasiya müddəti 2 gündən 21 günə qədər çəkə bilir. Ölüm faizi 25-90 faiz arasına qədər dəyişə bilir. Yəni ölüm ehtimalı çox böyükdür. Xəstəlik yüksək qızdırma, qanaxmalarla, qarın, boğaz, əzələ ağrıları ilə başlaya bilir. Konkret müalicəsi yoxdur. Çox maye qəbulu, simptomatik müalicə və hər hansı bir Afrika ölkələrinə getdikdə vaksinasiya olunmaları məsləhət görülür”.

E.Süleymanov ebola virusundan insanların necə qoruna biləcəyi haqqında da məlumat verib: “Bir daha qeyd edirəm yüksək risk olan yerlərə gedərkən vaksinasiya olunmaları, xəstə adamlarla kontaktdan maksimum uzaq durmaları, qızdırmadan vəfat etmiş insanların dəfn yerlərində və ya dəfn olunma mərasimində mümkün qədər iştirak etməmələri, həmin xəstəliyə yoluxmuş insanların əşyalarından isifadə etməmələri və qızdırmaları olduqda mütləq müraciət etmələri və ətraflı yoxlamadan keçmələri məsləhətdir”.

Röya İsrafilova