16:38
350
Azərbaycanda turizm üçün xarakterik sahələrin qeyri-neft-qaz ÜDM-də payının 2030-cu ilədək 8,6%-ə çatdırılması nəzərdə tutulur.
Bu, Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Proqrama əsasən, turizm üçün xarakterik sahələrin qeyri-neft-qaz ÜDM-də payının 2025-ci ildəki 7,5%-dən 2026-cı ildə 7,6%-ə, 2028-ci ildə 8,1%-ə, 2030-cu ildə isə 8,6%-ə yüksəldilməsi hədəflənir. Beləliklə, dövr ərzində göstəricinin 1,1 faiz bəndi artması nəzərdə tutulur.
Eyni zamanda, turizm üçün xarakterik sahələrdə yaradılan əlavə dəyərin 2025-ci ildəki 6,963 milyard manatdan 2030-cu ildə 12,171 milyard manata çatdırılması planlaşdırılır. Dövlət Proqramında bu dövr üzrə təxminən 40% real artım hədəfi müəyyən edilib.
Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində yaradılan əlavə dəyərin isə 3,573 milyard manatdan 6,189 milyard manata yüksəlməsi və bu istiqamətdə təxminən 41,6% real artım əldə olunması gözlənilir. Sahə üzrə orta illik real artım hədəfi 7,2% müəyyən edilib.
Proqram çərçivəsində xarici turistlərin Azərbaycanda xərclərinin də təxminən iki dəfə artırılması nəzərdə tutulur. Turizm üzrə daxilolmaların 2025-ci ildəki 3,3 milyard manatdan 2030-cu ildə 6,3 milyard manata çatdırılması proqnozlaşdırılır.
Qeyd edək ki, 2025-ci ildə turizm üçün xarakterik sahələrdə 7 milyard manata yaxın əlavə dəyər yaradılıb, sektorun ümumi iqtisadiyyatda payı tarixdə ilk dəfə 5,4%-ə yüksəlib. Bu göstərici pandemiyadan əvvəl, 2019-cu ildə qeydə alınmış 4,5%-lik əvvəlki maksimumu 0,9 faiz bəndi üstələyib.
17:01
245
16:57
273
16:54
287