Keyfiyyətsiz benzin problemi Hadisə

Keyfiyyətsiz benzin problemi

İşbazlar onun tərkibinə qatqılar qatırlar, aşağı oktanlı benzin daha yüksək benzin adı ilə satılır

Hər bir avtomobil sahibi, çox güman ki, keyfiyyətsiz benzin problemi ilə qarşılaşıb. Sonuncu dəfə benzin doldurduqdan sonra mühərrikin gücünün azalması və qeyri-sabit işləməsi bu problemin bariz əlamətləridir. Təəssüf ki, baka benzin doldurmaq üçün məşhur neftayırma şirkətlərinə məxsus yanacaq doldurma məntəqəsinin (YDM) seçimi heç də həmişə benzinin keyfiyyətinin yüksək olacağına zəmanət vermir.
"Fiat" markasının Azərbaycanda rəsmi distribütoru olan "Autouniversal" şirkətinin nümayəndəsi İlham Məsiyevin sözlərinə görə, mühərriklər müəyyən benzin markasına uyğun düzəldilir: "Yanma kamerasının həcmi və sıxılma dərəcəsi elə seçilir ki, benzin tam yansın və müvafiq olaraq, mühərrikin gücü də maksimal olsun. Avtomobilə oktan ədədi daha aşağı olan benzin vurduqda mühərrikin ya gücü azalır, ya səciyyəvi səs meydana gəlir, əlavə vibrasiyalar yaranır. Buna görə də, sürücülər daim avtomobil istehsalçısının tövsiyə etdiyi yanacaqdan istifadə etməlidirlər ki, bu da avtomobilin texniki göstəricilərində qeyd olunur".
Hətta avtomobilinin qeydinə qalan sürücü də tövsiyə olunan markalı benzindən istifadə etsə belə, ölkəmizdə satılan benzinin keyfiyyətinin aşağı olduğuna görə, yuxarıda qeyd olunan simptomlardan sığorta olunmayıb. Benzinin keyfiyyəti - müəyyən göstəricilər dəstidir ki, bura da oktan ədədindən savayı fraksiya tərkibi, tərkibində ola biləcək zərərli maddələrin - turşu, qələvi, üzvi birləşmələr və digər maddələrin olması aiddir. Yanacaq istehsalçısının benzinin keyfiyyətini xüsusi sertifikatda göstərməli olduğuna baxmayaraq, həmin sənəddə göstərilən məlumatların reallıqdan çox uzaq olduğu hallara da az rast gəlinmir.
Benzinin keyfiyyətinin aşağı olması bir çox hallarda satıcının vicdansızlığının nəticəsidir. Müxtəlif qatışıqlardan istifadə olunması sayəsində 76 markalı benzin möcüzəli şəkildə dəyişərək 93 markalı benzinə, 93 markalı benzin isə 95 markalı benzinə çevrilə bilər. Bu isə həmin yanacaqla "qidalanmalı" olan avtomobilə pis təsir göstərir. Qatışıqların benzin istehsalı üçün birbaşa xammala əlavə edildiyi hallar da məlumdur ki, bu da nəqliyyat vasitəsinə daha böyük ziyan vurur.
Azərbaycan Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti David Məmmədov bu yaxınlarda mətbuata açıqlamasında bildirib ki, "Azərbaycanda istehsal olunan yanacaq tam olaraq ölkə tələbatını ödəyir. Lakin bu yanacağın keyfiyyəti müasir tələblərə cavab vermir". Onun sözlərinə görə, artıq ARDNŞ yanacağın keyfiyyətinin yüksəldilməsi və əməliyyat xərclərinin yaxşılaşdırılması məqsədi ilə müvafiq işlər görməyə başlayıb. Qurum bununla bağlı inkişaf proqramı hazırlayır. İnkişaf proqramına Azərbaycanda mövcud olan neft emalı zavodlarının müasirləşdirilməsi daxildir. Bu prosesin müddəti 42-48 aya qədər olacaq və Azərbaycanda 2018-ci ildən etibarən "Avro 5" standartlarına uyğun benzin, kerosin, dizel və digər yanacaq növləri istehsal etmək mümkün olacaq. Həmin zavodlarda illik 3 mln. ton dizel, 3,4 mln. ton benzin, 350 min ton bitum, 100 min ton maye qaz istehsal etmək mümkün olacaq. 2018-ci ildən fəaliyyətə başlayacaq müasirləşdirilmiş zavodların 2030-cu ilə qədər istifadə müddəti olacaq.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov isə APA-ya müsahibəsində bəzi yanacaqdoldurma məntəqələrində (YDM) benzinin tərkibinə müdaxilə edildiyini bildirib. Ekspertlər bildirir ki, bir çox YDM-də rast gəlinən keyfiyyətsiz benzin bir qayda olaraq istehsal edilmir, sonradan düzəldilir. Başqa sözlə, zavodda bütün normalara uyğun hazırlanan benzin işbazların əlinə keçdikdən sonra onun tərkibi dəyişdirilir, aşağı oktanlı benzin daha yüksək oktanlı benzin adı ilə sürücülərə satılır.
Benzinin keyfiyyətini artırmaq üçün neft emalı zavodlarında ona müəyyən əlavələr edilir. Təbii ki, tərkibə nəyinsə əlavə edilməsi sırf istehsalçıya aid hüquqdur. Lakin YDM rəhbərliyi də bəzən öz "ixtira"larını edir. Bu ixtiralar isə istehlakçılara və ekologiyaya yalnız zərər verir. Ən geniş yayılmış fırıldaqlar isə bunlardır. Keçmiş sovet məkanında benzinə ən çox qatılan maddə naftalindir. Nənələrimizin tarakan əleyhinə işlətdiyi bu dərman canlı həşəratla yanaşı, metalı da məhv edir. Naftalin yanacaq sistemində kristallaşaraq həll olmayan maddə əmələ gətirir, işlənmiş qazların zəhərliliyini artırır. Başqa sözlə, naftalin detonasiyanın qarşısını alsa da, mühərrikə ağır zərbə vurur.
YDM-də istifadə edilən bir digər maddə texniki spirtdir. Benzin mühərriklərinin detalları spirtlə işləməyə hesablanmadığı üçün yüksək temperaturda spirtin təsirinə məruz qalan detallar tezliklə korroziyaya uğrayır.
Zavod şəraitində benzinin tərkibinə aseton da əlavə edilir (müəyyən normada). YDM-də isə aşağı oktanlı benzinə və ya dizel yanacağına aseton əlavə edərək onun oktan ədədi artırılır. 100 litr A-93 markalı benzinə 2 litr aseton əlavə etsək oktan ədədini 95-ə çatdırmaq olar. Bu zaman mühərrikdə detonasiya olmur, sürücüyə elə gəlir ki, yanacaq keyfiyyətlidir. Lakin aseton qatılan yanacağın oktan ədədi tezliklə aşağı düşür. Əgər avtomobil yanacaq doldurulanın səhəri gün çətin işə düşürsə və ya işlənmiş qazlar aseton iyi verirsə, deməli məsələ aydındır. Aseton benzindən daha ucuzdur və ondan istifadə edərək yanacağın maya dəyərini aşağı salmaq mümkündür.
Manqan tərkibli qatqılar karbüratora ciddi zərər verməsə də, injektor sisteminin obrazlı desək evini yıxır. Benzinə əlavə edilən qatqılardan biri də ferrosendir (dəmir tərkibli maddə). Alışdırma şamının elektrodlarındakı qırmızı oksid təbəqəsi benzinin tərkibində ferrosen olduğuna dəlalət edir. Ferrosen mühərrikin resursunu azaltmaqdan qeyri heç nəyə yaramır.
Zavoddan kənarda benzinə qatılan bütün maddələrin təsiri qısamüddətli olur və yanacaq çənində baş verən kimyəvi parçalanma nəticəsində ayrı-ayrı maddələr əmələ gəlir. Bu da təəssüf ki, mühərrikin işinə və ekologiyaya yalnız mənfi təsir edir. Buna görə də avtomobili uzun müddət saxladıqda yanacaq çənində minimal benzin saxlamaq lazımdır.
Digər bir məsələ isə sırf istehlakçıların vəziyyəti ilə bağlıdır. Geyim, elektrotexnika və digər mallardan fərqli olaraq heç kim aldığı keyfiyyətsiz yanacağı geri qaytarmır və belə bir prosedur ümumiyyətlə mümkün deyil. Ən yaxşısı isə hər sürücüdə YDM-lərin "qara siyahı"sının olmasıdır. Keyfiyyətsiz benzindən qaçmaq üçün zərurət olmadığı hallarda tanınmayan YDM-lərdən yanacaq almamaq şərtdir.
Neft-kimya sahəsinin mütəxəssisləri hesab edirlər ki, hazırda Azərbaycanda istifadə olunan benzin Avro-2 standartına da cavab vermir. Verilən məlumata görə, Azərbaycanda Avro-3 və Avro-4-də keçid ən yaxşı halda 2017-ci ildə ola bilər. Çünki bu standartlara cavab verən zavodlar hələ ki, ölkədə yoxdur. Bu məqsədlə Qaradağ rayonunda zavod tikintisinə başlanılıb və bu tikintiyə 15 milyard vəsait ayrılıb.
Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Əli Məsimlinin fikrincə, biləvasitə benzinin keyfiyyətini aşağı salan təşkilatlar sərt formada cəzalandırılmalıdır: "İnzibati tədbirlər birtərəfli qaydada yalnız Azərbaycan vətəndaşlarının xeyrinədir. Qanunvericilikdə nəzərdə tutulduğu kimi, Azərbaycan vətəndaşı istehlakçıdır və onun qanunla müəyyən olunmuş hüquqları var. Həmin hüquqlar pozulan zaman həmin təşkilatlar qanun qarşısında cavab verəcəklər".
Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı da hazırda yanacağın keyfiyyət probleminin qaldığını bildirir: "Bu sahədə ciddi araşdırma aparmaq üçün laboratoriya və mütəxəssis bazası olmalıdır. Bu bir ictimai təşkilatın səviyyəsində olmayan məsələdir. Amma müşahidələr göstərir ki, Azərbaycanda yanacağın keyfiyyəti ilə bağlı ciddi problemlər var. Dünyanın heç bir ölkəsində avtomobilin benzin nasosunu ildə bir dəfə dəyişmirlər. Və ya yanacaq filtrini hər 8-10 min kilometrdən sonra təzələmirlər. Bu, anormal bir vəziyyətdir. Benzin o qədər keyfiyyətsizdir ki, sürücü məcburdur hər 10 min kilometrdə bir dəfə yanacaq filtrini dəyişsin. Filtri dəyişməzsə, 3-4 ay sonra benzin nasonunu da yeniləməli olacaq. Sizdən əvvəl bir televiziya operatoru ilə söhbət edirdik. Deyir "benzini vurursan, maşını yerindən tərpətməsən də benzin azalır, tərkibində qaz var". Həqiqətən də var. Bizdə benzinin tərkibi tam olaraq təmizlənmir. Kimyəvi qatqılar var. Avtomobil yağlarının da keyfiyyəti aşağııdr. Bu məsələlər paralel həyata keçirilməlidir. Avtomobillərə Avro-4 standartı tətbiq olunur, eyni zamanda təbii ki, yolların, bütövlükdə nəqliyyat sistemində də Avropa standartlarının tətbiqi məsələsi gündəmə gətirilməlidir. Yanacağın, avtomobil yağlarının keyfiyyəti nəzarətdə saxlanmalıdır. İdxal olunan avtomobil hissələrinin keyfiyyətinə nəzarət olunmalıdır. Bunlar bütövlükdə ekoloji fəsad yarada bilən məsələlərdir".
Neft Tədqiqatları Mərkəzinin sədri İlham Şabanın bildirdiyinə görə, bu gün YDM-lərdə təklif edilən 95 markalı benzin Azərbaycanda istehsal olunmur: "Neft emalı zavodlarının sadəcə belə imkanları yoxdur. Buna görə də, 92-ci benzində oktan ədədinin süni şəkildə artırılması ilə 95-ci benzin yaradılır. Əslində ölkəmizdə heç 93-cü benzin yoxdur. Bütün bunlardan çıxış edərək, Azərbaycan benzininin keyfiyyətinin çox aşağı olduğunu demək olar. Əsası da odur ki, biz, 2021-ci ilədək bu keyfiyyətlə yaşamalı olacağıq".
Ekspert Avropa avtomobillərinin ölkəmizdə çox tez sıradan çıxdığını bildirib: "Onların əksəriyyəti 98-ci benzinə hesablanıb. Amma ölkəmizdə "müasirləşdirilmiş" 92-i ilə hərəkət edirlər. Vətəndaşlarımız hələ problemin mahiyyətini anlamayıblar və maşının özünün böyük xərc tələb etdiyini düşünürlər. Axı Avropada həmin avtomobillər 5-7 il ərzində ümumiyyətlə təmirsiz keçinirlər. Səbəb isə ondadır ki, Avropada avtomobil onun kompüter, beyin mərkəzinin uyğunlaşdırıldığı benzini alır. Azərbaycanda ona tökülən benzini avtomobil sadəcə qəbul etmir. O, sadəcə bunun nə olduğunu anlamır. Mən öz tanışlarımdan eşitmişəm ki, tamamilə yeni xarici maşın Bakı-Gəncə yolunda dayanıb və işə düşməkdən imtina edib".

Ülviyyə Tahirqızı