10:46
427
"Cari dövr ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub. Onlardan 691-i katiblik səviyyəsində həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub".
APA xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı deyib.
O qeyd edib ki, digər 124 şikayət üzrə razılıq əldə olunmadığından toplanmış materiallar baxılması üçün Şuranın Şikayətlər üzrə Komissiyasına təqdim edilib:
“Şikayətlər üzrə Komissiyada baxılan 124 məsələdən 86-sı komissiya səviyyəsində həllini tapıb. 38 məsələ ilə bağlı rəylər qərar qəbul edilməsi üçün İdarə Heyətinə təqdim edilib. Beləliklə, Şuranın İdarə Heyəti qurultaylararası dövrdə ümumilikdə 38 qərar qəbul edib. Qərarlarda əsasən jurnalistlərin qarşı tərəfin mövqeyinin işıqlandırılmasına etinasız yanaşmaları vurğulanıb, müvafiq tövsiyələr verilib. Onu da qeyd edim ki, Katiblik səviyyəsində həllini tapmış bir çox şikayətlərlə yanaşı, Şuraya şifahi müraciətlər də daxil olub. Onların sayı rəsmi qaydada göndərilmiş şikayətlərin sayından təxminən iki dəfə çoxdur. Əlbəttə, bir çox hallarda bu cür şikayətlərdə jurnalistlərdən narazılıq ifadə olunsa da, əslində, məsələlərin mahiyyəti Mətbuat Şurasının səlahiyyətlərinə aid olmayıb. Bununla belə, şifahi qaydada tərəflərlə danışıqlar apararaq həll etdiyimiz məsələlərin sayı kifayət qədər çoxdur”.