“Vətən müharibəsinin başa çatması xalqımıza qarşı törədilmiş cinayətlərin unudulması demək deyil” Siyasət

“Vətən müharibəsinin başa çatması xalqımıza qarşı törədilmiş cinayətlərin unudulması demək deyil”

“Ermənistanın əvvəlki rəhbərliyi – Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları hələ də törətdikləri cinayətlərə görə layiqli cəzalarını almayıblar. Prezident İlham Əliyev AQEM-in açılış mərasimindəki çıxışında Ermənistanın hər üç keçmiş prezidentinin törətdikləri cinayətlərə görə hələ də layiqli cəzalarını almadıqlarını vurğuladı. Həqiqətən də, Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyanın rəhbərlik etdikləri dövrlərdə Azərbaycanın suveren ərazilərinin işğalı, xalqımıza qarşı törədilmiş qətliamlar, deportasiyalar və digər ağır cinayətlərlə bağlı məsuliyyət məsələsi xüsusi diqqət tələb edir. Bu baxımdan həmin şəxslərin mümkün cinayət əməllərinə görə hüquqi məsuliyyət məsələsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalət mühakiməsi qarşısında cavab vermələri vacibdir”.

Bu sözləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamovun sözlərinə görə, dövlət başçımızın çıxışı bir daha göstərdi ki, Vətən müharibəsinin başa çatması xalqımıza qarşı törədilmiş cinayətlərin unudulması demək deyil: “Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etsə də, tarixi ədalətin təmin olunması, qurbanların xatirəsinin yaşadılması və cinayətlərin hüquqi qiymətini alması məsələsini diqqətdə saxlayır. Bu mövzu beynəlxalq platformalarda da gündəmdə olmalı, müvafiq hüquqi qiymətləndirmənin aparılması üçün səylər davam etdirilməlidir. Əsas prinsip ondan ibarətdir ki, cinayət cəzasız qalmamalıdır. Beynəlxalq ictimaiyyət də bu məsələdə ikili standartlardan çıxış etməməli, bütün müharibə cinayətlərinə eyni hüquqi meyarlarla yanaşmalıdır. Ədalətin təmin olunması yalnız keçmişin hesabının verilməsi deyil, həm də gələcəkdə oxşar faciələrin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Ermənistanın hazırkı rəhbərliyi 2018-ci ildən etibarən sələflərinin münaqişəni dərinləşdirən siyasətini davam etdirmişdir”.

O söyləyib ki, Nikol Paşinyan hakimiyyətə xalq etirazları və siyasi dəyişikliklər nəticəsində gəlsə də, onun rəhbərliyi dövründə Ermənistanın Azərbaycanla münasibətlərində ciddi irəliləyiş əldə olunmadı: “Əksinə, əvvəlki rəhbərliklərin münaqişəni uzadan siyasəti bir sıra hallarda daha sərt və təxribatçı ritorika ilə müşaydavam etdirildi. Əvvəlki Ermənistan rəhbərləri ən azı danışıqlar prosesini davam etdirməklə mövcud status-kvonu qoruyub saxlamağa çalışırdılarsa, Paşinyanın hakimiyyətə gəlişindən sonra danışıqların mahiyyətini itirən bəyanatlar və Azərbaycana qarşı hədələyici ritorika ön plana çıxdı. Onun Şuşada sərxoş vəziyyətdə yallı getməsi, Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səsləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” məzmunlu fikirlər səsləndirməsi və Azərbaycanın öz ərazilərini istəyirsə hərbi yolla geri qaytarsın çağırışları vəziyyəti daha da gərginləşdirdi. Azərbaycan xalqının milli hisslərinə toxunan və ölkəmizin suveren hüquqlarını açıq şəkildə inkar edən bu cür bəyanatlar tərəflər arasında onsuz da zəif olan etimadı sarsıtı və münaqişənin siyasi-diplomatik yollarla həlli imkanlarını sıfıra endirdi. Bütün bunlar 2020-ci ildə müharibə riskini artıran mühüm siyasi amillərdən idi. Ermənistan rəhbərliyinin məsuliyyətsiz bəyanatları və Azərbaycanın suveren hüquqlarına hörmətsiz yanaşması regionda gərginliyin dərinləşməsinə səbəb oldu. Azərbaycan isə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək hüququna malik idi və bu hüququnu həyata keçirdi. Bu gün regionda davamlı sülhün təmin olunması üçün Ermənistanın siyasi rəhbərliyi keçmişin səhvlərindən nəticə çıxarmalı, qarşılıqlı suverenliyin tanınmasına, ərazi iddialarından imtina edilməsinə və beynəlxalq hüquq prinsiplərinə əsaslanan münasibətlərin qurulmasına sadiqliyini əməli addımlarla göstərməlidir”.

Deputat diqqətə çatdırıb ki, Avropa Şurası və Avropa Parlamenti beynəlxalq münasibətlərdə anaxronizmin və atavizmin iki nümunəsi kimi
Avropa Şurasının və Avropa Parlamentinin Azərbaycana münasibətdə nümayiş etdirdiyi qərəzli yanaşmalar, eləcə də Ermənistanın mövqeyinə daha çox siyasi dəstək göstərilməsi barədə qərar və bəyanatlar Avropanın bəzi siyasi institutlarının qeyri-obyektivliyi sübut etdi: “Beynəlxalq təşkilatların fəaliyyətində ikili standartların tətbiqi regiondakı problemlərin həllinə kömək etmir, əksinə, siyasi ziddiyyətlərin dərinləşməsinə şərait yaradır. Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü bərpa etdikdən sonra da Qarabağda separatçı strukturların mövcudluğu, qanunsuz silahlanma, ərazilərin minalanması və təbii sərvətlərin qanunsuz talanı ilə bağlı problemlər davam edirdi. Separatçı qüvvələrin fəaliyyətini davam etdirməsi regionda təhlükəsizliyə ciddi təhdid yaradırdı. Belə bir şəraitdə Azərbaycanın baş verənlərə seyrçi qalması mümkün deyildi. Dövlətimiz dəfələrlə bəyan etmişdi ki, Qarabağ Azərbaycanın suveren ərazisidir və bu məsələ ölkəmizin daxili işidir. Ermənistanın Qarabağdakı separatçı qurumun nümayəndələrini beynəlxalq danışıqlarda ayrıca tərəf kimi təqdim etmək cəhdləri Azərbaycanın suverenliyinə zidd idi. Azərbaycan isə ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərin heç bir halda müzakirə predmetinə çevrilməsini qəbul etmirdi.
2023-cü il sentyabrın 19-da başlayan və sentyabrın 20-də başa çatan lokal antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bütün ərazisində bərpa etdi. Bu hadisə ölkəmizin ərazi bütövlüyü və konstitusiya quruluşunun təmin olunması baxımından mühüm mərhələ oldu. Hesab edirəm ki, beynəlxalq təşkilatlar regionda davamlı sülhün təmin olunmasına töhfə vermək istəyirlərsə, məsələlərə selektiv yanaşmadan, beynəlxalq hüququn norma və prinsipləri əsasında qiymət verməlidirlər. Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına münasibətdə vahid meyarların tətbiqi beynəlxalq münasibətlər sisteminə etimadın bərpası üçün vacibdir”.

A.Badamovun sözlərinə görə, Avropa Şurası və Avropa Parlamenti kimi institutların müasir reallıqları nəzərə alması, siyasi qərəzdən uzaq mövqe nümayiş etdirməsi və regionda sülh gündəliyinə konstruktiv töhfə verməsi zəruridir: “Bakıda hərbi cinayətlərdə ittiham olunan şəxslər üzərində məhkəmə prosesi mahiyyətinə görə Nürnberq tribunalının tarixi əhəmiyyətini xatırladır. Nürnberq tribunalı İkinci Dünya müharibəsindən sonra nasist Almaniyasının rəhbərliyində təmsil olunmuş şəxslərin beynəlxalq cinayətlərə görə mühakimə edilməsi baxımından dünya tarixində mühüm yer tutur. Bu tribunal beynəlxalq hüququn inkişafına, müharibə cinayətlərinə görə fərdi məsuliyyət prinsipinin möhkəmlənməsinə və ağır cinayətlərin cəzasız qalmamalı olduğu anlayışının təsdiqlənməsinə ciddi töhfə verib. Bakıda hərbi cinayətlərdə ittiham olunan şəxslər barəsində keçirilən məhkəmə prosesləri də mahiyyət etibarilə müharibə cinayətlərinə görə məsuliyyətin təmin edilməsi və ədalət mühakiməsinin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan ərazilərinin işğalı dövründə törədilmiş cinayətlərlə bağlı ittihamların məhkəmə qaydasında araşdırılması dövlətimizin hüquqi mövqeyinin və ədalətin təmin olunmasına verdiyi önəmin göstəricisidir. Nürnberq tribunalı ilə Bakıdakı məhkəmə prosesləri arasında tarixi, hüquqi və institusional baxımdan fərqlər mövcud olsa da, hər iki halda əsas məsələlərdən biri ağır cinayətlərdə ittiham olunan şəxslərin məsuliyyətinin hüquqi prosedurlar əsasında müəyyən edilməsidir. Əsas prinsip ondan ibarətdir ki, heç bir şəxs siyasi mövqeyinə, tutduğu vəzifəyə və ya onu dəstəkləyən qüvvələrin mövcudluğuna görə qanun qarşısında məsuliyyətdən kənarda qalmamalıdır. Azərbaycan öz ərazisində törədilmiş cinayətlərlə bağlı hüquqi prosesləri milli qanunvericiliyə və beynəlxalq hüquq öhdəliklərinə uyğun şəkildə həyata keçirmişdir.
Ədalət mühakiməsinin məqsədi yalnız cinayət törətməkdə ittiham olunan şəxslərin cəzalandırılması deyil, həm də zərərçəkmişlərin hüquqlarının tanınması, həqiqətlərin üzə çıxarılması və gələcəkdə oxşar cinayətlərin qarşısının alınmasıdır. Bu baxımdan Azərbaycan ərazilərində törədilmiş ağır cinayətlərə hüquqi qiymət verilməsi həm ölkəmiz, həm də beynəlxalq hüququn aliliyi prinsipi üçün əhəmiyyət daşıyır. Azərbaycan xalqımızın çəkdiyi əzablara səbəb olmuş şəxslərin səviyyəsinə enmədi. Bəli, Azərbaycan qalib olmaqla yanaşı, humanist mövqeyini də qoruyub saxlayan xalqdır. Əgər biz də bizə qarşı cinayətlər törətmiş qüvvələrin istifadə etdiyi üsullara əl atsaydıq, onların törətdiyi vəhşiliklərə eyni şəkildə cavab versəydik, özümüzü fərqləndirən mənəvi üstünlüyü itirərdik. Lakin Azərbaycan xalqı və dövləti öz mübarizəsini beynəlxalq hüququn tanıdığı ərazi bütövlüyü və suverenliyin bərpası məqsədi ilə apardı”.

Deputat vurğulayıb ki, Azərbaycanın əsas məqsədi işğal altında olan torpaqlarını azad etmək, suverenliyini bərpa etmək və öz ərazilərində qanuni dövlət idarəçiliyini təmin etmək idi: “Bizim mübarizəmiz qisas məqsədi daşımırdı. Əsas məqsəd tarixi ədalətin bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması idi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqı böyük faciələr yaşayıb. Xocalı soyqırımı, şəhər və kəndlərimizin dağıdılması, mülki əhalinin qətlə yetirilməsi, yüz minlərlə insanın doğma yurdlarından didərgin salınması yaddaşımızda dərin iz buraxıb. Buna baxmayaraq Azərbaycan dövləti öz məqsədlərinə çatmaq üçün mülki əhaliyə qarşı qisas siyasəti yürütmədi və özünü cinayətkar əməllərlə eyniləşdirmədi. Qələbənin əsl mahiyyəti yalnız hərbi üstünlük əldə etməkdən ibarət deyil. Əsl qələbə həm də beynəlxalq hüquqa, insan ləyaqətinə və humanizm prinsiplərinə sadiq qalmaqdır. Azərbaycan öz suverenliyini bərpa etməklə yanaşı, bu prinsipləri qorumağın vacibliyini də nümayiş etdirdi. Bu gün qarşıda duran əsas vəzifə azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi və regionda davamlı sülhün qurulmasıdır. Azərbaycan məhz bu məqsədlərə yönəlmiş siyasət həyata keçirir.
BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər yaradılmayana qədər müharibələr və münaqişələr davam edəcək. Müasir beynəlxalq münasibətlər sisteminin ən ciddi problemlərindən biri beynəlxalq hüququn norma və prinsipləri ilə onların praktikada həyata keçirilməsi arasında mövcud olan fərqdir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qərar və qətnamələrin icrasının təmin olunmaması beynəlxalq hüququn nüfuzuna ciddi zərbə vurur və dövlətlər arasında ədalətə inamı zəiflədir”.

O əlavə edib ki, Azərbaycan bu problemin nəticələrini uzun illər ərzində öz təcrübəsində hiss edib: “Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurası 1993-cü ildə dörd qətnamə qəbul etmişdi. Həmin qətnamələrdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təsdiqlənir, işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılması ilə bağlı tələblər irəli sürülürdü. Lakin bu qərarların uzun müddət icra edilməməsi münaqişənin həllini gecikdirdi və xalqımızın əzablarının davam etməsinə səbəb oldu. Bu təcrübə bir daha göstərdi ki, beynəlxalq təşkilatların qərarları yalnız siyasi bəyanat səviyyəsində qalmamalı, onların icrasını təmin edən təsirli mexanizmlər də mövcud olmalıdır. Əks halda, beynəlxalq hüquq kağız üzərində qalan normalar toplusuna çevrilə, güc amili isə beynəlxalq münasibətlərdə üstünlük qalacaq. BMT-də islahatların aparılması, xüsusilə Təhlükəsizlik Şurasının fəaliyyətinin təkmilləşdirilməsi və qəbul edilən qərarların icrasına nəzarət mexanizmlərinin gücləndirilməsi bu baxımdan zəruridir. Eyni zamanda, beynəlxalq təhlükəsizlik sistemində ədalətlilik, təmsilçilik və məsuliyyət prinsipləri gücləndirilməli, ayrı-ayrı dövlətlərin siyasi maraqlarının ümumi beynəlxalq təhlükəsizlik maraqlarından üstün tutulmasının qarşısı alınmalıdır. Əgər beynəlxalq hüququn norma və prinsipləri bütün dövlətlərə eyni şəkildə tətbiq olunarsa, münaqişələrin qarşısının alınması və onların sülh yolu ilə həlli üçün daha əlverişli şərait yaranar. Əks halda, ikili standartlar, qərarların icrasına münasibətdə seçicilik və güc amilinə əsaslanan siyasət yeni münaqişələrin yaranmasına, mövcud müharibələrin uzanmasına səbəb olacaqdır. Azərbaycan beynəlxalq hüququn pozulmasından ciddi əziyyət çəkmiş dövlətlərdən biri kimi bu məsələnin əhəmiyyətini yaxşı anlayır. Məhz buna görə də Prezident İlham Əliyevin beynəlxalq hüququn aliliyinin təmin olunması, beynəlxalq təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi və qlobal problemlərin ədalətli həlli ilə bağlı təşəbbüsləri mühüm əhəmiyyət daşıyır”.

Röya İsrafilova