“Dövlət başçısı Ermənistanın hər üç keçmiş prezidentinin və onların tərəfdarlarının cəzasız qalmamalı olduğunu vurğuladı” Siyasət

“Dövlət başçısı Ermənistanın hər üç keçmiş prezidentinin və onların tərəfdarlarının cəzasız qalmamalı olduğunu vurğuladı”

“Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda keçirilən AQEM-in VII Zirvə Görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın tarixi ədalət, müharibə cinayətlərinə görə məsuliyyət və beynəlxalq hüququn aliliyi məsələlərində mövqeyini bir daha ortaya qoydu”.

Bunu xalqcebhesi.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

O qeyd edib ki, dövlət başçısı Ermənistanın hər üç keçmiş prezidentinin və onların tərəfdarlarının məsuliyyəti məsələsini gündəmə gətirərək törədilmiş ağır cinayətlərin cəzasız qalmamalı olduğunu vurğuladı: “Prezidentin çıxışında diqqətçəkən məqamlardan biri də Ermənistanın 2018-ci ildən sonrakı rəhbərliyinin əvvəlki işğal siyasətini davam etdirməsi ilə bağlı fikirləri idi. Dövlət başçısı Bakıda hərbi cinayətlərdə ittiham olunan şəxslərin məhkəmə prosesini mahiyyətinə və formasına görə Nürnberq tribunalının analoqu kimi qiymətləndirdi. Bu müqayisə, ilk növbədə, ağır cinayətlərə görə fərdi məsuliyyətin müəyyənləşdirilməsi və tarixi ədalətin təmin olunması mesajını daşıyır. Prezidentin Azərbaycan xalqının çəkdiyi əzablara baxmayaraq qarşı tərəfin törətdiyi vəhşiliklərə eyni üsullarla cavab vermədiyini vurğulaması isə Azərbaycanın öz mövqeyini hüquqi məsuliyyət və dövlət suverenliyi prinsipləri əsasında təqdim etdiyini göstərir”.

“Prezident İlham Əliyevin çıxışının digər mühüm istiqaməti beynəlxalq təşkilatların fəaliyyətinə yönəlmiş tənqidlər idi. Dövlət başçısının Avropa Şurası və Avropa Parlamentini beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin nümunələri adlandırması bu qurumların Azərbaycanla bağlı mövqelərinə verilən sərt siyasi qiymət idi. Burada əsas məsələ beynəlxalq təşkilatların qəbul etdikləri qərarlarla onların real fəaliyyəti arasında yaranan ziddiyyətlərdir. Azərbaycan uzun illər BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərlə bağlı dörd qətnaməsinin icrasını gözlədi, lakin həmin sənədlərin yerinə yetirilməsi təmin edilmədi” - deyə Z.Qarayeva əlavə edib.

Politoloq həmçinin söyləyib ki, Prezidentin çıxışında səsləndirilən əsas mesajlardan biri də məhz beynəlxalq hüququn yalnız kağız üzərində qalmaması zərurətidir: “Qətnamələrin icrasını təmin edən təsirli mexanizmlər formalaşdırılmadıqca, beynəlxalq təşkilatların münaqişələrin qarşısını almaq imkanları məhdud qalacaq. Bu baxımdan dövlət başçısının Bakıda səsləndirdiyi fikirlər yalnız Azərbaycan-Ermənistan münasibətlərinə deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sisteminin islahatlara ehtiyacına diqqət yönəldən siyasi mesaj kimi qiymətləndirilə bilər”.

Röya İsrafilova