Ermənilərə idiot deyən Brayza... Hadisə

Ermənilərə idiot deyən Brayza...

Arzu Şirinova

Bakıda NATO Parlament Assambleyasının "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı "Rose-Roth" seminarı keçirilirdi. Həmin seminarda Müdafiə Araşdırmaları üzrə Beynəlxalq Mərkəzin direktoru Metyu Brayza da iştirak edirdi. Onun çıxışı sinirləri gərsə də, cavabı verilib və bir daha aydın olub ki, Metyu Brayza erməni lobbisinin maşasıdır. Brayza seminarda deyib ki, ATƏT-in Minsk qrupunun münaqişənin həlli məqsədilə uzun illərdir göstərdiyi səylərə baxmayaraq, problem hələ də qalır: "Dağlıq Qarabağ münaqişəsinin həllində hərb variantından istifadə ehtimallarının azaldılması istiqamətində işləri davam etdirmək lazımdır". Sonra Brayza münaqişənin səbəbini göstərməyərək ümumi şəkildə tərəfləri dil tapmağa çağırıb.
Seminarda iştirak edən ermənilərə Brayzanın çıxışı xoş gəlib və onlar maşalarını alqışlayıblar. Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Metyu Brayzanın çıxışına sərt münasibət bildirib: "Mən əvvəldən də Brayzanın mövqeyini sərt tənqid etmişəm. Təəssüf ki, yenə də bu mövqedə qalmaq zorundayam. Brayza artıq müstəqil ekspert olsa da, yenə özünü ABŞ Dövlət Departamentinin əməkdaşı kimi aparır və onların mövqeyini ifadə edir, özünün yox. Cənab Brayza, həyat yoldaşınız türk olduğuna görə ermənilər sizin Azərbaycanda bir ildən çox səfir olmağınıza imkan vermədi. Siz bunlardan ədalət gözləyirsiniz?"
...Bir vaxtlar ATƏT-in Minsk qrupunda amerikalı həmsədr olaraq fəaliyyət göstərən və fəaliyyəti dövründə yalnız ermənilərin maraqlarına xitmət edən Metyu Brayza sonradan Azərbaycana səfir gəlmək istədi. Və bu istəyin qarşısına erməni lobbbisi sipər çəkdi. ABŞ Senatının Xarici Əlaqələr komitəsində Metyu Brayzanın Azərbaycana səfir postuna namizəd olaraq irəli sürülməsini əngəlləməyə çalışan və buna dəfələrlə nail olan erməni lobbisi başqa variantlara əl atdılar. Erməni təşkilatları Brayzanın Qarabağ məsələsində gah bu, gah digər mövqedən çıxışına dair yeni dəlillər açıqladılar. Guya ki, Brayza Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındadır. Brayza da 2010-cu il avqustun 4-də onun namizədliyini əngəlləyən senator Barbara Bokserin suallarına göndərdiyi yazılı cavablarda Azərbaycanın əleyhinə oldu: "Haxçıvanın Culfa rayonunda qədim erməni qəbirlərinin dağıdılmasına görə Azərbaycan məsuliyyət daşıyır". Halbuki, əvvəlki dinləmələrdə Brayza bu məsələnin üstüntün keçmiş və ortaya birmənalı mövqe qoymamışdı. Elə buna görə də məkirli və bic erməni diasporu Brayzadan yazılı mövqe bildirməsini istəmişdilər.
Eyni zamanda, Brayza bir məsələdə də Azərbaycanın əleyhinə yazılı fikir bildirdi. Elə həmin ilin iyunun 14-də cəbhə xəttinin Tərtər istiqamətində 5 erməni əsgərinin öldürülməsilə nəticələnən atışma barədə Bokserin sualına Brayza belə cavab verdi:"Mən bu hadisələrin Azərbaycan qüvvələrinin təmas xəttini keçməsi nəticəsində meydana gəldiyini demişəm. Ancaq faciəli hadisəyə səbəb olan bütün detallar hələ məəlum deyil. Minsk qrupunun həmsədri olarkən mən müharibənin yenidən başlanmasına yönələn tədbirləri daim pisləmişəm, münaqişənin hərbi yolla həllinin mövcud olmadığını demişəm. ABŞ-ın Bakıdakı səfiri vəzifəsinə təyin olunsam, bu xətti davam etdirəcəyəm".
O zaman mən də olmaq şərtilə əksər jurnalistlər, eləcə də siyasi ekspertlər belə düşünürdü ki, Brayzanın başqa çıxış yolu yoxdur. Baxır ki, vəzifəyə təyin olunmaq üçün mütləq haqq-nahaqq Azərbaycanın əleyhinə danışmalısan, yalandan deməlisən ki, Naxçıvanın Culfa rayonunda "qədim erməni qəbristanlığını azərbaycanlılar dağıdıb", "təmas xəttini ermənilər deyil, azərbaycanlılar keçir". Bəlkə bundan sonra Brayzanın bəxti gülər və vəzifəyə təyin olunar...
Bəli, Brayza Azərbaycanın əleyhinə danışdı və səfir təyin olundu. Və biz bu təyinatı az qala bayram elədik. Ancaq görünür əbəs yerə imiş. Çünki Brayza elə Brayzadır...
...Metyu Brayza ATƏT-in Minsk qrupuna həmsədrlik etdiyi vaxtlarda maraqlı bir olay baş verdi. Həmsədrlərin regiona növbəti turnesi zamanı erməni mətbuatı Metyu Brayzanın açıqlamasını təhrif elədi. Təbii ki, Brayza Azərbaycana gələn kimi bizim jurnalistlərin suallarına cavab verməli oldu. Onun cavabı belə idi: "Oni idiotı". Bugün isə Bakıda Brayza bir vaxtlar idiot adlandırdığı ermənilərin yanındadır. Buna nə ad vermək olar, bax bu çox maraqlıdır...