Azərbaycan: həqiqətin tarixi, yaxud tarixin həqiqəti Hadisə

Azərbaycan: həqiqətin tarixi, yaxud tarixin həqiqəti

Hər bir xalqın tarixi demək olar ki, bütün hallarda həqiqətin və siyasətin xəlitəsindən ibarətdir. Siyasət həqiqətin reallaşma kodlarından birini təşkil edir. Həqiqətlə siyasətin ayrılmazlığı varlığın struktur dialektikasına müncər olunur. Həqiqət siyasətin içindən keçib üzünü dəyişir: siyasi dona bürünür. Ancaq dünyanın bir sarsılmaz teohəqiqəti də var: "Həqiqət"in "Haqq"a leksik bağlılığı, əslində varlığın ilahi struktur dialektikasını özündə əks etdirir. İnsanın və cəmiyyətin yaşamının həqiqətə müncər olunması varlığın teokosmik harmoniyasını inikas edir. Bəşər mədəniyyətinin mövcudluğunu təşkil edən sinergetizm (özünütəşkil) belə anormal törəmələri zamanla kosmoqonik mutasiya - "tarixin səhvi" kimi aradan qaldırır. Öz həqiqətindən qaçan, onu təhrif edib yalan tarix - "siyasət" yaradan xalqlar özləri də bilmədən özlərini kosmoqonik mutasiyaya - "tarixin səhvinə" çevirirlər. Belə bir faciəni dünyanın gözünün qabağında üzdəniraq erməni xalqı yaşamaqdadır.
Azərbaycanlı üçün həqiqət böyük və kiçikliyindən, acı və şirinliyindən, məzmun və keyfiyyətindən asılı olmayaraq bütün hallarda onun varlığının əsasını təşkil edir. Azərbaycanlı milli həqiqətin işartısında sönməyən ocağın, təkdə ümuminin, zərrədə küllün, potensiyada kinetikanın, sükunətdə təkamülün bəsirətlisi və aşiqidir. AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Yaqub Mahmudov da özünün Azərbaycan, ingilis və rus dillərində çap olunmuş, fiziki-poliqrafik tutumuna görə bir "işartı" ola biləcək "Azərbaycanlılar: (etnik-siyasi tarixə ümumi baxış)" kitabı ilə (Bakı, "Aspoliqraf", 2008) əslində ifadə etdiyi milli həqiqətlər baxımından Azərbaycan xalqı üçün bir tarixi həqiqət ocağını yandırıb.
"Azərbaycanlılar: (etnik-siyasi tarixə ümumi baxış)" kitabı kiçik həcminə rəğmən böyük milli və elmi həqiqətləri ifadə edir. 16 səhifəlik poliqrafik həcmə "yerləşdirilmiş" "azərbaycanlı həqiqəti" əhatə etdiyi milli zaman və məkanın miqyası baxımından etnokosmik bütövü gerçəkləşdirir. Burada milli tarixin başlanğıcı və prosessual-cari sonu, dünəni və bugünü fasiləsiz etnokosmik dialektikanı təcəssüm etdirir. Kitab onda təqdim olunan milli tarixin struktur sistemi, sistemi təşkil edən etnik tarix vahidlərinin hərəkət və münasibətlər dialektikası baxımından əslində "milli kimlik sənədidir". Həmin sənədi çağdaş Azərbaycan tarixi və tarixçiliyinin konstitusional bəyannaməsi də adlandırmaq olar.
Prof. Y.Mahmudovun "Azərbaycanlılar: (etnik-siyasi tarixə ümumi baxış)" adlı kitabı bizcə, elə monoqrafik layihə kimi yox, məhz bir sənəd olaraq düşünülüb. Bu mənada həmin kitab bir sənəd olaraq Azərbaycan tarix elminin çağdaş iradəsinin Azərbaycan xalqının milli ehtiyacları ilə şərtlənən ifadəsidir. Bu "sənəd-kitab" heç bir halda və heç bir ehkama iddia etməyərək, Azərbaycan tarixçilik elmində mövcud olan polemika imkanlarını saxlamaq şərtilə milli həqiqətimizin daim boğulmuş, təqiblərə məruz qalmış, künclərə sıxışdırılmış, ürəklərdə gizlədilmiş, milli mənlik şüurunun alt qatlarında dondurulmuş potensial həqiqətlərinin, nəhayət ki, elmi gerçəklik statasunu almasıdır.
Azərbaycan tarix elminin ağsaqqalı Yaqub müəllimin bu kitabı eyni zamanda XX əsr Azərbaycan tarixçilik elmində mövcud olmuş siyasi-ideoloji mutasiyaların aradan qaldırılması istiqamətində qoyulmuş etibarlı bünövrədir.
Hər bir xalqın tarix elmi onun tarixinin reallıqlarını özündə əks etdirir. XX əsr Azərbaycan tarixi əslində müstəmləkə epoxasının tarixidir. Onu akademik-rəsmi təqdimatında etnokosmik mutasiyaların ifrat ifadəsi kimi tarixçilik elminə karikatura da adlandırmaq mümkündür. Mahiyyətində rus şovinizmi duran sovet tarixçilik elminin Azərbaycan tarixçiliyində yaratdığı eybəcərliklər yalnız yazılmış tarix kitablarının səhifələrində qalmayıb, eyni zamanda, milli mənəviyyat tariximizin də patoloji gerçəklərinə dönüb.
XX əsr Azərbaycan tarix elmi əslində tarixi həqiqətlə siyasi tarixin qeyri-bərabər mübarizə meydanı idi. Tarixçilər arasında gedən sonsuz mübahisələrin mahiyyətini bir məsələ - türk və qeyri-türk etnosların (başlıca olaraq irandilli etnik birliklərin) "Azərbaycan tarixi"ndə hansı konsepsiya əsasında "vahid bir xalqın" tarixi kimi sintezləşdirməsi təşkil edirdi. Sovet dönəmində bu məsələ stalinizmin qanlı repressiya aparatının vasitəsi ilə paniranist mövqedən həll olunmuşdu. Başqa sözlə, "Azərbaycan tarixi" qeyri-türklərin (irandillilərin, yaxşı halda: naməlumdillilərin) tarixi kimi başlanır, türklərin tarixi kimi tamamlanırdı. Paniranizm sovet imperiyasının dövlət maraqlarına xidmət edən və mahiyyətcə şovinist ideologiya idi. Bütün mahiyyəti çox əhəmiyyətli hissəsi müsəlman türklərdən ibarət olan SSRİ-də yaşayan türkləri hind-Arvopa kökənli rus nüvəsinin ətrafında birləşdirmək idi. Azərbaycanlıların türk olması, Anadolu türklərinə etnokosmik bağlılığı onları təbii olaraq Türkiyəyə meylləndirirdi. Bu isə "mərkəzdənqaçma" idi. Paniranizmin yeritdiyi konsepsiyaya görə, Azərbaycan xalqı öz kökləri etibarilə türk yox, irandillidir. O, sonradan - orta əsrlərdə səlcuqların gəlişi ilə türkləşib.
Təbii ki, qədim Azərbaycan ərazisində türkdilli etnoslarla yanaşı, qeyri-türkdillilər də olub. Paniranizmin türkləri Azərbaycan xalqının etnokosmik nüvəsindən silməyə çalışması onun maraqlarına xidmət etsə də, tarixşünaslıqda, insanların ictimai şüurunda çox böyük patalogiyalar yaradıb (Bu, sovet ideologiyasının bəşəriyyət qarşısında işlədiyi bitib-tükənməyən cinayətlərdən biridir). Belə ki, Azərbaycanın etnogenezində etnokosmik substrat və etnokonsolidasiya müstəvisi rolunu oynamış türklərin şovinistcəsinə silinməsinə edilən etiraz məhz paniranizmin təsiri altında elmi həqiqətin axtarışları ilə yanaşı, daha çox milli müqavimət mahiyyəti daşıyan "türkçülüyün" də formalaşmasına səbəb oldu. Keçən əsrin 30-cu illərində Azərbaycan ziyalılarının "pantürkist" adı altında kütləvi məhvi sonradan milli yaddaşa qanla yazıldı. Azərbaycan tarixşünaslığında bu gün belə davam edən "irançılıq" və "türkçülük" qarşıdurması obyektiv "Azərbaycan tarixi" konsepsiyasının və tarixin üzə çıxmasına daim mane oldu. Bu mənada prof. Y.Mahmudovun "Azərbaycanlılar: (etnik-siyasi tarixə ümumi baxış)" əsəri, əslində gerçək "Azərbaycan tarixi" konsepsiyasının "preambulasıdır".
Yaqub müəllimin "Azərbaycanlılar: (etnik-siyasi tarixə ümumi baxış)" adlı kitabı müəllif tərəfindən heç bir halda ehkam kimi düşünülməyib. Lakin bu kitabı bir tarixi əsər kimi XX əsrin ambisioz prezumpsiyasından (doğruluğu rədd edilmədikcə həqiqi sayılan ambisiyalı fərziyyə - yalanlardan) fərqləndirən başlıca göstərici əsərin etnik tarix konsepsiyasının məntiqini özündə əks etdirməsidir. Bu, son dərəcə mühümdür. Çünki Y.Mahmudovun əsərinin bütün mahiyyəti onun əsərinin əvvəlində reallaşdırılmış etnogenez modelinin konseptual bütövlüyünə və sistem kamilliyinə müncər olunmaqla birbaşa onunla şərtlənir. Etnokosmik böyümənin belə bir konseptual sistemliliyi kitabda var və onu vurğulamadan, əslində kitabın və onun müəllifinin "tarix və tarixçilik" cizgilərini yarımçıq vermiş olarıq.
Biz burada kitabın bütöv təhlilindən yan keçməklə konseptual baxımdan əsas, müəyyənləşdirici və şərtləndirici semantemi və onun sistem elementlərini vurğulumaq istərdik. Bu əsas məqam Y.Mahmudovun kitabında təqdim olunmuş etnogenez modelinin özünəqədərki mutativ modellərdən fərqli olaraq fasiləsiz etnik prosesi təqdim etməsi ilə bağlıdır.
Prof. Y.Mahmudovun "Azərbaycanlılar" etnogenetik modeli hər cür yarımçıqlıqdan, antidialektik və süni, reallığı əks etdirməyən yanaşmalardan uzaq sistemdir. Bu sistemdə "Azərbaycan tarixi" özünün bütün etnostruktur elementləri ilə birlikdə üzvi hadisədir. Məhz qeyri-üzviliyə müncər olunan məntiqsizlik XX əsr Azərbaycan sovet tarixçiliyinin etnogenez modelinin axsayan, yarımçıq və zəif tərəfi idi. Bu tarixin təqdim etdiyi "Azərbaycan xalqı" eklektik, biri digərini inkar edən, biri o birisi ilə heç bir halda harmoniyaya girməyən və bununla da reallığı əks etdirməyən süni model idi. Bu model kağız üzərində idi və onu rusbaşlı tarixçilər yaratmışdılar.
Həmin model bütün hallarda antidialektik idi. Əslində onu, sözün gerçək anlamında, mutasiya adlandırmaq olar. Gerçək tarixin necə olmasından asılı olmayaraq, kağız üzərində yazılmış və rəsmi olaraq qəbul edilmiş tarix biri-birindən tamamilə fərqli, əlaqəsiz, biri o biri ilə uyuşmayan, obrazlı desək biri dağdan, biri isə bağdan olan təsadüfi elementlərin süni şəkildə bir müstəvidə birləşdirilməsindən yaradılmışdı. Və bu tarixin söykəndiyi ən böyük faktor "assimilyasiya" faktoru idi.
Etnik assimilyasiya bir xalqın digər xalqın içərisində əriməsini nəzərdə tutan prosesdir. Tarix assimilyasiyalarla zəngindir. Tarix eyni zamanda assimilyasiyaların elmi təcrübəsi ilə də zəngindir və bu təcrübə heç bir halda XX əsr Azərbaycan tarixində eksperimentləşdirilmiş "assimilyasiya modelini" təsdiq etmir. Çünki maddi aləmin struktur dialektikasına görə, assimilyasiya olunan element assimilyasiya edənin böyük və kiçikliyindən, etnokosmik enerjisindən asılı olmayaraq assimilyasiya olunarkən daxil olduğu sistemdə, bütün parametrlər üzrə hər hansı forma və məzmunda dəyişiklik yaratmalıdır. Ən kiçik xalq belə ən böyük xalqın içərisində izsiz, soraqsız, başqa sözlə, prosessual dəyişiklik yaratmadan yox ola bilməz. Maddi aləmin strukturuna görə, makromolekulyar sistemə ən kiçik mikromolekualyar sistemin daxil olması belə onda molekulyar birləşmələr, kəmiyyət törəmələri yaradır. Assimilyasiya edən makroetnik sistemin hər hansı mikrosistemi daxilinə alması orqanik prosesdir. Daxildə etnokosmik reaksiyalar gedir və bunun nəticəsi sistemdə yeni, yaxud yeniləşmiş elementlərin, struktur səviyyələrinin simasında öz əksini tapır.
Halbuki Azərbaycan sovet tarixçiliyində izsiz-soraqsız assimilyasiya edilmiş "xalqlar" hesab olunan mannalılar, midiyalılar, daha sonra albaniyalılar heç də mikrosistemlər olmayıb, özləri avtonom makrosistemlər idi. Onların XX əsr sovet tarix elmində köçəri kütlə kimi təqdim olunan türklər tərəfindən sanki olmayıbmışlar kimi assimilyasiya olunmasının rəsmiləşdirilməsi etnogenez və ümumən tarix elminin hər cür sağlam məntiqinə ziddir. Azərbaycan tarixində həmin uydurma etnosların izlərini tapa bilməyənlər köçəri türklərin antropoloji tip kimi monqoloid olmasını və çağdaş Azərbaycan xalqının antropoloji sistemində avropoid tipin varlığını məhz vaxtilə assimilyasiya olunanlara aid olmasını əsas götürürdülər. Bu məsələ tapılmış nadir arxeoloji faktlar əsasında prof. Y.Mahmudov tərəfindən məhz belə konstitusionallaşdırılıb: "Azərbaycanlılar... Ağ (Avropa) irqin xəzər (kaspi) tipinə aid olunurlar".
Prof. Y.Mahmudovun "Azərbaycanlılar: (etnik-siyasi tarixə ümumi baxış)" əsərinin ən əsas dəyəri onun "Azərbaycan xalqı" anlayışını etnik tarixin reallıqlarına uyğun təqdim etməsində ifadə olunur. O, ağsaqqal alim kimi, hər cür ambisioz yanaşmadan qorunmuş, hətta qərəzli antitezlərin özündə belə sağlam sayıla biləcək elementləri ayırıb onları məntiqi düşüncə sisteminə daxil edib.
"Azərbaycanlılar: (etnik-siyasi tarixə ümumi baxış)" əsərini ümumi şəkildə səciyyələndirmək istəsək, aşağıdakı tezisləri tövsif etmək mümkündür:
Kitabda Azərbaycan xalqı etnik-fiziki və regional-tarixi sistemi olaraq konstitusionallaşıb. Prof. Y.Mahmudov yazır: "Azərbaycanlılar Anadolu türklərindən sonra dünyanın ikinci böyük türk xalqıdır. Azərbaycan xalqı Azərbaycan respublikasının (Şimali Azərbaycan) və Cənubi Azərbaycanın (İran İslam Respublikasının şimal-qərb əyalətləri) əsas və ən qədim yerli əhalisidir".
Kitabda Azərbaycan xalqı etnokosmik sistemi olaraq konstitusionallaşıb. Prof. Y.Mahmudov yazır: "Azərbaycanlılar Altay xalqları türk qrupunun oğuz qoluna mənsubdurlar. Özlərini azərbaycanlı adlandırırlar. Müxtəlif tarixi dövrlərdə türk, Azərbaycan türkləri və ya Qafqaz tatarları, azəri tatarları da adlandırılıblar. Cənubi Azərbaycanda və İranın başqa bölgələrində yaşayan azərbaycanlılar indinin özündə də özlərini türk adlandırırlar".
Kitabda Azərbaycan xalqı etnolinqvistik, antropokosmik, teoskosmik sistemi olaraq konstitusionallaşıb. Prof. Y.Mahmudov yazır: "Azərbaycanlılar Altay dil ailəsi türk qrupunun oğuz qoluna mənsub olan Azərbaycan dilində danışırlar. Ağ (Avropa) irqin xəzər (kaspi) tipinə aid olunurlar".
Kitabda Azərbaycan xalqı fasiləsiz etno və qlottogenetik sistem olaraq konstitusionallaşıb. Prof. Y.Mahmudov yazır: "Azərbaycanlıların soyköklərində başlıca olaraq kuti, lullubi, turuk (turukki), hürri, kimmer, iskit (skit, skif), sak, hun, bulqar, xəzər, barsil, peçeneq, suvar, qıpçaq, habelə başqa türk və qeyri-türk etnosları iştirak edib, oğuz türkləri (ağqoyunlular, qaraqoyunlular, səlcuqlar və b.) bu prosesdə həlledici rol oynamışlar".
Əlbəttə, prof. Y.Mahmudovun "Azərbaycanlılar: (etnik-siyasi tarixə ümumi baxış)" əsərinin elmi məziyyətləri təkcə bu qeyd olunanlarla məhdudlaşmır. Onların hamısından bəhs etmək əslində oxucunun oxumaq haqqına girməkdir və biz də belə bir niyyətdən tamamilə uzağıq...

Seyfəddin Rzasoy
filologiya üzrə elmlər doktoru