Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb Hadisə

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

İyulun 20-də "Altun Saray" istirahət mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan Milli Mətbuatının yaranmasının 143 illiyi ilə əlaqədar elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, diplomatik korpus nümayəndələri, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri, o cümlədən Türkiyə Cümhuriyyətindən ölkəmizə işgüzar səfərə gəlmiş 50-dək media təmsilçisi və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Vüqar Səfərli qonaqları və media nümayəndələrini salamlayaraq milli mətbuatın yaranmasının 143-cü ildönümü münasibətilə onlara səmimi təbriklərini çatdırıb. Azərbaycan mətbuatının ölkə rəhbərliyinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayan icraçı direktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası"nın təsdiq edildiyini və konsepsiyadan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını xüsusi qeyd edib.
Vüqar Səfərli Fondun fəaliyyət göstərdiyi 9 ildə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırdığı layihələr barədə məlumat verib. Qeyd edib ki, indiyədək çap mediasının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə dövlət büdcəsindən ümumilikdə 35 milyon manatdan çox vəsait ayrılıb.
Vüqar Səfərli Fondun 22 iyul - Milli Mətbuat Günü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə də məlumat verərək bildirib ki, 19 istiqaməti əhatə edən müsabiqəyə 66 kütləvi informasiya vasitəsindən 162 yazı daxil olub. Yazılar 12 ekspert tərəfindən qiymətləndirilib, Müşahidə Şurasının qərarı əsasında daha yüksək bal toplamış 112 nəfər jurnalist qalib elan edilib: "Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə 6 mükafat nəzərdə tutulub. Ümumilikdə qaliblərin sayı 112 nəfərdir. Birinci yerin sahibi 500, ikinci yeri tutanlar 400, üçüncü yerə layiq görülən jurnalistlər 300 manat məbləğində mükafatla təltif ediliblər. Bu gün isə müsabiqədə birinci yeri tutmuş jurnalistlər mükafatlandırılacaq".
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, bu il Azərbaycan öz dövlətçilik tarixinin mühüm mərhələsini qeyd edir: "Biz bir müddət əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd etdik. Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin mühüm mərhələsini təşkil edir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edərkən milli mediamızın da bayramını qeyd etməyi unutmuruq. Azərbaycan mediasının tarixi Azərbaycan Xalq Cümhuriyyətindən bir az da irəli gedir. Bildiyiniz kimi, 1875-ci ildə maarifçi alim, qabaqcıl ziyalı, Azərbaycan xalqının maariflənməsində, təhsilin inkişafında önəmli xidmətləri olmuş Həsən bəy Zərdabinin bilavasitə təşəbbüsü ilə "Əkinçi" qəzeti yaradılıb. "Əkinçi"yə gedən yol uzunmüddətli milli, mədəni, mənəvi inkişafın nəticəsi idi. Azərbaycan Rusiya imperiyasının tərkibində olan zaman xalqımızın maariflənməsini heç də istəmirdilər və buna görə də "Əkinçi" qəzeti cəmi iki il fəaliyyət göstərdi. Ermənilər tərəfindən çar Rusiyasına yazılan donoslar qəzetin bağlanmasına rəvac verdi. Ancaq "Əkinçi"nin bağlanması ilə Azərbaycan mediası öz inkişafını dayandırmadı. "Əkinçi" məktəbində formalaşan ziyalılar Azərbaycan mediasının sonrakı inkişafına öz dəstəklərini verdilər".
Xalq Cümhuriyyəti süquta uğrayandan sonra Azərbaycanın Sovet İttifaqının tərkibinə daxil edildiyini bildirən Əli Həsənov deyib ki, o zaman sosializm prinsiplərinə əməl edərək imkan verilən çərçivədə mediamızı, milli mənəvi dəyərlərimizi, maarifçiliyimizi inkişaf etdirmək məcburiyyətində qaldıq. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dönəmində - 1978-ci ildə Azərbaycan dilinin dövlət dili elan edilməsi həmin dövrdə milli medianın inkişafına böyük təkan verdi.
Çıxışına davam edən Prezidentin köməkçisi deyib: "Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda müstəqil media nümunələri də yaranmağa başladı. 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mediası üzərindən bütün dövlət tənzimləmə mexanizmlərinin ləğv edilməsi, senzuranın aradan qaldırılması Azərbaycan milli mətbuatının yaranmasında Həsən bəy Zərdabinin xidmətləri qədər böyük əhəmiyyətə malik idi. O dövrdən başlayaraq Azərbaycan mediasında bugünkü inkişaf başladı. Bu gün Azərbaycan mediasının qabaqcıl nümunələri dünyanın istənilən media məkanında rəqabət aparmaq qabiliyyətinə malikdir. Azərbaycan jurnalistlərinin səsi nəinki ölkəmizdən, dünyanın bütün media aləmindən gəlir. Bu işdə Prezident İlham Əliyevin yürütdüyü azad media, plüralist cəmiyyət siyasətinin önəmli rolu var. Bu gün Azərbaycan mediası kifayət qədər inkişaf edib. Prezident İlham Əliyev mediaya xüsusi diqqət, qayğı göstərir. Jurnalistlərin sosial problemlərinin aradan qaldırılması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar öz bəhrəsini verir".
Əli Həsənov bildirib ki, bu gün Azərbaycan və Türkiyə mediası dövlətlərimizin mənafeyini birgə müdafiə edir, birgə çıxış edirlər. Bu tədbirdə Türkiyədən olan jurnalistlərin iştirakı bunun bariz nümunəsidir.
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibətilə təbrik edib. Səfir ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da inkişafının məmnunluq doğurduğunu vurğulayıb.
Daha sonra müsabiqənin qaliblərinə diplomlar təqdim edilib. Mərasimdə Anadolu Yayımçılar Dərnəyinin sədri Sinan Burhan media sahəsində Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Fondun fəxri diplomu ilə təltif olunub.
Mərasim konsert proqramı ilə davam edib.