Əlilliyin qiymətləndirilməsində yeni meyarların tətbiqi ilə bağlı təkliflər hazırlanır Hadisə

Əlilliyin qiymətləndirilməsində yeni meyarların tətbiqi ilə bağlı təkliflər hazırlanır

Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış İşçi Qrupunun növbəti iclası olub. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin nazirlik qarşısında müəyyən etdiyi vəzifələrə uyğun olaraq həyata keçirilən islahatların mühüm bir istiqamətinin əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin tam şəffaflaşdırılmasına yönəldiyini deyib. Bu məqsədlə nazirlikdə yaradılan işçi qrupu tərəfindən Səhiyyə Nazirliyindəki müvafiq işçi qrupu ilə birgə müvafiq işlər aparılır. Həmin işlərdən biri kimi artıq bu ilin ikinci rübü üzrə də risk qrupu xəstəlikləri ilə əlaqədar əlillik təyinatları araşdırılır. Eləcə də əlilliyin qiymətləndirilməsi üçün elektron sistemə daxil edilmiş göndərişlərin araşdırılması davam etdirilir. Bu dövr üzrə araşdırmalarda da yanlış əlillik təyinatları, həmçinin əsassız tərtib olunmuş göndərişlər aşkar edilərək ləğv olunub.
Nazir əlilliyin qiymətləndirilməsi zamanı bəzən müşahidə olunan süründürməçilik hallarının aradan qaldırılması üçün sistemli işlərin davam etdirildiyini də diqqətə çatdırıb. O bildirib ki, bir çox hallarda göndərişin düzgün tərtib olunmaması səbəbindən əlilliyin qiymətləndirilməsi mümkün olmadığı üçün əlilliyin təyin olunmasından imtina qərarı verilir. Belə hallarda göndərişin düzgün tərtib olunmaması barədə aidiyyəti səhiyyə müəssisəsinə də məlumat verilməlidir.
S.Babayev hazırda əlilliyin qiymətləndirilməsi üçün müraciət sisteminin daha təkmil əsasda qurulması, mövcud normativ-hüquqi aktlarda süründürməçiliyə imkan yaradan boşluqların aradan qaldırılması, əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin strukturunun təkmilləşdirilməsi üçün müvafiq işlərin aparıldığını qeyd edib. O, tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi prosedurları ilə bağlı Qaydalara əlavə və dəyişiklər edilməsi üçün təkliflər hazırlandığını vurğulayıb. Tibbi-sosial ekspert komissiyaları, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları ilə bağlı əsasnamələrə əlavə və dəyişiklər edilməsi də nəzərdə tutulur. Eyni zamanda, əlilliyin qiymətləndirilməsində qabaqcıl dünya, o cümlədən Avropa İttifaqı ölkələrinin təcrübəsinə uyğun yeni meyarların tətbiqi ilə bağlı təkliflər də hazırlanmaqdadır. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi diqqət yetirilir.
İclasda işçi qrupu tərəfindən aparılmış araşdırmaların nəticələri, qısamüddətli və ortamüddətli dövr üçün müəyyən olunmuş inzibati və sistem xarakterli tədbirlərin reallaşdırılması yönündə görülən işlər, əlilliyi olan şəxslərin reabilitasiyası sisteminin müsbət nəticələrə yönəlmiş səmərəli təşkili, bərpa mərkəzlərinin maddi-texniki təchizatının gücləndirilməsi və s. məsələlər müzakirə olunub, həmçinin müvafiq tapşırıqlar verilib.