Biz hansı cəhənnəmə gedirik? Hadisə

Biz hansı cəhənnəmə gedirik?

Arzu Şirinova

Azərbaycanda jurnalistlərin peşəkarlığının azlığından çox danışılır, bunun səbəblərini sadalayarkən bir çox məqamlara toxunulur. Vurğulanan fikirlərdən biri də odur ki, jurnalistika fakültəsinin məzunları media orqanlarında işləmək istəmirlər. Həticədə isə digər peşə sahibləri jurnalistikaya ayaq açır. Bununla yanaşı jurnalistika fakültəsində təhsil alanların səviyyəsinin o qədər yüksək olmadığına dair iddialar da var. Bu iddiaları irəli sürənlər səviyyənin az olması səbəbindən son zamanlarda jurnalistika fakültəsini qurtaranların mətbuatda ciddi uğur qazana bilmədiyində görürlər. Son illərdə belə təklifləri də eşidirdik ki, jurnalistika fakültəsinə test üsulu ilə qəbuldan əvvəl yazı müsabiqəsinin keçirilməsi vacibdir və bu daha səviyyəli abituriyentlərin sözügedən fakültəyə qəbuluna şərait yaradar. Bəli, bu təkliflər tamamilə əsaslıdır.
Bir məsələ də var ki, hər il jurnalistika fakültəsini həm əyani, həm də qiyabi olmaqla xeyli məzun başa vurur. Və onların əksəriyyəti iş tapa bilməkdə çətinlik çəkirlər. Artıq iki ildir özəl universitetlərdə jurnalistika və hüquq fakültələrinə qəbul dayandırılıb. Bu ildən isə jurnalistika fakültəsinə qəbul olmaq üçün qabiliyyət imtahanının keçirilməsinə qərar verirlib.
Qayıdıram əvvəlki məsələyə, hazırda jurnalistika fakültəsini bitirənlərdən neçə faizinin öz ixtisası üzrə sahədə çalışmasına. Sovet dövründə təyinatlar vardı, bu təyinatlar əsasında kimin hara getdiyini, yaxud kimin öz sahəsi üzrə işləmədiyini çox asanlıqla müəyyən etmək olurdu. Eyni zamanda, məzunların taleyilə maraqlanmaq ənənəsi də vardı. Bu,"planlı təsərrüfat"ın kosmetik, ancaq hər halda müsbət tərəfi idi. Onu da nəzərə almaq lazımdır ki, əvvəl cəmi bir universitetdə jurnalistika fakültəsi vardısa, iki il bundan əvvələ kimi 12 universitetdə sözügedən fakültə vardı. İndi ictimai formasiya dəyişib, problemlər bazar münasibətləri əsasında tənzimlənir. Amma məsələ ondadır ki, bizdə bazar münasibətləri də tam şəkildə oturuşmayıb, bu səbəbdən qeyri-müəyyən vəziyyət mövcuddur. Bunu adətən keçid demokratiyası adlandırırlar. Keçid demokratiyasında isə rəqəmləri dəqiqləşdirmək bir qədər çətin məsələdir. Jurnalistika fakültəsini qurtaranlardan neçə faizinin öz ixtisası üzrə işləməsini dəqiqləşdirmək ayrıca bir layihədir. Bu həm universitetlərin, həm də media qurumlarının işidir. Ümumiyyətlə, yeni dövrün tələbi jurnalistika fakültəsində təkcə jurnalist hazırlamaq deyil. Hamı bilir ki, ölkədə nə qədər qəzet var, qəzetlərin maliyyə vəziyyəti isə ürəkaçan deyil. Son illər dövlət büdcəsindən qəzetlərə ayrılan vəsait olmasa, çox güman qəzetlərin vəziyyəti daha da acınacaqlı olardı.
Məlumdur ki, nə qədər televiziya və radio var, onların əksəriyyəti özəl olduğundan çox məhdud kontingentdən istifadə edirlər. Ona görə də, jurnalistlərin ictimaiyyətlə əlaqələr, sosial xidmətlər sektorunda, müxtəlif qurumların mətbuat xidmətlərində də fəaliyyət göstərməsinə cəhd göstərilir. Bu, bütün dünyada belədir. Qeyd etdiyim istiqamətlər birbaşa jurnalistika ilə əlaqəli deyil, ancaq hər halda bu sahəylə bağlıdır. Yəni imic formalaşdırmaq məqsədilə yaranmış və jurnalistika ilə əlaqəli olan sahələrdir. Jurnalistlərin böyük əksəriyyəti bu sektorlarda işləyirlər. Bizdə də bu hal xaricdə olan qanunauyğunluğun təkrarıdır, nəinki istisnası.
Bəzən deyirlər ki, jurnalistika fakültəsinin tələbələrinin səviyyəsi o qədər də yüksək olmur. Bu fikirlərlə qismən razılaşmaq mümkündür. Çünki burada çox həssas element kimi təhsilin problemini qeyd etməliyik. Bu problemin də bəlalı yeri tədris sistemidir ki, dəyişdirilməsi labüddür. Tədris sistemi cəmiyyətin real durumuna uyğunlaşmalıdır. Avropa universitetlərində bir tələbəyə ayrılan məbləğ ortalama 7 min avrodur. Azərbaycanda isə bu göstərici həddindən artıq aşağıdır. Əgər konkert olaraq jurnalistika fakültəsində tələbənin yetişdirilməsindən söhbət gedirsə, o zaman yüksək səviyyəli kadr hazırlamaq üçün laborotoriya, radio, televiziya olmalıdır. Tələbə xarici universitetlərdə, xarici ölkələrdə təcrübə keçməlidir. Bir sözlə, jurnalistikanın və digər sahələrin inkişafı tədrisə ayrılan vəsaitə bağlıdır.
P.S. Həmkarım Ceyhun Musaoğlu bugünlərdə "Mətbuatdakı tərbiyə(sizlik) yazısıyla həmkarlarına bir çağırış elədi. Mətbuatla ciddi məşğul olanlar güman ki, həmin yazıdan xəbərdardılar. Ona görə də təfsilatına varmaq istəmirəm. Ancaq nə yazıq ki, bu yazıdakı qınaq hələ də müzakirə olunmasına baxmayaraq ölkənin aparıcı saytları belə xəbər yaydılar - "Xırdalanda ata 16 yaşlı qızına təcavüz edib". Təkcə bir saytda bu informasiyanın oxunma sayı 5 mini adlayıb. Biz hansı cəhənnəmə gedirik, bəlkə bilən var?