Nə deyərlər? Hadisə

Nə deyərlər?

Arzu Şirinova

Bir millət olaraq qəribəliyimiz yetərincədir. Yəni ki, saymaqla qurtarmaz. Hər birimizə zərər verən, ömrümüzə balta çalan, ancaq buna baxmayaraq yenə də əl çəkmək istəmədiyimiz qəribəliklərdən biri də "bu işi görsəm filankəs və yaxud qohum-əqraba mənə nə deyər", qorxusuyla yaşamağımızdı. Neçə gündür ən yaxın rəfiqəmin başına gələnlər nəhayət, bu yazını yazmaq qərarımı qətiləşdirdi.
Rəfiqəm ailədə iki qız, bir qardaş böyüyübər. Ata və ana fəhləliklə, min bir əziyyətlə övladlarını böyüdüb ərsəyə gətiriblər. Ancaq tale ananın üzünə gülməyib. Nəinki gülməyib, mən deyərdim ki, dönə-dönə sınağa çəkib, dərd bir-birinin ardınca verilib bu anaya. Övladları yetkinlik yaşına çatanda, atanın qayğısına daha çox ehtiyac olan vaxt ailənin dayağı-ata dünyasını dəyişib. Necə deyərlər, ana "bir saçını qara, o birin ağ hörərək", "kipriklərilə od götürərək" övladlarını böyüdüb.
Gün o gün olub ki, övladlar ailə qurmaq yaşına çatıblar. Əvvəl kiçik qıza elçi düşüb. Atasız qız atalı qızlardan daha yaxşı, hətta təmtaraqla gəlin köçüb ata ocağından. Ana həyat yoldaşının ruhu şad olsun deyə, qızının heç nəyini əskik etməyib. Az keçmədən oğlu evlənmək arzusunu anaya bildirib. Ana ciyərparasını, yeganə oğlunu evləndirmək üçün uzağa getməyib. Baldızının qızını oğluna istəyib. Fikirləşib ki, həm el-oba adama nə deyər, deməz ki, baldızlarının gül kimi qızları dura-dura kənara çıxıb? Həm də fikirləşib ki, baldızının qızı ona həm gəlin, həm də qız olar. Dayısının ruhunu şad edər və bu evə, qızlarına bacı gələr. Ancaq arzuladıqlarının əksini görüb. Kiçik qızı iki körpəsi ilə başsız qalıb. Ananın taleyini yaşayan kiçik qız evsiz-eşiksiz olduğu üçün anaya, qardaşa pənah gətirib. Təzə gəlin bu çətinliyə dözmədiyi üçün ana söz-söhbət olmasın deyə, onlara kirayə ev tutub. Təki balası xoşbəxt olsun, bir-biriləri arasında inciklik yaranmasın. Çox keçmir böyük qız da ailə qurur. Ana fikirləşir ki, qayğısı azaldığı üçün artıq oğluna ev almaq lazımdı. Kirayəyə verdiyi pulu dərdinə-oduna xərcləyər. Onu da deyim ki, qızlardan fərqli olaraq oğul bir yerə kül tökən olmayıb. Harada işləyibsə bir müddətdən sonra problem yaradıb və işini tərk edib. Günlərin bir günü də çörək pulu üçün Rusiyaya gedəcəyini bildirib. Ana nə qədər dil töksə də, hər üzünə başa salsa da xeyri olmayıb. Ailəsini yaşlı ananın ümüdünə qoyub Rusiyaya yollanıb. Bir il keçməmiş "əli ətəyindən uzun" ailəsinin üstünə qayıdıb. Niyəsini izah edə bilməyib. Amma anaya gün kimi aydın olub ki, yenə kiminləsə yola gedə bilməyib və işdən çıxarıblar.
Ana əvvəldən alıb qoyduğu torpaqda ev tikdirmək üçün övladlarını çağırıb ki, məsləhət eləsin. Qızlar səsini çıxarmamış gəlin deyib ki, həyət evi istəyir və amiranə tonda da deyib:"Ona görə də kömək edərsiniz tikib yağalarıq". Ana nəsə demək istəsə də, bacılar işarə edirlər ki, danışma. Çünki danışsan da xeyri olmayacaq. Uzun sözün qısası, ana, ailəsini itirib iki körpə ilə qalan bacı əllərindən gələni əsirgəmayiblər ki, oğulun evi olsun, rahatlığını tapsın. Ana yenə məsləhət edir:"İkimərtəbəli ev tikilib hazırdı. Gəlin, sözümü eşidin birinci mərtəbəsin təmir edib yığışın, sonra az-az ikincini təmir edərsiniz". Oğul "iki ayağın bir başmağa dirəyir" ki, olmaz, "ya ata evini satıb mənə düşən payı verməlisən, evi tam təmir edib sonra köçəm, ya da hardan tapırsan tap, pul ver işimi görüm". Ana əlacsız qalıb oğulun şərtini qəbul edir. Yəni illər boyu yaşadığı, hər qarışı belə doğma olan evini satıb, özü və qızı iki uşağı ilə iki otağa köçür, qalan pulu da artıqlaması ilə-oğluna verir ki, evini nizamlasın.
Ana düşünür ki, bundan sonra söz-söhbət kəsilər. Ancaq əksinə, oğul bir tərəfdən gileylənir ki, ona ata evindən pul az düşüb. Qohum-qəraba da ananı qınayır ki, "dağ boyda kişinin evini satıb, ruhunu narahat elədin. Gərək pul tapıb verəydin oğluna evini təmir edəydi"...
Çarəsiz ana bilmir bu tənələrə dözsün, hər addımbaşı "kim nə deyər" sözlərinin əzabını yaşasın, yoxsa, həyatının qalan son illərini rahatlıqla başa vursun. Sözsüz ki, çoxları kimi ana da birincini seçib, ömrünü bu tənələrlə başa vuracaq.
Özlərini qohum-əqraba sayanlar! Bu ailənin çətin günlərində hansı biriniz yaxına gəlib yardım əlinizi uzatdınız? Təbii ki, heç biriniz. Bu ailə belə duruma düşəndə bəlkə hansınızsa, hətta borc olsun deyə, pul verdiniz ki, ata mülkü satılmasın? Yenə də heç biriniz. Əgər belədirsə, niyə səsinizi içinizə salıb və yaxud abrınıza qısılıb hərəniz öz yerinizdə oturmursunuz? Sizlərin tənəsinə və mənasız arqumentlərinizə gərə, bir ana və yaxud bir ailə niyə əzab çəkməlidir? Niyə sizlərdən gələn "nə deyərlər?" qorxusu bu ailəni için-için məhv etməlidir?