“Education 2018” sərgisində təhsil imkanları nümayiş etdiriləcək Hadisə

“Education 2018” sərgisində təhsil imkanları nümayiş etdiriləcək

"Education 2018" sərgisində bu il Azərbaycan, Türkiyə, Avstriya, Almaniya, Belarus, Çexiya, Latviya, Litva, Rusiya, Özbəkistan və digər ölkələrin məktəb, gimnaziya, kollec, universitet və kurslarının təhsil imkanları təqdim ediləcək. Litva (Study in Lithuania), Rusiya (Study in Russia), Türkiyə (Study in Turkey) və Çexiya təhsil ocaqları milli stendləri ilə çıxış edəcək. Bu fikirlər XII Azərbaycan beynəlxalq təhsil sərgisi - "Education 2018" münasibətilə oktyabrın 10-da Bakıda Təhsil Nazirliyinin nümayəndələri və sərgi təşkilatçılarının iştirakı ilə keçirilən mətbuat konfransında səsləndirilib.
Bildirilib ki, sərgi Təhsil Nazirliyi ilə yanaşı, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı "Caspian Event Organisers (CEO)" şirkəti, baş sponsoru isə "Kapital Bank"dır.
Yerli ali təhsil müəssisələri arasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Texnologiya Universiteti (Gəncə) və digər təhsil müəssisələri yer alır.
Bu il "Dərs evi" dil kursları və "Sevimli bala" uşaq bağçası sərgidə ilk dəfə təmsil olunur. Yerli "CELT Colleges" şirkəti isə xaricdə təhsil proqramı və həmçinin dil kurslarını təqdim edir. Sərgidə fəal iştirak edəcək Təhsil Nazirliyi də öz stendində qurumun plan və proqramları barədə ətraflı məlumat verəcək. Sərginin işgüzar proqramı çərçivəsində valideynlər və sərgi iştirakçılarının xaricdə təhsil məsələləri ilə məşğul olan şirkətlərlə "B2B" formatlı görüşləri keçiriləcək. Həmçinin "Azərbaycanda və ya xaricdə təhsil? Məşhur sual" və "Ali təhsil üçün düzgün ölkə seçimi və ora aparan yol" mövzularında seminarlar təşkil olunacaq.