“Uşaq hüquqları aylığı” Hadisə

“Uşaq hüquqları aylığı”

Bu il Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsindən 29 il ötür. Bu mühüm sənədin icrasının təmin edilməsi istiqamətində uşaq hüquqlarının müdafiəsi və təşviqi sahəsində ölkəmizdə bir sıra mühüm tədbirlər həyata keçirilib, iqtisadi, sosial, mədəni, hüquqi və digər sahələrdə köklü islahatlar aparılıb. Hər il olduğu kimi bu il də İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü, 20 Noyabr - Ümumdünya Uşaqlar günü ərəfəsində respublikamızda "Uşaq hüquqları aylığı" elan edilir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.
Ombudsman "Uşaq hüquqları aylığı" keçirilməsi ilə bağlı müvafiq dövlət qurumlarına, şəhər və rayon icra hakimiyyətlərinə, Milli QHT Forumuna, icmalara məktubla müraciət edib. Qeyd olunmalıdır ki, Prezidentin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycanda İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında da əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar təsbit olunmuş və uğurla həyata keçirilməkdədir. Hər il keçirilən "Uşaq hüquqları aylığı" çərçivəsində dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalar tərəfindən uşaqların fəal iştirakı ilə uşaq hüquqları mövzusunda müxtəlif silsilə tədbirlər, dəyirmi masalar, treninq-seminarlar keçirilir, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil olunur ki, bu da uşaq hüquqlarının səmərəli təmininə və təbliğinə xidmət edir.
Bu aylıq çərçivəsində müvafiq qurumlar tərəfindən keçirilmiş və aylığın sonuna qədər gerçəkləşdiriləcək tədbirlər haqqında məlumatlar Ombudsmana təqdim ediləcək və bununla bağlı ictimaiyyət məlumatlandırılacaq. Həmin tədbirlər ölkəmizdə uşaq hüquqlarının təbliğinə, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, uşaq hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verəcək.