İslamafobiyanın yaradıcıları... Hadisə

İslamafobiyanın yaradıcıları...

Arzu Şirinova

Son günlər İraqda İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının törətdikləri əməllər biri digərindən vəhşiliyilə seçilir. Bir müddət əvvəl sözügedən terror qruplaşması beş nəfərin başını bədənindən ayıraraq görüntülərini internetdə yerləşdirmişdi. Onların bu sayaq əməllərini demək olar ki, hər gün izləmək məcburiyyətində qalırıq. Növbəti belə bir edam görüntüləri yayılıb. Səhv eləmirəmsə bu, terrorçuların yeni edam metodudu ki, internetdə yerləşdirilir.
İŞİD terror qruplaşmasının bu dəfəki qurbanları iranlı vətəndaşlar olub. İŞİD silahlıları onların əl-qolunu bağlayıb başlarına torba keçirərək meydanda hamının qarşısında cəzalandırıldıqlarını elan edirlər.
Daha sonra isə silahlılar əl-qolu bağlı qurbanları qayalıq bir yerə apararaq "Allahu əkbər" nidaları altında uçurumdan üzü aşağı atıblar.
Edam olunanların günahı nədir və onlar hansı əməllərinə görə belə vəhşi cəzaya layiq görülürlər bildirilmir.
İlk olaraq ondan başlayım ki, bu terror qruplaşmasına, eyni zamanda, Suriyada Əsəd hakimiyyətinə qarşı vuruşanlara qoşulanların arasında Azərbaycandan gedən vətandaşların da olduğu haqda məlumatlar var. Hətta o da bildirilir ki, əsasən Suriyaya gedən vətəndaşlarımız ailələrini də təhlükəyə ataraq bu yolu seçiblər. Və onlar seçdikləri yolun heç də yanlş olmadığını, din qardaşlarına kömək məqsədilə getdiklərini, şəhidliyi şərəf saydıqlarını deyirlər. Bu yolu seçənlərin bir çoxunun aqibəti hər birimizə bəllidir. O da bəllidir ki, bu yolda ölənlər arasınada məcburi köçkün həyatı yaşayanların övladları da olub. Heç uzağa getmirəm, bizim Qubadlı rayonundan iki nəfər gənc kimlərinsə təsiri altına düşərək bu yolu seçdilər. Və öldülər. Mən onları şəhid kimi yad etmirəm. Çünki şəhid öz tarpağı uğrunda vuruşandır. Şəhid-ana-bacısının namusuna təcavüz edən düşməninin cavabını layiqincə verən və bu yolda həyatından keçəndir. Şəhid-dövlətinin ərazi bütövlüyü, azadlığı və suverenliyini uca tutan, şərəfli yolda ömrünü fəda edəndir.
Bu yolun yolçuları-şəhidləri saysızdır. Və bu yolu getmək istəyənlərin də sayı yetərincədir. Yetər ki, Ali Baş Komandan əmr versin...
...İraqda terorçuların yaratdıqları dövlətin adına baxın-islam dövləti. İslam dövləti haqq-nahaqq insanları dar ağacından asmaq, başlarını kəsib dünyaya nümayiş etdirmək, başlara torba keçirib, əl-qolunu bağlayıb qayalıqdan atmaqdırsa, bu cür dövlət heç bir bəşər övladına lazım deyil. İslam adından yararlanıb əslində terrorçu dövlətin əsasını qoyanlar islamım əxlaqından da, dəyərlərindən də, ideyalarından da xəbərsizdirlər. Bu terrorçuların bir məqsədi var-islamı gözdən salmaq, yırtıcı, vəhşi və qaniçən olduğunu göstərməkdir. Nə yazıq ki, onlar öz istəklərinə yavaş-yavaş yaxınlaşırlar. Bunun nəticəsidir ki, dünyada bir islamafobiya yaranıb. Yaradıcıları xristian ölkələri olsa da, icraçıları özlərini müsəlman adlandıranlardır. Həmin icraçıların əməyi sayəsində Qərbdə və Avropada islama nifrət, bunun qarşılığında da xristian həmrəyliyi mövcuddur.