15:53
1 134
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bəyan edib ki, hazırda Avropa üçün əsas problem qitədəki müharibə və qeyri-sabitlik riskləridir və bu mövzu NATO-nun 7-8 iyul tarixlərində Ankarada keçiriləcək sammitində müzakirə ediləcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fidan Ankarada Qırğızıstanın XİN rəhbəri Ceenbek Kulubayev ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
"Avropanın çəkindirmə imkanları getdikcə daha vacib bir məsələyə çevrilir. Bildiyiniz kimi, hazırda əsas problem Avropanın yerləşdiyi regionda müharibə və qeyri-sabitlik təhlükəsidir. Sammitdə potensial və mövcud problemlər, təhdidlər, eləcə də NATO-nun bu barədə mövqeyi ilə bağlı məsələlər qaldırılacaq", — deyib.
O, həmçinin xatırladıb ki, əvvəlki sammitlərdə bir sıra qərarlar qəbul edilib və indi "onların icrasının nə yerdə olduğunu nəzərdən keçirmək" lazımdır: "Xüsusilə, alyans üzvləri arasında yükün (maliyyə və hərbi öhdəliklərin) bölüşdürülməsi prinsipinin və NATO ölkələrinin təşkilatın təhlükəsizliyi naminə birgə fəaliyyətinin praktikada necə reallaşdığına baxmaq lazımdır".
Fidan sammitin Ankarada keçirilməsi faktının "Türkiyənin strateji əhəmiyyətini və onun NATO-dakı rolunu bir daha vurğuladığını və təsdiqlədiyini" qeyd edib: "Sammitdə rəsmi hissə ilə yanaşı, digər təşkilatların və analitik mərkəzlərin də tədbirləri keçiriləcək. Digər mühüm məsələ isə sammitlə paralel olaraq Müdafiə Sənayesi Forumunun təşkilidir, çünki müdafiə sənayesi məsələləri NATO gündəliyinin əsas mövzularından birinə çevrilib. Bu məsələlər əvvəllər də müzakirə olunurdu, lakin əsasən operativ qrupların və kəşfiyyat strukturlarının fəaliyyəti və onların hazırlığı baxımından nəzərdən keçirilirdi. Lakin son müharibələr göstərdi ki, müdafiə sənayesinin istehsal imkanları, effektivliyi və şaxələndirilməsi, eləcə də onun xarici asılılıq dərəcəsi heç də az əhəmiyyət kəsb edən aspektlər deyil". Fidan əlavə edib ki, artıq liderlər səviyyəsində də hərbi sənaye məsələləri məhz bu mövqedən qiymətləndirilir.
Məryəm Quliyeva