“Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya” Hadisə

“Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya”

İstər ümummili liderimiz Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövrlərdə ölkəmizdə əhalinin xüsusi qayğıya ehtiyacı olan hissəsinin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların və əlillərin sosial təminatı sahəsində məqsədyönlü işlər aparılıb və onlar dövlət tərəfindən qayğı ilə əhatə olunublar. Lakin bu kateqoriyadan olan insanların sosial müdafiəsinin daha da güclənldirilməsinə ehtiyac var. Xüsusilə vurğulamaq yerinə düşər ki, dəfələrlə təbliğat və maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, cəmiyyətimizdə sağlamlıq imkanları məhdud uşaqlara və əlillərə ictimai münasibətdə anormallıq, laqeydlik müşahidə olunur. Məsələn, respublikamızda hər hansı bir ailədə əlilin, sağlamlıq imkanları məhdud uşağın olması həmin ailə, onun üzvləri, əsasən də valideynlər üçün utanclıq, şanssızlıq kimi qəbul olunur, əlil uşaqlar daha çox zorakılığa, təzyiqlərə və istismara məruz qalırlar. Mütəxəssislər bildirirlər ki, əlilliyi olan insanlara qarşı xüsusi diqqət, qayğı hər bir kəsin borcu, vəzifəsidir. Onların cəmiyyətə inteqrasiyasını təmin etmək, mövcud komplekslərindən qurtulmalarına nail olmaq, eləcə də problemlərini həll etmək sağlam insanların qarşısında duran ən vacib məsələlərdən olmalıdır. Çünki onların cəmiyyətdə digər insanlarla bərabər hüquqlu yaşamaq haqqı var və bu onlar üçün çox vacibdir.
Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli KİV-ə müsahibəsində bildirib ki, bu gün əlilliyin sosial müdafiəsində ən başlıca prinsip ünvanlılığın təmin olunması, sosial ədalətin bərpası və əlillər üçün hər cür şəraitin yaradılmasıdır. Ölkənin qanunvericilik bazasında qanunvericiliyin bu gün ilkin bəzi institutları müəyyənləşib, çərçivə qanunlarımız var: "Ən əsası isə bütün cəmiyyətdə istər Qarabağ əlillərinə, istərsə də digər əlillərə qarşı mərhəmət prinsipi oyanmalıdır. Bunun üçün əlillər cəmiyyətlərindən, mətbuatdan çox şeylər asılıdır. Çox təəssüf, bu gün əlillərə mərhəmət istədikləri qurumlarda elə bir şərait yaradırlar ki, həmin yer artıq onlara üz göstərmir. Bunun üçün əlillər cəmiyyətinin xüsusi səriştəsi olmalıdır. Onlar bütün işlərini düzgün tənzimləməlidirlər. Əlillərin cəmiyyətə reinteqrasiyası, əlilliyin bərpası, əlillərin reabilitasiyası ən aktual məsələlərdir. Biz əslində əlil sözünün işlənməsinin əleyhinəyik. Çox zaman cəmiyyətimiz "fiziki qüsurları olan", "sağlamlığı məhdud olan" kimi ifadələr işlətməklə əlillərə olan münasibətin aliliyini göstərmiş olur. Təbii ki, əlillərin rifahının yaxşılaşdırlması üçün hüquqi baza möhkəm olmalıdır. Bu gün cəmiyyətin sosial cəhətdən az qorunan hissəsi əlillər olsa da, onlara istehlak mədəniyyəti, şükranlıq mədəniyyəti təbliğ olunmalıdır. Həmçinin cəmiyyətdə əlillərə münasibət dəyişməlidir".
"Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyinin sədri Emin Xanlarov qeyd edir ki, adıçəkilən qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə "Cəmiyyət arasında əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsəd ilə təbliğat-təşviqat kampaniyasının təşkili" layihəsini icra edib. Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud olan uşaqların, əlillərin problemlərini cəmiyyətin diqqətinə çatdırmaq, cəmiyyətin bu kateqoriyadan olan insanlara münasibətini dəyişmək, həmçinin onların problemlərinin həllində cəmiyyətin dəstəyinə nail olmaq olub: "Layihənin əsas fəlayyətlərindən biri də əlillərin və onların ailə üzvlərinin hüquqi maariflənməsinə xidmət edən buklet və fleyerlərin çap edilib yayılması idi. Bukletdə Azərbaycanın 2008-ci ildə qoşulduğu "Əlillərin hüquqları haqqında" BMT Konvensiyasının əsas mahiyyəti və prinsipləri, dövlətin bu Konvensiya ilə üzərinə götürdüyü əlilliyi olan şəxslərin hüquqlarının və onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən prinsipial öhdəliklər əks olunub. "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanunun mühüm normaları, əlillərin təhsil almaq, məşğulluq hüquqlarının təminatı, 18 yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin peşə hazırlığı və onların işlə təmin olunması ilə bağlı hüquqi bilgilər də həmin bukletdə yer alıb. Fleyerdə isə Azərbaycan qanunvericiliyi ilə sağlamlıq imkanları məhdud və ya əlilliyi olan şəxslər üçün nəzərdə tutulan sosial müavinət və təqaüdlərin növləri və məbləği haqqında məlumat çap olunub. Buklet və fleyerlər Bakı və Sumqayıt regionunda əlillər, əlil övladı olan ailələr arasında yayılıb".
Əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin hüqüqlarının qorunması barədə fikirlərini bizimlə bölüşən Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli bildirir ki, Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin, onların maddi və mənəvi tələbatlarının ödənilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Onun dediyinə görə, xüsusilə əlilliyi olan şəxslərlə bağlı ölkə qanunvericiliyi beynəlxalq normalara uyğun xeyli təkmilləşdirilməklə, son illərdə xeyli sayda yeni hüquqi normativ akt qəbul edilib: "Azərbaycan Respublikası BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasını 2 oktyabr 2008-ci ildə ratifikasiya edib. Eyni zamanda ölkəmiz Əlillik üzrə Fəaliyyət Planı üzrə Avropa Əlaqələndirmə Forumu çərçivəsində Avropa Şurası ilə səmərəli tərəfdaşlıq münasibətləri qurub. Müvafiq qanunvericiliyə əsasən, dövlət əlilliyi olan şəxslərin təhsil alması və peşə hazırlığı keçməsi üçün lazımi şəraitin yaradılmasına təminat verir. 2001-ci ildə "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" qanun qəbul edilib. Bununla yanaşı, Nazirlər Kabineti tərəfindən "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı, "İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları" təsdiq olunub. "Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə" tərtib edilib. Müvafiq icra hakimiyyəti orqanları və Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud uşaqların və 18 yaşından yuxarı əlillərin məktəbəqədər təhsilini, dərsdənkənar vaxtlarda tərbiyəsini, məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil almasını təmin edirlər. Bu şəxslərin təhsili və peşə hazırlığı müxtəlif formalarda, o cümlədən, evdə təhsil və fərdi təhsil formalarında həyata keçirilir. Ancaq bütün bunlara baxmayaraq əlillərin, sağlamlıq imkanları məhdud uşaqların təhsil almalarında bəzi problemlər var. Belə ki, ölkəmizdə fiziki qüsurlu uşaqların əksəriyyəti həmyaşıdları ilə birlikdə təhsildən yararlana bilmir. Məktəbəqədər təhsildən yararlana bilməmələri onların ümumi məktəb həyatına da əngəl törədir və cəmiyyətə inteqrasiyasını çətinləşdirir. Əlilliyi olan uşaqların məktəbəqədər təhsil formasından yararlanmadıqda ümumi təhsilə keçmələri onların qavramalarında müəyyən çətinliklər törədir".
Təhsil naziri Ceyhun Bayramov KİV-ə açıqlamasında bildirib ki, 2017-2018-ci tədris ilində xüsusi təhsilə cəlb olunan 10130 sağlamlıq imkanları məhdud olan uşağın 6521 nəfəri evdə təhsilə, 3609 nəfəri isə xüsusi təhsil müəssisələrində, inteqrasiya təlimi təhsil müəssisələrində və ümumi təhsil müəssisələrinin nəzdindəki xüsusi siniflərdə təhsilə cəlb olunub. Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb: "Nazirliyimiz "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrası ilə əlaqədar fəaliyyətlərin icrasına başlayıb. Nazirliyimizin tərkibində işçi qrup yaradılıb və bu sahədə mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı müvafiq müzakirələr aparılıb. Yaxın zamanlarda hazırlanmış təkliflər paketi Nazirlər Kabinetinə təqdim ediləcək".
"Sağlamlıq imkanları məhdud uşaqlar üçün inklüziv təhsilin genişləndirilməsi" layihəsi çərçivəsində Azərbaycanda 2020-ci ilədək 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşağın ümumtəhsil məktəblərində təhsil almasına imkan yaradılacaq. Bunu YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin adıçəkilən layihənin təqdimat mərasimində çıxış edərkən bildirib. O deyib ki, növbəti 5 il ərzində bu rəqəm 20 minə çatacaq: "İnklüziv təhsil Azərbaycan üçün nisbətən yeni konsepsiyadır. Bu təhsil sistemi sinif şəraitində əlil uşaqların təhsil almaq imkanlarını genişləndirir, onların yüksək səviyyəli təhsil proqramlarına cəlbini artırır, stereotipləri aradan qaldırır. Bu baxımdan inklüziv təhsil Azərbaycanın sosial-iqtisadi inkişafında gündəmdə dayanan məsələlərin həllinə öz töhfəsini vermiş olur. İnsan kapitalının inkişafı və əhalinin rifahının yüksəlməsi birbaşa olaraq təhsillə əlaqədardır".
Təhsil eksperti Kamran Əsədov KİV-ə açıqlamasında qeyd edib ki, sağlamlıq imkanları məhdud uşaqların təhsil alması hər zaman problem olub: "İnklüziv təhsilə ehtiyacı olan şəxslərin növbəti pilləyə keçməsi ilə bağlı narahatlıq var. Belə ki, orta ümumtəhsil məktəblərini bitirən fiziki qüsurlu şəxslər digər abituriyentlərlə eyni qaydada imtahan verirlər. Məlum problemlə bağlı qanun layihəsinin hazırlanması gözlənilən idi. Çünki Azərbaycan təhsili dünya təhsilinə inteqrasiya edir. Sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə cəlb edilməsi dedikdə kateqoriyalar nəzərə alınmalıdır. Görmə, eşitmə, nitq, yerimə qüsurlu və yoluxucu xəstəlikləri olan şəxslərin təhsili fərqli şəkildə olmalıdır. Bu gün Azərbaycanda görmə və eşitmə qüsurlu şəxslər üçün təhsil müəssisələri var. Onların müasir avadanlıqlarla təminatı məsələsində ciddi problem var. Dərslik sarıdan problem yaşanır, audio-videomateriallar yetərli səviyyədə deyil. Bu kimi problemlər çözülsə, inklüziv təhsil inkişaf dövrünə qədəm qoyar. İnklüziv təhsil ölkəmizdə çox az təmin olunub. 160 minə yaxın əlilliyi olan məktəb yaşlı uşaq var. O uşaqların bir qismi evdə təhsilə cəlb olunur. Ancaq o təhsilin keyfiyyət göstəricisi yoxdur".
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə bildirilib ki, adıçəkilən qurum Heydər Əliyev Fondu ilə birgə sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqların İKT-dən is¬ti¬fadə imkanlarının artırılması üzrə işlər həyata keçirib. Bu məqsədlə görmə qüsurlu şagirdlərə fiziki imkanı məhdud olan şəxslər üçün nəzərdə tutulan mini-kompüterlər verilib. Qeyd olunub ki, görmə qabiliyyəti zəif olan insanların həyatını asanlaşdırmaq, onların cəmiyyətlə fəal inteqrasiyasını təqdim etmək üçün adı və Heydər Əliyev Fondunun dəstəyi və sifarişi əsasında Azərbaycanın "NeyroTex" şirkəti tərəfindən dünyada ilk dəfə olaraq səslə idarə edilən mini-kompüterlər hazırlanıb.

Xəyalə Süleymanqızı

Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir