Bilik Fondu tələbələr üçün loqopediya üzrə təlimlər təşkil edib Hadisə

Bilik Fondu tələbələr üçün loqopediya üzrə təlimlər təşkil edib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində "Məktəbəqədər təhsildə korreksiyaedici təlim" ixtisası üzrə təhsil alan tələbələr üçün loqopediya üzrə təlimlərə başlanılıb. Bu barədə Bilik Fondundan məlumat verilib.
Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova tələbələrə təmsil etdiyi qurumun həyata keçirdiyi maarifləndirici layihələr barədə məlumat verib. Bildirilib ki, nitq mədəniyyəti ümumi mədəniyyətin ən vacib və aparıcı tərkib hissələrindəndir. Nitq qüsurlarının aradan qaldırılması və qarşısının alınması şəxsiyyətin harmonik inkişafına təkan verərək, ünsiyyət mədəniyyətinin formalaşması və təkmilləşməsinə şərait yaradır. Bu baxımdan loqopediya üzrə təlimlərin keçirilməsi qeyd edilən sahədə təhsil alan gənclərin praktik vərdişlərini daha da möhkəmləndirə bilər.
Təlimçi "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin əməkdaşı, defektoloq-loqoped Ülviyyə Qurbanova loqopediyanın defektologiyanın mühüm bir sahəsi olduğunu vurğulayıb, eyni zamanda, ümumpedaqoji vəzifələrin həyata keçirilməsinə kömək etdiyini bildirib. Nitqin uşağın bütün psixi həyatında mühüm rol oynadığını deyən Ü.Qurbanova təlimlərin gələcəyin ixtisaslı kadrlarına nəzəri biliklərlə yanaşı, bu sahədə müəyyən təcrübə qazanmağa yardım edəcəyini söyləyib.
Təlim müddətində "Səs tələffüzünün korreksiyası", "Nitq inkişafının ləngiməsinin korreksiyası", "Nitq inkişafının geriliyinin korreksiyası", "Miofunksional gimnastika. Loqopedik massaj" mövzularında seminarların keçirilməsi planlaşdırılır. Təlimlərin sonunda fəal iştirakçılara Bilik Fondunun müvafiq sertifikatlarının təqdim edilməsi nəzərdə tutulub.