“Ali təhsil müəssisələrində təhsil əmək bazarının tələblərinə uyğun təşkil olunmalıdır” Hadisə

“Ali təhsil müəssisələrində təhsil əmək bazarının tələblərinə uyğun təşkil olunmalıdır”

"Qiymətləndirmə və qərar qəbuletmə dövlət qulluğu sahəsində çalışan insanlar üçün daha böyük məna kəsb edir".
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək layihəsi"nin bağlanış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əgər hansısa özəl sahədə çalışan işçinin verdiyi qərar həmin şirkətin çalışdığı sahəyə şamil olunursa, dövlət qulluqçusunun qəbul etdiyi qərar bütün ölkəyə tirajlanır və onun verdiyi səhv qərarın nəticələri miqyas və əhatə baxımından digər insanların qərarı ilə müqayisəolunmazdır: "Bunu hər bir dövlət qulluqçusu aydın şəkildə anlamalıdır. Bu baxımdan dövlət qulluğu vəzifələrinə seçim prosesində obyektiv qiymətləndirmənin aparılması özünün birbaşa təyinatından daha geniş kontekstdə dəyərləndirilməlidir. Bu proses ali təhsilin müxtəlif səviyyələrində tətbiq olunan mərkəzləşdirilmiş qəbul sistemini məntiqi cəhətdən tamamlayır və davamlı öyrənmənin, sağlam rəqabət qabiliyyətinin əsas meyar olması barədə cəmiyyətdə fikir formalaşdırır".
M.Abbaszadə qeyd edib ki, dövlət qulluğu sahəsinin inkişaf etdirilməsi birbaşa təhsil sistemi ilə bağlıdır: "Bu sahədə biz təkcə dövlət qurumları ilə deyil, ali təhsil ocaqları ilə də sıx əlaqələr qurmalıyıq. Ali təhsil müəssisələrimizdə təhsil əmək bazarının tələblərinə uyğun şəkildə təşkil olunmalıdır".
"Bu günlərdə dövlət idarəetmə sistemində aparılan struktur islahatları standartların dəyişməsinə, uyğunlaşmanın vacibliyinə dəlalət edir"deyən Məleykə Abbaszadənin sözlərinə görə, bu islahatlar öz növbəsində 2018-ci ilin sonunda qəbul edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafı Strategiyası ilə (2019-2025-ci illər)" uyğunluq təşkil edir.
M.Abbaszadə əlavə edib ki, strategiya dövlət qulluğunun müxtəlif sahələrində, o cümlədən kadr siyasətində kompleks islahatları, dövlət qulluğu sisteminin inkişafı üçün institusional quruculuğu, dövlət qulluqçularının rotasiyası, peşəkarlığı və işinin səmərəsini artırmaq məqsədilə səriştə və motivasiya modellərinin tərtib olunmasını, dövlət qulluğunun məlumat bazasının təkmilləşdirilməsini nəzərdə tutur: "Qeyd etməliyəm ki, Strategiyanın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planında icraçı təşkilat kimi ən çox tapşırıq (40-a yaxın) Dövlət İmtahan Mərkəzinə düşür. Hazırkı Tvinninq layihəsi üç il bundan əvvəl öz hədəflərini müəyyən edərkən, ölkəmizin o vaxtkı durumu və ehtiyacları nəzərə alınıb və layihə çərçivəsində nəzərdə tutulmuş bütün məsələlər uğurla həll edilib. Bu günün tələbi ondan ibarətdir ki, biz Azərbaycanda dövlət qulluğunu keyfiyyət baxımından daha yüksək səviyyəyə qaldırmalıyıq".
Şura sədrinin fikrincə, buna nail olmaq üçün yeni bir Tvinninq layihəsinin – müasir kommunikasiya və qiymətləndirmə vasitələrinin inkişafı üçün texniki yardımın göstərilməsini nəzərdə tutan layihənin həyata keçirilməsi məqsədəmüvafiq olardı: "Ümidvaram ki, Avropa İttifaqı ölkəmizdə dövlət qulluğu sahəsində qəbul edilmiş Strategiyanın məqsədlərinə nail olmaq üçün yaxın zamanlarda belə bir layihənin Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilməsini mümkün hesab edəcək və bu, hazırkı layihənin məntiqi davamı olaraq daha əhəmiyyətli nəticələrin əldə olunmasına gətirib çıxaracaq".