Əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasına dair müzakirələr aparılıb Hadisə

Əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasına dair müzakirələr aparılıb

Fevralın 11-də Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasına həsr edilən "İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu" mövzusunda konfrans keçirilib. Tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov konfransın mövzusunun əhəmiyyətini vurğulayıb. Bildirib ki, innovasiyalı inkişafa yol açan Azərbaycan "Doing Business-2019" qlobal reytinqinə əsasən, 190 ölkə arasında 25-ci yeri tutur. O, 2018-ci ildə ölkəmizdə aparılan struktur və iqtisadi islahatlar çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində əqli mülkiyyət sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklərin baş verdiyini deyib.
K.İmanov bildirib ki, innovativ inkişaf yolunun tərkib hissəsi kimi əqli mülkiyyət sahəsinin inkişafına yönəlmiş institusional islahatlar çərçivəsində ölkə Prezidentinin "İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncamı ilə Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb. Nəticədə əqli mülkiyyət sahəsinin bütövlükdə inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən, işçiləri dövlət qulluqçularına və əməyin ödənilməsində mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan ixtisaslaşmış yığcam vahid dövlət qurumu yaradılıb.

Qeyd edilib ki, agentliyin qarşısında duran əsas vəzifələr müəllif və oxşar hüquqların qorunması və təmini, rəqəmli hüquqların idarə edilməsi və kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə olunması və bu idarəçiliyin zamanın müasir tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin olunmasıdır.
K.Əliyev vurğulayıb ki, 2018-ci il Davos İqtisadi Forumunun Rəqabətqabiliyyətliliyi İndeksinə əsasən, "Təsisatlar" altindeksində "Əqli mülkiyyət hüquqlarının qorunması" göstəricisi üzrə Azərbaycan 36-cı yerdə qərarlaşıb və MDB məkanında liderdir. Davos İqtisadi Forumunun Rəqabətqabiliyyətlilik reytinqində "Patent ərizələri" və "Əmtəə nişanlarına ərizələr" göstəricilərinə görə Azərbaycan müvafiq olaraq, 87-ci və 101-ci yeri tutub. Ölkə Prezidentinin müvafiq fərmanlarına əsasən yeni yaradılmış Əqli Mülkiyyət Agentliyində hazırda bu istiqamətdə, həm də elmi nəşrlərin H-indeksi istiqamətində işlər görülür.
Bildirilib ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarrinin 2018-ci il iyunun 4-6-da Azərbaycana rəsmi səfəri çərçivəsində "Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi" mövzusunda beynəlxalq konfrans və "Qeyri–maddi aktivlər və qlobal dəyərlər zənciri: İqtisadiyyat innovasiyaların faydalarından necə yararlanır?" mövzusunda regional seminar keçirilib, universitet və elmi-tədqiqat institutlarında yaradılmış startapların nailiyyətlərini nümayiş etdirən sərgi təşkil edilib. Həmin sərgidə 21 startap-layihə nümayiş etdirilib, onların 16-sı yerli universiteti, 2-si özəl şirkəti, 3-ü AMEA-nın Yüksək Texnologiyalar Parkını (YT Park) təmsil edib.
Diqqətə çatdırılıb ki, struktur islahatları çərçivəsində Agentliyin İdarə Heyətinin sədrinin 2018-ci il 12 noyabr tarixli əmri ilə Əqli Mülkiyyət Agentliyində Apellyasiya Şurası yaradılıb və tərkibi təsdiq edilib. Görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61 faizdən 25 faizə, audio-video məhsul bazarında 90 faizdən 60 faizə, proqram təminatında 96 faizdən 74 faizə düşüb.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov və YT Parkın Patent, sertifikatlaşdırma, marketinq və biznes inkubasiya şöbəsinin müdiri Vüsal Süleymanlı da iştirak ediblər.