Uşaqların cinsi tərbiyəsi Hadisə

Uşaqların cinsi tərbiyəsi


Bu barədə mütəxəssislərin fikirləri maraq doğurur

Mütəxəssislər bildirir ki, hazırda cəmiyyətin üzləşdiyi kriminalın, boşanmaların, eləcə də zorakılıq faktlarının kökündə insanların seksual tərbiyəsinin olmaması durur. Psixoloqlar hesab edir ki, ilk cinsi tərbiyə ailədən başlayır. Valideynlər bu mövzu ilə bağlı övladlarına doğru şəkildə ilkin bilgiləri verməlidir. Bundan əlavə məktəblərdə bu barədə təhsil verilməlidir. Hər yaş dövrü üçün cinsi məlumatlandırma xidmətləri olmalıdır. Çünki bu günün və dünənin valideynləri də məhz cinsəlliklə bağlı tabularla böyümüşlər. Bu xidmətlər övladlarını doğru cinsi tərbiyə vermək üçün valideynlər, evlilik öncəsi gənclər və əlbəttə ki, istənilən yaş qrupunda cinsi problemləri yaşayan şəxslər üçün nəzərdə tutulmalıdır. Seksologiyaya ayrıca bir elm sahəsi olaraq ABŞ və bir çox Avropa ölkələrində olduğu kimi yer verilməlidir. Mümkün çərçivədə xaricdən bu sahə üzrə mütəxxəssislər dəvət edilərək maarifləndirici tədbirlər görülməlidir.
Bu sahədəki mövcud duruma əsasən bir çox uyğun tədbirlər görmək olar. Problem ondadır ki, bu gün cəmiyyətdəki inaclar elə bir duruma gəlib ki, onları yıxmaq çətinləşib. Məlumat üçün bildirək ki, ABŞ-da seksual tərbiyə haqda fənn hələ 40-cı illərdə yaranmağa başlayıb.
Bəs seksual tərbiyə nədir? Azərbaycanlı məktəblilərə bu lazımdırmı? Psixoloq Elmir Əkbər bildirir ki, bu cür dərslərin keçilməsi vacib və lazımdır. Onun sözlərinə görə, cinsi və ya seksual tərbiyə dərsi intim həyatın necəliyindən ibarət deyil. Hamı cinsi tərbiyə dedikdə uşaqlara nə isə tərbiyəsiz bir mövzu keçiləcəyini düşünür: "Orada pornoqrafiya, erotikadan söz getmir. Bu geniş bir anlayışdır, orada bir qızın özünü qadın, oğlanın isə kişi haqqında olan dərsləri deməkdir. Çünki Azərbaycanda indiki zamanda bir çox ailələrdə vəziyyət çox pisdir. Nə qadın, nə də kişi ailədə funksiyalarını düzgün yerinə yetirmir".
Psixoloq hesab edir ki, bu dərsdə biologiya, fiziologiya deyil, kifayət qədər sosioloji və psixoloji məqamlar var. Məsələn, oğlanlara kişi kimdir, necə olmalıdır, onun ailədə rolu, həmçinin qızlara necə qadın, ana olmaq lazımdır, onun ailədə rolu tədris olunmalıdır. Bir sözlə, seksual tərbiyə bu deməkdir.
Elmir Əkbər hazırda məktəblilərin xarakterində problemlərinin olmasını onların həddi-buluğ dövrünü optimal şəkildə keçirməmələri ilə bağlayır: "Məsələn, yetkinlik yaşına çatanda həm qız, həm də oğlanların orqanizmində dəyişiklik yaranır. Böyük əksəriyyət məlumatsız olduğundan, utandığından heç nə soruşmur və baş verənləri qorxu ilə qarşılayırlar. Hətta intihara cəhd edən uşaqlar da olur. Bütün bunlar uşaqlara düzgün cinsi tərbiyənin verilməməsindən irəli gəlir". Burada əsas narahatlıq doğuran səbəb bu dərsi tədris edəcək mütəxəssislərlə bağlıdır. Məktəbliləri bu fənni kim öyrədəcək? Onlar necə insanlar olacaqlar? Ümumiyyətlə, onların önormal seksual tərbiyələri varmı? Bu, çox həssas və təhlükəli məsələdir və proqramı işləyib hazırlamaq çox böyük həssasiyyət tələb edir. Baxmayaraq ki, bu dərs uşaqlara vacibdir, ancaq bu işi üzərinə götürən şəxslərin onun öhdəsindən nə dərəcədə gələcəkləri tərəddüd yaradır. Həqiqətən, azərbaycanlı məktəbliyə bu lazımdır, yoxsa yox: "Çünki bizlər konkret insanlarıq. Heç vaxt gələcəyi düşünmürük. Ona görə də biz bu məsələlərə barmaqarası baxırıq. Bu dərslər vacibdir, əgər onu düzgün qursaq, nəvələrimiz düzgün böyüyəcək. Qızlarımız çölə atılmayacaq, evdə döyülməyəcək, söyülməyəcəklər".
Digər bir problem isə Azərbaycan oğlanlarında kişi anlayışının olmaması ilə bağlıdır. Bunun isə ən başlıca səbəbkarları - qadınlardır, daha dəqiq analardır. Çünki onlar övladlarını düzgün böyütmürlər. Anaları oğullarını həddən ziyadə infantil (uşaqlıq dövrünün xüsusiyyətlərini saxlayan) böyüdürlər. Onlar unudurlar ki, oğlan özünü kişi, qız da özünü xanım kimi hiss etməlidir.
Elmir Əkbər təklif edir ki, məsələyə Azərbaycan aspektindən yanaşsaq, bu dərsi uşaqlara müsbət münasibətləri olan şəxslər, məsələn, şairlər tədris edə bilərlər. Bu təəccüblü görünə bilər, amma onlara nə androloq, nə də ginekoloq lazımdır. Hətta 1-2 cümlə ilə həssas məqamlara toxunmaq olar. Burada əsas yük mənəvi-psixoloji, sosial məsələlərə düşür. Dərslər elə qurulmalıdır ki, uşaqlara maraqlı olsun. Məsələn, necə uğurlu şəxs olmaq olar? Böyüyəndə yaxşı vəzifə necə tutmaq olar? Necə arzuolunan olmaq olar? Sənə necə hörmət etsinlər? və s. Burada əsas məqam dərsinin adının sırf "seksual tərbiyə" olmamasıdır, uşaqlara mahiyyətin çatdırılması kifayətdir.
Qızlarla oğlanların inkişaf dövləri fərqli olduğundan bu dərslər qızlara 10-12 yaşlarında, oğlanlara isə bir az gec tədris olunması daha məsləhətlidir. Qızlar daha tez böyüdüyündən bu onlar üçün çox həssasdır, amma onlardan geri qalan oğlanlara bu hələ çatmayacaq. Onlara fərdi yanaşmaq lazımdır. Bundan başqa, valideynlər də bu işdə aktiv olmalıdırlar. Ən azından hər valideyn iclasında onlarla bu haqda söhbətlər aparmaq, tövsiyələr vermək olar.
Həkim genetik Eldəniz Bayram bu cür dərslərin vacibliyini qeyd etsə də, bildirdi ki, qızlar və oğlanlar bu dərsi ayrı-ayrı keçməlidirlər. Həkim düşünür ki, 9-cu sinifdə uşaqlarda hormonlar daha aktiv olduğundan 10-11-ci sinif onlar üçün daha münasibdir.
Artıq dünya ekspertləri də hesab edirlər ki, qızlarla oğlanların ayrı şəkildə təhsil almaları daha effektivdir. Hətta dünyanın Kondaliza Rays, Marqaret Tetçer, Madleyn Olbrayt kimi məşhur və nüfuzlu qadınları kişilərdən ayrı təhsil alıblar. Ekpertlər qeyd edirlər ki, bu şəkildə onlar öz potensiallarını daha yaxşı ifadə edə bilirlər.
İlahiyyatçı İsmayıl Əhmədov isə hazırda bu dərsin keçilməsini qeyri-mümkün hesab edir. Onun sözlərinə görə, bu, həkim olmayan yerdə xəstəxana tikmək deməkdir: "Hesab edirəm ki, bizim millətin buna hazırlığı yoxdur. Bu ailələrdən başlamalıdır. Bizim ailələrdə isə kişi və qadın öz yerini bilmir. Ona görə bu mövzudan heç danışmağa dəyməz". İlahiyyatçının fikrincə, ancaq fiziki oyanışdan sonra onlarla bu haqda danışmaq lazımdır. Lakin hazırda şərait buna imkan vermir. Sağlam düşüncə nöqteyi-nəzərdən bunu lazımsız hesab edirəm. İsmayıl Əhmədov hesab edir ki, burada ən əsas problemlərdən biri də bu dərsi tədris edəcək müəllimlərdir. Hazırda kənd yerlərindəki müəllim çatışmazlığı nəzərə alınmalıdır.
Qeyd edək ki, hələ iki il öncə Milli Məclis "Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında" qanuna bu məsələlər haqda ediləcək əlavələri müzakirəyə çıxarmışdı. Həzərdə tutulurdu ki, bu mövzuda dərsliklər məktəblərin yuxarı sinif şagirdləri üçün işlənməlidir və ancaq cinsi tərbiyəni deyil, ailə planlaşdırılmasını da özündə əks etdirməlidir. Millət vəkili Elmira Axundova bildirir ki, "insanları yeniyetmə yaşından gələcəkdə ailə qurmaq vəziyyətinə hazırlamaq lazımdır. Azərbaycanda bir çox gənclər ailə qurarkən ailə həyatına tam hazırlıqsız olurlar. Bu da xüsusən özünü rayon, kənd yerlərində büruzə verir".
Millət vəkili qeyd edir ki, məktəbdə cinsi tərbiyə çox həssaslıqla aparılmalıdır: "Xarici ölkələrdə uşaq bağçasından bu tərbiyə başlanılır. Çünki hər yaş kateqoriyasının öz seksual problemləri var. Məktəblərdə xüsusi psixoloqlar mürəkkəb cinsi məsələlərin maarifləndirilməsini aparmalıdırlar, çünki bu həm tibbi, həm mənəvi-psixoloji, həm də fiziki problemdir". Qeyd edək ki, sözügedən əlavə indiyə kimi qəbul edilməyib.
Psixoanalitik İbrahim İbrahimlinin sözlərinə görə, indiki cavanlarda cinsi həyat daha şikəstdir: "Televiziyalar, internet, mobil telefonlar uşaqların cinsi tərbiyəsini daha tez pozur. Beləliklə də gələcəyin potensial "seksual manyakları" formalaşır". İbrahim bəy hadisləri psixoanalitik baxımdan belə təhlil edərək, onlara ciddi yanaşmağı tövsiyyə etdi: "Yaxın qohumlar arasında olan cinsi əlaqəyə psixoanalizdə insest deyilir. "Totem və tabu" əsərində Freyd insest məsələsinə toxunub. Bu əsərdə o, Avstraliyada yaşayan vəhşi tayfaların cinsi həyatının psixoanalizini verib. Hər qəbilənin öz müqəddəs heyvanı olub və bu onların totemi sayılıb. Məsələn, qara bəbir totemli tayfa heç vaxt ceyran totemli tayfanın insanı ilə cinsi əlaqəyə girməzdi, girsə belə bunun cəzası ölüm idi. Avstraliyada elə tayfalar var ki, orda oğlan cinsi yetkinlik yaşına çatanda avtomatik olaraq evi tərk edir və öz dostu ilə, yaxud tək başına başqa yerdə yaşayır. Onu öldürsələr də bacısı ilə bir evdə yaşamaz. Yaxud elə insanlar var ki, öz qayınanasını görəndə qaçıb hardasa gəzdən itir. Bəs maarqlıdır, görəsən bu tabular (qadağalar) hardan yaranır? Niyə insanlar arasında belə münasibətlər var? Bu qadağalar boş yerə deyil. Freyd ilk psixoloq idi ki, valideynlərlə övlad arasında olan cinsi əlaqədən bəhs edirdi. Onun sözlərinə görə, oğlanın anasına, qızın isə atasına cinsi istəyi olur, lakin bu hissin öhdəsidnən gələrək, boğurlar. Günümüzdə baş verən hadisələr də bunu təsdiq edir ki, cinsi istək danılmaz faktdır. Bəzən qardaşla bacı bir otaqda yatır, yaxud qız uşağı atasının yanında açıq-saçıq geyinib, otaqda gəzir. Bu zaman avtomatik olaraq əks cinsin şüuraltında reaksiyalar gedir. Nə qədər gizlətsək də əslində bu cür cinayətlərin sayının artması bizim belə nüanslara inanmamağımızdan irəli gəlir. Biz heç vaxt düşünmürük ki, qardaş bacıya, yaxud ata qızına cinsi həvəs duya bilər. Buna görə də bu tip hadisələr yaşanır. Çünki biz seksin varlığını gizlədirik. Bir filosofun belə sözü var: "Nəyi saymasan o mütləq bir gün qisasını alacaq. Biz cinsi həyatı saymırıq, ona görə də o bizdən qisasını alır". Bu gün cinsi həyat şikəst vəziyyətdədir. Boşanmaların sayının artmasının ən başlıca səbəblərindən biri də budur. Bəzən bir evdə 4 qardaş və 4 gəlin bir yerdə yaşayır və onlar nə dərəcədə risk etdiklərini bilmirlər. Bəzən uşağın dayısıdır, əmisidir deyib bir otaqda qalmasına razı olurlar. Lakin bu zaman insanın bioloji varlıq olmasını unudur və şüuraltındakı "canavar"dan xəbərsiz hərəkət etmiş olurlar. Valideynlər və uşaqlar arasında cinsi istək olmasa idi biz bu cür yuxular da görməzdik. Yuxularda təsdiq edir ki, bu istək cinsi istəkdir və bundan ehtiyatlı olmalıyıq. Ümumiyyətlə cinsi yetişkənlik yaşına çatmış insanları bir otaqda saxlamaq, bir çarpayıda yatırtmaq, evdə tək qoymaq olmaz. Bütün bunlar bu cür cinayət, ailə dramları ilə yekunlaşa bilir. Bu hadisə cəmiyyətdə də birmənallı qarşılanmır".

Ülviyyə Tahirqızı