Futzal mütəxəssisi: Çempionlar Liqasında “Araz-Naxçıvan”dan yalnız uğurlu nəticə gözləyirik Mədəniyyət

Futzal mütəxəssisi: Çempionlar Liqasında “Araz-Naxçıvan”dan yalnız uğurlu nəticə gözləyirik

“Araz-Naxçıvan” üçün Çempionlar Liqasının əsas mərhələsinin oyunları çətin olacaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında futzal üzrə Azərbaycan millisinin seleksiya üzrə məşqçisi Ağatahir Əzimov “Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində Rumıniyanın “Yunayted Qalati” kollektivi ilə keçirəcəyi oyunla bağlı danışarkən deyib:

Mütəxəssis Rumıniya klubunun ciddi və təhlükəli komanda olduğunu bildirib: “Araz-Naxçıvan”ın əvvəlki illərdəki heyətinə baxdıqda, indikinin zəif olduğunu görərik. Artıq onlar liqada da “Neftçi” və “Baku Fire” ilə çətin mübarizə aparırlar. Əvvəlki legionerlər daha üst səviyyədə idi. Görüşün çətin olacağını düşünürəm”.

O, Azərbaycan çempionunun Lüksemburqun “Differdanj” və Niderlandın “Tayqers Rormund” klubları ilə keçirəcəyi matçlara da toxunub: “Məndə olan məlumata görə, “Differdanj”ın heyətində 5-6 braziliyalı oyunçu var. Onlar da yavaş-yavaş yüksəlməyə çalışırlar. Niderland futzalı isə son illərdə eniş yaşayır. Fikrimcə, onlarla oynamaq olar. Biz komandamızdan yalnız uğurlu nəticə gözləyirik”.

Qeyd edək ki, Qalati şəhərində yerləşən Dunarea İdman Sarayında keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.