Marsla bağlı şok iddia: Nəhəng asteroid... Hadisə

Marsla bağlı şok iddia: Nəhəng asteroid...

Marsın şimal yarımkürəsində yerləşən Lomonosov krateri Qırmızı planetin səthinə nəhəng göy cisminin düşməsi nəticəsində yaranıb. Bu hipotezi irəli sürən alimlər bildirirlər ki, Marsın şimal yarımkürəsindəki okeanda bu hadisədən sonra - 3 milyard il əvvəl ən güclü sunami baş verib.
Azərtac xəbər verir ki, bu fərziyyəni irəli sürən alimlərdən ibarət beynəlxalq qrup 1973-cü ildə dahi rus alimi Mixail Lomonosovun adı verilmiş 120 kilometrlik krateri tədqiq edib. Qeyd olunub ki, onun ölçüləri Marsa düşən göy cisminin nəhəng olduğunu və 66 milyon il əvvəl Yerə çırpılaraq dinozavrların kütləvi məhvinə səbəb olan 10 kilometrlik asteroidə bərabər tutulduğunu göstərir.
Alimlərin “Geophysical Research: Planets” jurnalının son nömrəsində dərc edilən tədqiqatının nəticələrinə görə, nəhəng göy cismi 3,4 milyard il əvvəl Marsın şimal yarımkürəsində yerləşən okeana düşüb. Qırmızı planetin səthindəki kraterləri bu yaxınlarda Yerin səthində sunamidən sonra baş vermiş fəlakətlərin izləri ilə də müqayisə edirlər. Alimlərin qənaətinə görə, Marsın qədim okeanında meqa-sunami iki dəfə baş verib və onlardan biri də nəhəng göy cisminin düşməsi nəticəsində Lomonosov kraterinin əmələ gəlməsinə səbəb olub. Kraterin ölçüləri Marsın o qədər də dərin olmayan duzlu okeanının sahəsinə uyğun gəlir. Bundan başqa, kraterin ətrafında uçmuş sahələr var ki, bu da çox güclü dalğaların olmasından xəbər verir.
Daha bir meqa-sunami ilə bağlı fərziyyələr ondan ibarətdir ki, o, Marsın şimal yarımkürəsinin səthinin buzla örtüldüyü dövrdə baş verib.