Dövlət rüsumu artırılır: ekspert çağırış etdi Hadisə

Dövlət rüsumu artırılır: ekspert çağırış etdi

Nəqliyyat vasitələrinin texniki baxışına görə dövlət rüsumunun artırılması ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, qanunun 18.65.1-ci maddəsində (Nəqliyyat vasitələrinin illik texniki baxışdan qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə) nəzərdə tutulan dövlət rüsumu artırılır.
Nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun 20 manatdan 30 manata qaldırılması təklif olunur.
Mövzunu Axar.az-a şərh edən hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, məsələyə belə yanaşılması düzgün deyil.
Çünki 2018-ci ilin sonunda qəbul edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda texniki baxışla bağlı ciddi islahatları ehtiva edən 4 istiqamətdə tədbirlər nəzərdə tutulur:
“Qanunda ilk olaraq, texniki baxış keçirilməsinin xüsusi mülkiyyətdə olan hüquqi şəxslərə və fərdi sahibkarlara həvalə edilməsi;
İkinci, texniki baxışın hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən həyata keçirilməsi qaydasının hazırlanması və onların hüquqi məsuliyyətinin müəyyən edilməsi;
Üçüncü, texniki baxışı həyata keçirəcək mütəxəssislərin təlim və tədrisinin təşkili qaydalarının hazırlanması;
Dördüncü isə, bütövlükdə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulub. Qeyd olunan işlər 2021-ci ilin sonunadək bitməlidir.
Düşünürəm ki, Proqramda nəzərdə tutulan sadaladığım tədbirlər kompleks şəkildə icra edilməli, ölkəmizdə nəqliyyat parkının real texniki baxışını və bunun sayəsində nəqliyyatın texniki təhlükəsizliyini təmin edə biləcək sistem yaradılmlıdır”.
Ə.Hüseynov bildirib ki, rüsumların az və ya çox olması məsələsinə yalnız bundan sonra – texniki baxışın maliyyə təminatı məsələləri çərçivəsində baxıla bilər:
“Ona görə də Milli Məclis deputatlarından xahiş edirəm ki, deyilən rüsumların artırılması ilə bağlı layihəni müzakirə etməsinlər və texniki baxışla bağlı Dövlət Proqramında qeyd edilən bütün tədbirlərin hüquqi bazasını təkmilləşdirəcək qanun layihələri zərfinin hazırlanmasını və müzakirəyə təqdim edilməsini əlaqədar icra hakimiyyəti orqanlarına tövsiyə etsinlər”.
Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik ediləcəyi və avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun 20 manatdan 30 manata qaldırılacağı gözlənilir.