Bu gündən Azərbaycanda şəhərlərarası sərnişin daşınmasında gecə reyslərinə başlanılır Hadisə

Bu gündən Azərbaycanda şəhərlərarası sərnişin daşınmasında gecə reyslərinə başlanılır

Oktyabrın 1-dən Azərbaycanda şəhərlərarası sərnişin daşınmasında gecə reyslərinə başlanılır.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən AZƏRTAC-a bildirilib ki, sərnişindaşıma ilə bağlı 10 ildir tətbiq olunan məhdudiyyət aradan qaldırılıb. Bundan sonra rayonlara və əks istiqamətə gecə saatlarında da təhlükəsiz, rahat, həmçinin qanuni nəqliyyat vasitələri ilə getmək mümkün olacaq.
Gecə reysləri ilə bağlı hazırlıqlar artıq yekunlaşıb və oktyabrın 1-dən tam fəaliyyətə başlayacaq. Bu gündən etibarən hər gün (gündəlik) yol infrastrukturu bu reysləri həyata keçirmək üçün uyğun olan, eyni zamanda, sərnişin tələbatının çox olduğu Bakı-Gəncə-Bakı, Bakı-“Qırmızı Körpü”-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətlərində müəyyən olunmuş saatlarda həyata keçiriləcək. İlk reys bu gün saat 22:00-da Gəncə istiqamətində yola düşəcək.
Gecə reyslərinin uğurla həyata keçirildiyi təqdirdə və tələbatdan asılı olaraq avtobusların sayının artırılaraq digər istiqamətlərə də tətbiq olunması planlaşdırılır. Reyslər sərnişindaşıma üçün tələb olunan bütün standartlara cavab verən “Neoplan” markalı avtobuslarla həyata keçiriləcək.
Sərnişinlərin təhlükəsizlik daşınması məqsədilə gecə reyslərində fəaliyyət göstərəcək avtobusların sürət həddinə məhdudiyyət qoyulub. Maksimal sürət həddi saatda 90 kilometr müəyyən edilib. Bundan başqa bütün avtobusların içərisində (salonunda) kamera, GPS naviqasiya sistemi və video registratorlar quraşdırılıb və bu da dispetçer tərəfindən avtobusu canlı izləmə imkanı yaradacaq.
Gecə reyslərində çalışacaq sürücülərin hər biri yüksək peşəkarlıq qabiliyyəti olan, xüsusi təlim keçmiş sürücülərdir. Sürücülərə vahid geyim forması tətbiq olunacaq. Avtobuslarda “Wi-Fi” və yol boyu pulsuz çay, qəhvə servisi təqdim ediləcək.
Biletləri avtovağzalın kassalarından gündəlik və ya qabaqcadan satış kassalarından səfər tarixinə 10 gün qalmışdan 1 gün qabağa qədər əldə etmək mümkündür. Onlayn qaydada bilet sifariş etmək istəyən sərnişinlər səfər tarixinə 10 gün qalmışdan 1 gün qabağadək “avtovagzal.az” saytı və ya mobil tətbiq (həm “Android”, həm “iOS” istifadəçiləri) üzərindən ala bilərlər.